Yardımlarımız zəlzələ bölgəsində paylandı

Azərbaycan Respublikasından Şərqi Azərbaycan əyalətinin zəlzələdən zərər çəkmiş bölgəsinə göndərilən humanitar yardım artıq Əhər, Vərzəqan və Həris bölgəsində zəlzələdən zərər çəkmiş şəxslər arasında paylanıb. Bunu İranın Biləsuvar şəhər Qırmızı Aypara cəmiyyətinin rəhbəri Qurbanəli Fərəhmənd deyib.


AzNews.az-ın məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı "iribnews" məlumat verir. Fərəhmənd bildirib ki, 25 avtomobildən ibarət humanitar yardım İran Biləsuvarında İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinə təhvil verilib və oradan zəlzələ bölgəsinə göndərilib. Humanitar yardıma 3000 ədəd adyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, 40 ton un, 20 ton düyü, 9 ton çay, 10 ton qənd, 19 ton yağ, 10 ton makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsulları daxildir.


Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.


AzNews.az