“Gürcüstana ən çox investisiya yatıran Azərbaycandır“- Müsahibə

Əli Babayev: "Amma heç bir halda iki dövlət arasında dostluq münasibətlərini poza bilməyəcəklər"


Gürcüstanda hakimiyyət dəyişikliyindən artıq müəyyən müddət keçib. Qeyd edək ki, Gürcüstanın yeni prezidenti Marqvelaşvili seçki kampaniyası zamanı azərbaycanlıların problemlərini həll edəcəyini vurğulamışdı. İndiyə qədər bu istiqamətdə hansısa addımlar atılıbmı? Azərbaycanlıların təhsil, mədəniyyət və digər sahələrdə olan problmləri ilə bağlı hansı işlər görülüb? Bu və digər məsələlərlə bağlı suallarımızı Gürcüstanın yeni hökumətində təmsil olunan, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Əli Babayev cavablandırıb.

- Hələ təzə hakimiyyət tam gücü ilə fəaliyyət göstərmir. Çünki Saakaşvili hakimiyyətinin tör-töküntüləri hələ də qalır. Tiflis meriyası, müxtəlif icra hakimiyyətləri köhnə hakimiyyətin nümayəndələrindən təşkil olunub. Bələdiyyələr də köhnələrdir, hansı ki yerlərdə inkişafa maneələr yaradırlar. Elə rayonlar var ki, orada çox pis hərəkətlərə yol verirlər. Prokurorluq orqanları da əvvəlki sistemdir, məhkəmələrin də əksəriyyəti dəyişilməyib. Bu sistemlərdə maksimum islahatlar aparılmalıdır.

- İrəliyə doğru hansı addımlar atılıb?


- Bilirsiniz ki, Gürcüstan Parlamenti 180-dən artıq siyasi dustağın olması barədə qərar qəbul edib. Bu insanları həbsə atan prokuror və məhkəmə orqanlarının hamısı hələ də iş başındadırlar. Əlbəttə ki, bütün bunlarla yanaşı Gürcüstan sürətlə inkişaf edir. Bura böyük həcmdə investisiya yatırılır. Gürcüstana ən çox investisiya yatıran Azərbaycan Respublikasıdır. Gürcüstanın gələcək inkişafı ilə bağlı 6-dək fond yaradılıb. Bu fondlarda da azərbaycanlılar təmsil olunurlar ki, bu bizim üçün müsbət haldır. Gürcüstanda ən çox vergi verən şirkət SOKAR-dır. Bu şirkət bu gün çox böyük layihələr, həmçinin sosial proqramlar həyata keçirir.

Tələbələrin oxuması, kəndlərə yol və su çəkilməsi, məktəblərin təmiri, əlillərə yardım və digər sosial yardımlar həyata keçirir. Bundan başqa qəzet və jurnallar, eyni zamanda QHT-lərin fəaliyyəti ilə bağlı əlindən gələn köməyi əsirgəmir. Buna görə də SOKAR-ın rəhbərliyinə, Rövnəq Abdullayev və Mahir Məmmədova öz minnətdarlığımızı bildiririk.

- Hazırda sizi daha çox hansı problemlər narahat edir?


- Bu gün Gürcüstanda problemlər var və onu ictimaiyyətdən gizlətmək lazım deyil. Bu məsələlər müzakirə olunmalıdır ki, gələcəkdə onların həlli yollarını axtaraq. Bilirsiniz ki, Gürcüstanda kəndlərlə bağlı müxtəlif layihələr hazırlanaraq həyata keçirilib. Bu il üçün infrastruktur naziri tərəfindən hesabat açıqlanıb. O, ötən il hansı işlərin görüldüyünü və bu il hansı layihələrin həyata keçiriləcəyini açıqlayıb. Onun açıqladığı məsələlərə baxanda görürük ki, hər bir rayonda 25-dək layihənin həyata keçirilməsi planlaşdırılır. Dmanisi rayonunda da yolların bərpası plana salınıb. İllər boyu həmin kəndlərə atlarla gedib gəlirdilər.

