Türkiyədəki hadisələrə hər gün yeni qalmaqallar damğasını vurur Türkiyədəki hadisələrə hər gün yeni qalmaqallar damğasını vurur

Sui-qəsd təriqətləri: “Nurçuluq“ və “İsmaililik“ - Araşdırma

Türkiyədəki hadisələrə hər gün yeni qalmaqallar damğasını vurur




Yaxın Şərqin ən nəhəng dövlətlərindən biri, regionumuzda gedən geosiyasi oyunların öncülü sayılan Türkiyədə baş verən daxili siyasi təlatümlər bütün dünya mediasının diqqət mərkəzindədir.


Ölkədəki hadisələrə hər gün yeni qalmaqallar damğasını vurur. AKP hökumətində dörd nazir övladı adının qarışdığı korrupsiya qalmaqalı, xüsusi xidmət orqanlarının müşaiyət etdiyi silah dolu ağır yük maşınlarının prokurorun verdiyi sanksiya ilə durdurularaq axtarılmasına cəhd ölkədə çox ciddi hakimiyyət böhranı yaradıb.

Kompromat müharibəsinin birinci dalğasından sonra soyuqqanlılığını qorumağa çalışan baş nazir Ərdoğan və nazirləri, növbəti dalğalardan sonra əməlli-başlı çaşqınlıq içərisinə düşdülər. Hadisələrin sonrakı inkişafı, Fəthullah Gülən camaatının rəsmən "kompromat müharibə"sinin arxasında duran tərəf olduğunu elan edilməsi, hədəf bəlli olduqdan sonra bu məqamlara aydınlıq gətirdi.

R.T.Ərdoğanın son çıxışlarından birində toxunduğu ciddi bir məsələni analiz edərək oxucularımızda qardaş ölkədə baş verən qaranlıq oyunlar haqqında aydın təsəvvür yaratmağa çalışacağıq.

R.T.Ərdoğanın çıxışında diqqət çəkdiyi, XI əsrdə mövcud olan və həmin dövrün bütün tarixi proseslərinə öz damğasını vuran gizli təriqətdən bəhs edəcəyik. Baş nazir çıxışı zamanı Fəthullah Gülənin rəhbəri olduğu, çox ciddi şəkildə siyasiləşən , Türkiyə başda olmaqla bir çox müsəlman ölkələrindəki dövlət strukturlarında dərin kök salan "Nurçular" təriqitəni bu güzli təriqətlə müqayisə etmişdi. Söhbət əsası 1090-cı ildə "İsmaili" təriqətinin üzvü Həsən əs-Sabah tərəfindən qoyulmuş "Haşhaşilər" təriqətindən gedir.

"Haşhaşilər" - Assasinlər


Yarandığı vaxtdan adı bir çox qanlı aksiya, üsyan və o dovrün dövlət adamları, müxtəlif saray əyanları və din alimlərinə qarşı həyata keçirilən sui-qəsdlərdə hallanan "Haşhaşilər" təriqəti haqqında qısa arayış:
"Haşhaşilər" - Qərbdə assasinlər kimi tanınan yarımmifik gizli təşkilatdır. Əsərləri bütün dünyada bestsellerə çevrilən məşhur dedektiv yazıçısı Dan Braun iddia edir ki, hələ də dünyada gedən qaranlıq oyunların mərkəzində bu təriqət durur. Təriqətin arxasında isə hansı qüvvələrin dayandığı və konkret olaraq hansı məqsədlə yaradıldığı da mübahisəlidir.

Türk araşdırmaçıların qənaətinə görə, "İsmaili" təriqətinin mənsubu Həsən əs-Sabah və fədailərinin əsas hədəfi Səlcuq dövlətini dağıtmaq olub. Sübut kimi isə dövrün nüfuzlu şəxsiyyətlərindən olan, bir neçə Səlcuq sultanına vəzirlik edən, "Siyasətnamə" əsərinin müəllifi Xacə Nizamülkün öldürülməsi və Səlcuq sultanına qarşı sui-qəsd cəhdi göstərilir.

İsmaililər təriqəti


765-ci ildə, 6-cı şiə imamı Cəfər Sadiqin ölümündən sonra imamlığın kimə keçdiyi haqda ixtilaflar yaranmağa başlayır. Şiələrin bir qrupu imam Cəfərin vəfatından sonra imamətin onun kiçik oğlu Musa Kazıma yox, böyük oğlu İsmailə keçdiyini elan edərək 7-ci imam kimi İsmaili qəbul etdilər və Şiə məzhəbi bir daha parçalandı. Bu hadisədən sonra İsmaililər şiələrin digər qolları tərəfindən təkfir olunaraq məzhəbdən çıxmış elan edildilər və onlar hər yerdə təqib olunmağa başladılar. Dini-siyasi dünyagörüşlərinə görə həm şiələri, həm də sünniləri qəbul etməyən İsmaililər nəticədə bütün İslam alimləri tərəfindən "şəriətdən kənar" elan olunaraq, tutulduqları yerdə cəzalandırılmalarına fitva verildi.

