İran dünya ictimaiyyətinə çağırış etdi

Dünya ölkələri Suriyada hərbi əməliyyatları dayandırmağa çalışmalı və əmin olmalıdırlar ki, terrorçu qruplaşmalar bu dövlətin ərazisini tərk ediblər. Trend-in Press TV-yə istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani Davosda Dünya İqtisadi Forumda çıxışı zamanı deyib.

Prezident müxtəlif region və qitələrdən Suriyaya gəlmiş müxtəlif terrorçu qruplaşmaların mövcudluğundan təəssüfləndiyini ifadə edib.

Suiyadakı vəziyyətlə bağlı sualı cavablandıran H.Ruhani qeyd edib ki, böhrandan yeganə çıxış yolu bu ölkədə azad seçkilərin keçirilməsidir.
Dövlət başçısının sözlərinə görə, İran Suriyaya humanitar yardım, o cümlədən ərzaq və tibbi ləvazimat göndərməyə davam edir: "Buna baxmayaraq, ölkədə böyük fəlakət yaşanır".

Qeyd edək ki, 2011-ci ilin mart ayından başlayan münaqişə ərzində 140 mindən artıq insan ölüb, 4,2 milyondan çox insan isə öz ölkəsində qaçqın həyatı yaşayır. Bundan başqa, 2 milyon insan qonşu ölkələrə qaçıb. Qaçqınların qəbulu üzrə əsas yük İordaniya, İraq, Livan və Türkiyənin üzərinə düşüb. Münaqişə başlamazdan əvvəl Suriya əhalisinin ümumi sayı 20 milyon nəfər olub.

İran Suriya hökumətinin yaxın müttəfiqidir və Prezident Bəşşar Əsəd rejiminə dəstəyini nümayiş etdirir.

AzNews.az