Ermənilərlə gürcü polislər arasında silahlı toqquşma

Gürcüstanın ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsində erməni separatçıları ilə gürcü polisi arasında silahlı insident baş verib.


İnterpress.az-ın məlumatına görə, Axalkələk-Tiflis avtomobil yolunun üstündə yerləşən kafelərdən birində, iki polis əməkdaşı yeyib-içən bir qrup erməninin hücumuna məruz qalıb.

Məlumatda bildirilir ki, hadisə sərxoş erməni qrupun gürcülərin ünvanına təhqiramiz ifadələr işlətməsindən sonra baş verib. Ermənilərdən biri Cavaxetiyanın tarixi erməni torpağı olduğunu söyləyərək, gürcüləri təhqir edib. Polis əməkdaşlarının xəbərdarlıq etməsinə baxmayaraq, ermənilər hündürdən gürcü dilində tostlar deməyə və Gürcüstanın əleyhinə danışmaqda davam ediblər. Mübahisə qızışdıqdan sonra isə ermənilər gürcü polislərinə hücum ediblər. Polis əməkdaşları tabel silahlarını çəkərək ermənilərə xəbərdarlıq ediblər, lakin bu da erməni separatçılarını sakitləşdirməyib.

Bundan sonra kafeni tərk edən polis əməkdaşları maşınlarına yaxınlaşan zaman onların üzərinə avtomat silahdan atəş açılıb. Polislərdən biri ağır yaralanıb.

Bundan sonra erməni separatçıları hadisə yerindən qaçıblar. İnsidentin baş verdiyi əraziyə Tiflisdən xüsusi əməliyyat qrupu göndərilib. Kafenin yerləşdiyi ərazidən 22 ədəd boş giliz tapılıb.

Xatırladaq ki, Cavaxetiya Gürcüstanın Stalin dövrünə qədər Axısqa türklərinin kompakt yaşadığı ərazisi olub. 1937-ci il repressiyaları zamanı Axalkələk, Əspincə, Mesxeti və regionun digər yaşayış məntəqələrindən on minlərlə Axısqa türkü Sibirə və Orta Asiyaya sürgün edildikdən sonra bu torpaqlara İran, Livan, Suriya və digər ölkələrdən kütləvi şəkildə erməni ailələri köçürülüb.

Hazırda Cavaxetiya Cənubi Qafqazın ən gərgin bölgəsi hesab olunur. Cavaxetiyadan olan yüzlərlə erməni separatçısının nəzarətsiz Dağlıq Qarabağ ərazisində yerləşən erməni terror təşkilatları "ASALA" və "QNÇAK"ın düşərgələrində terror təlimi keçdikləri haqda həm Azərbaycan, həm də Gürcüstan xüsusi-xidmət orqanlarının əlində tutarlı dəlillər mövcuddur.

Qarabağda təlim keçmiş erməni separatçılarının Cavaxetiya erməniləri arasında ideoloji iş apardıqları, erməniləri Gürcüstan hakimiyyətinə və dövlətinə qarşı üsyanlara sövq elədikləri barədə də xeyli tutarlı məlumatlar yayılıb.

AzNews.az