Turqut Özal Krımı niyə geri almadı? - Foto

"Ukraynadakı siyasi vəziyyət öz məcrasından çıxarsa, Krımın idarəçiliyi Türkiyənin əlinə keçə bilər".

Bu fikirlər Türkiyənin "Hürriyet" qəzetində dərc edilən "Ukraynada vəziyyət" adlı məqalədə səslənib.

Ancaq bu, o halda baş verə bilər ki, Krım öz müstəqilliyini elan etsin. Məqalə müəllifi qeyd edir ki, 230 il öncə Osmanlı İmperiyası ilə Rusiya imperiyasının arasında imzalanan "Küçük Kaynarca" müqaviləsinə görə, Krım adası öz müqəddaratını özbaşına həll edə bilməz.

Bildirək ki, həmin müqaviləyə əsasən Rusiya İmperatoru 2-ci Yekaterina Krımı Rusiyanın tərkibinə daxil etmək üçün 1783-cü il aprel ayının 19-da fərman imzalayıb.

"Həmin müqavilədə ciddi bir maddə var. Həmin maddəyə görə, Krım müstəqillik əldə edə və 3-cü dövlətə verilə bilməz. Bu maddənin pozulduğu halda isə Krım Türkiyəyə verilməlidir. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Krım Ukraynaya deyil, Türkiyəyə verilməli idi. Ancaq Türkiyənin o vaxtkı başçısı Turqut Özal Türkiyənin şimalında və ümumiyyətlə dünyada baş verən geopolitik dəyişiklikləri nəzərə alaraq Krımın qaytarılması mövqeyindən çıxış etməyib. Türkiyə yalnız krım tatarlarının hüquqlarının bərpa edilməsini xahiş edib. Əgər Krım Rusiyaya birləşmək istəsə, bunun üçün öncə rəsmi Kiyevdən müstəqillik almalıdır. Belə olan halda isə Türkiyə Krımı qaytarmağa iddia edə bilər", - deyə məqalə müəllifi yazıb.

Xatırladaq ki, yanvar ayının 21-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynanın bölünməsinə yol vermək olmaz. Diplomat qeyd edib ki, bunun üçün Ukraynada hər iki tərəf - iqtidar və müxalifət 3-cü tərəf olmadan münaqişəni nizama qoymalıdır. (ANS)