“Prezidentin telefonu dinlənilib“- Baş nazir

Korrupsiya qalmaqalının araşdırılması zamanı Türkiyə Prezidenti Abdullah Gülün telefon danışıqları dinlənilib.

Trend-in verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Baş nazirin sözlərinə görə, ölkə Prezidentindən başqa, digər rəsmi şəxslərin telefon danışıqları da dinlənilib.

Qeyd edək ki, daha əvvəl verilən məlumata görə, Türkiyədə korrupsiya qalmaqalı haqqında iş üzrə istintaq zamanı Ərdoğanın telefon danışıqları dinlənilib.

Xatırladaq ki, dekabrın 17-də İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla onlarla insan saxlanılıb.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var.
Məlumata əsasən, həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.

AzNews.az