Gürcüstanda 14 kəndə işıq çəkilib, halbuki indiyədək bu kəndlərə elektrik enerjisi verilməyib. Buna rəğmən Saakaşvili bildirirdi ki, onun hakimiyyəti illərində Gürcüstan sürətlə inkişaf edib. Bütün bunlar gələcəyə istiqamətlənmiş addımlardır.

- Vətəndaş cəmiyyəti quruculuğu qaneedicidirmi?


- Ümid edirik ki, bütün sahələrdə olan problemlər öz həllin tapacaq. Bütün bunların həyata keçməsi üçün isə vətəndaş cəmiyyətinin inkişaf etməsi lazımdır. Bunlardan ötrü isə kadrlar lazımdır. Bu sahədə mütəxəssislər olmadığı üçün prolemlər yaşanır.

- Təhsillə bağlı da ciddi problemlər var idi. Bu gün vəziyyət necədir, dəyişikliklər varmı, bu istiqamətdə də real addımlar atılırmı?


- Borçalı bölgəsində xalq gürcü dilini bilmədiyinə görə problemlər yaranır. Gürcü dili ilə bərabər Azərbaycan dilini də itirmək üzrəyik. Orta məktəblərdə Azərbaycan dili müəllimləri çatmır. Bu problemin həll olunması üçün isə konsepsiyalar işlənib hazırlanmalıdır. Elə proqramlar işlənib hazırlanmalıdır ki, cəmiyyət üçün uyğun və efektiv olsun. Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevə də müraciət göndərmək istəyirik. Bu gün Azərbaycan məktəblərində Azərbaycan dili fənni üzrə müəllimlərin sayı 65 nəfərdir.

Bu problemin həll olunması üçün isə vaxt lazımdır, amma bu vaxt ötdükcə Azərbaycan ədəbi dili unudulur, qrammatika yaddan çıxır.

- Mədəniyyət, incəsənətlə bağlı tədbirlər planı varmı?


- Bu gün Gürcüstanda Heydər Əliyev Adına Azərbaycan Dram Teatrı çox pis vəziyyətdədir və biz, buna görə Mədəniyyət nazirinə müraciət ünvanlamışıq. Halbuki bu tarixi abidədir, 1873-cü ildə tikilib.

Azərbaycan tarixində ilk teatrdır və bu gün çox pis vəziyyətdədir. Bizim tələbimiz ondan ibarətdir ki, teatrın bədii rəhbəri, direktoru da azərbaycanlı olsun. İndiyə qədər bu teatra rəhbərlik edənlər Azərbaycanın mədəniyyətini bilməyən, ondan uzaq olan adamlardır. Teatrın, incəsənətin əhəmiyyəti isə ilbəil azalmır, daha da artır. Bunlara ciddi nəzər yetirmək lazımdır.

- Kriminal sahədə əvvəllər mövcud olan problemlər aradan qaldırılıbmı?


- Mən uzun illər insan hüquqları sahəsində fəaliyyət göstərmişəm. Bu gün bu sahədə şükürlər olsun ki, vəziyyət yaxşıdır. Əvvəllər insanların cibinə narkotik atır və digər saxta ittihamlarla onları həbs edirdilər. İndi isə bu problemlər aradan qaldırılıb.

- Dini sahədə vəziyyət necədir?


- Saakaşvilinin dönəmində dinimizlə bağlı problemlər yaradıldı, bilərəkdən parçalanmanın əsasını qoydular. Bu problem hələ də qalmaqdadır və bu məsələ öz həllini tapmalıdır. Bundan başqa vəhhabiliyin vüsət alması problemi var ki, bunun da qarşısı alınmalıdır. Gürcüstan-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyən qruplar var. Amma heç bir halda iki dövlət arasında dostluq münasibətlərini poza bilməyəcəklər.(baymedia.az)