Məhz bu dövrdən sonra İsmaililər tam olaraq gizli fəaliyyətə keçdilər. Təriqət şeyxləri gizli təbliğata, üzvləri isə əsl simalarını gizlədərək yaşamağa başladılar. Həmin dövrdən ismaililərə şeyxləri tərəfindən başqa cür görsənməyə icazə verildi. Bununla da İslamın bətnində çox gizli, həm də geridə qalan bütün müsəlman məzhəblərinə qarşı düşmən mövqedə dayanan gizli şəbəkə yetişməyə başladı.

Ələmut qalasının alınması


Təriqətin yüksəlişi Cənubi Azərbaycanda, Qəzvin yaxınlığında yerləşən Ələmut qalasının Həsən əs-Sabah və 300-ə yaxın fədaisi tərəfindən alınması ilə başalyır. Bir çox sərkərdələrin ordularla ala bilmədiyi bu qalanı İsmaililərin necə alması hələ də hərb tarixində sirr kimi qalmaqdadır.

Həsən əs-Sabahın fədailəri təbliğat yolu ilə qalanın hakimi Ələvi Mehdinin adamlarını öz tərəflərinə çəkib, qalaya hakim olurlar. Tarixi mənbələrdə yer alan məlumatlara görə, o zaman qalada gizlədilən 3 min dinar qızıl pul da Həsən əs-Sabahın əlinə keçir. Bu məbləğ isə həmin dövrdə bir dövlətin xəzinəsinə bərabər idi.

Məşhur "Haşhaşi" liderləri:

1) Həsən əs-Sabah

2) Buzurq Ümid

3) Məhəmməd

4) Həsən ibn Məhəmməd

5) II Məhəmməd

6) Cəlaləddin Həsən

7) Ələddin

8) Rüknəddin

9) Əl-Hakim əl-Münəccim

10) Əbu Tahir əl-Saiğ

11) Bəhram

12) İsmail

13) Rəşidəddin Sinan əl-İsmaili şeyxül-Cəbəl

14) Nasir

15) Mecdiddin

16) Tacəddin

17) Nəcməddin

18) Samirəddin Mübarək

19) Şəmsəddin

Bunlar "Haşhaşi"lərin tanınan liderləridir. Müasir dövrümüzdə bu gizli təriqətin mərkəzi və liderləri , yerləşdiyi ölkə haqqında heç bir məlumat yoxdur. İsmaililərin müxtəlif müsəlman təriqətlərinin daxilində fəaliyyət göstərdikləri güman edilir. Digər fərziyyəyə görə isə müsəlman təriqətlərinə qarşı radikal mövqedə dayanan "Tamplierlər" və gizli yəhudi barədə dəlillər mövcuddur. Buna da sübut olaraq müsəlman ölkələrinin hökmdarlarına qarşı həyata keçirdikləri sui-qəsdlər göstərilir.

"Haşhaşi"lərin həyata keçirdiyi sui-qəsdlər:


1) Səlcuq sultanının vəziri Nizaməlmülk (1092)

2) İsfahan müftisi, Kəramiyyə təriqəti lideri (mənbələrdə adı açıqlanmır) (1101)

3) İsfahan qazisi Ubeydullah əl-Xətib (1108)

4) Əhməd bin Nizamülmülkə sui-qəsd cəhdi

5) Kürd əmiri Əhmədi

6) Səlcuq sultanın vəziri Muinəddin Kaşi (16 mart 1127)

7) Abbasi xəlifəsi Müstərşid (1134)

8) İsfahan, Marağa və Təbrizin valiləri, Qəzvin müftisi

9) Abbasi xəlifəsi Harun ər-Rəşid (1138)

10) Səlcuq sultanı Davud

11) Kahustan, Tiflis və Həmədan qazilərı

12) Humus hökmdarı Cənhüddovlə (1103)

13) Səlcuq sultanının Mosul əmiri Məvud (1113)

14) Şam hökmdarı Böri (1131)

15) Qüdsü səlibçilərdən təmizləyən sərkərdə Səlahəddin Əyyubiyə iki sui-qəsd cəhdi (1174 və 1176)

16) Qüdsə Vatikanın təyin etdiyi hökmdar Montferatti Konrad (1192)

Bu siyahı çox uzundur, sadəcə, biz oxucuları yormaq istəmirik. Siyahını oxuduqdan sonra orta əsrlərin sui-qəsd təriqətinin nələr törətdiyi yəqin ki,sizi də dəhşətə saldı. Qayıdaq Türkiyənin Baş nazirinin nitqinə. Bu çıxışı edərkən Ərdoğanın nə qədər qayğılı və narahat olduğu gözlərindən oxunurdu. Çıxışının yayımlandığı informasiya buraxılışındakı növbəti xəbər isə Baş nazirliyin mühafizə xidmətinin yeni iş prinsipləri haqqında idi.

Bildirilirdi ki, Türkiyə rəhbərlərinin təhlükəsizliyinin təminatında əvvəllər heç zaman istifadə olunmayan "zirehli çətirlər", təyyarə trapının gülləkeçirməyən üstlükləri tətbiq olunacaq. Bunların isə təsadüfi olmadığı gün kimi aydındır. Bəlkə də Ərdoğan toqquşduğu qüvvənin gücünü cəmiyyətə bu yolla çatdırmaq istəyir, bəlkə də "başıma bir iş gəlsə, bilin ki, bunların işidir" ismarıcı verir, doğrusunu isə tale yolunu müəyyən edən Allah bilir...


Qafqaz Ömərov
İnterpress.az