Rza Zərrabın adı səfirə sui-qəsd planında

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adil Əl-Cübeyriyə qarşı 2011-ci ildə hazırlanan sui-qəsddə azərbaycanlı iş adamı Rza Zərrabın da adı hallanır.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sui-qəsdi hazırlayan İran əsilli Amerika vətəndaşı Mənsur Ərbabsiarı araşdıran Federal Təhqiqatlar Bürosu həmin şəxsə göndərilən 1,5 milyon dolların izini axtararkən Rza Zərrabın adına rast gəlib. Pulu göndərən iki firma R.Zərrabın istifadə etdiyi Rococo İş Mərkəzindəki "Azra" İdxal-İxrac şikrəti və "Həcər" zərgərlikdir.

Ərbabsiar polisə ifadəsində bomba partaladaraq sui-qəsdi həyata keçirəcəyini bildirib. O, "Qüds Gücləri"də təmsil olunan Qulam Şakuriyə işlədiyini və onun təlimatı ilə hərəkət etdiyini deyib. Ərbabsiar saxlanılsa da, Q.Şakuri qaçıb.

Araşdırmalar göstərib ki, hadisədən az əvvəl Ərbabsiara Türkiyədəki bu iki iki şirkət tərəfindən külli miqdarda pul göndərilib. Həcər Zərgərliyin ortaqları arsında Rza Zərrabın yaxın adamı, onunla birlikdə rüşvət qalmaqalına görə saxlanılan Abdulla Həppaninin yaxın qohumu Əbdülqadir Həppaninin adının olması diqqətləri azərbaycanlı iş adamına çəkib.

Adıçəkilən firmalarla bağlı araşdırmalar göstərib ki, hər iki şirkətin qapısı daim bağlı olur, pəncərələr rəngli olduğundan içərini görmək mümkün deyil. Qonşuluqda yerləşən şirkətlərin sahibləri hər iki şirkətin iranlı iş adamlarına məxsus olduğunu bildirib.

Araşdırmalar zamanı mağazalardan birində R.Zərrabın adamı Ə.Həppaninin adına bir telefon nömrəsi tapılıb. Zərrabın Türkiyə-İran arasında qeyri-leqal yollarla pul transferində İranın keçmiş prezidenti Əhmədinejadın şəxsi katibi İsfəndiyar Rahim Məşayinin də adı hallanır. Məşayi R.Zərrab və Ebru Gündeş İrana getdiyi zaman onları xüsusi olaraq qarşılayıb.

Səfirə sui-qəsd hazırlayan şəxlə bağlı da maraqlı məlumatlar var. Ərbabsiar əvvəllər Texasda köhnə maşınların satışı ilə mşğul olub. Hazırda 58 yaşı var. Amerikadakı dostları onu "Cek" deyə çağırır.

2011-ci ildə ABŞ-ın Ədliyyə naziri Erik Holder mətbuat konfransı keçirərək İranla bağlı olan şəxslərin Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə sui-qəsd hazrladığını bildirib.

O zamandan bəri davam edən araşdırmalarda Rza Zərrabın da adı ortaya çıxıb.

Elnarə
AzNews.az