22:19
(077) 610-22-33

“Hadisəni vəhhabilər törədib”

  • >
513 22 Avqust 2012 12:30 | Region

Allahşükür Paşazadə hadisə ilə əlaqədar Dağıstanın dini işlər üzrə nazirinə zəng edib


"Dağıstan Respublikasının Xasavyurt şəhərindəki İmam Əli məscidində baş verən hadisə vəhhabilər tərəfindən törədilib". Bunu APA-ya eksklüziv açıqlamasında həmin məscidinin imam camaatı Adil Rəhimov deyib. A. Rəhimov hadisənin iftar zamanı baş verdiyini bildirib: "Saat 20.00-da azan oxunub. Azandan sonra namaza başlamışıq. Saat 20.20 radələrində namaz duasını qurtarıb iftar süfrəsinə əyləşmişik.

Həmin vaxt məsciddə 70 nəfərə yaxın adam var idi. Birdən məscidin qapısı sürətlə açıldı, içəriyə iki maskalı şəxs daxil oldu. "Allahu Əkbər" qışqıra-qışqıra avtomatdan atəş açmağa başladılar. Lakin qapı qəfildən bağlandığı üçün onlar təlaşa düşdülər. Birtəhər qapını açıb qaçdılar. Biz hesab edirik ki, hadisə vəhhabilər tərəfindən törədilib. Mahaçqalada 60 min tirajla çıxan, Dağıstanın dini işlər üzrə qurumuna məxsus rəsmi "Əs-salam" qəzetinin iyun, iyul və avqust nömrələrində belə bir fikri gedib ki, şiələr kafirdir, onları öldürmək savabdır. Hadisəni törədən şəxslər elə bir vaxt seçiblər ki, həmin vaxt küçədə post patrul xidmətinin əməkdaşları olmayıb. İftar zamanı olduğundan küçələr boş idi, onlar da rahat qaçıblar".

Adil Rəhimov məscidə gələnlərin çoxunun azərbaycanlılar olduğunu bildirib: "İmam Əli məscidinə gələnlər əsasən azərbaycanlı şiələrdir. Lakin az sayda yerli adamlardan, avarlardan da gələnlər olur. Hadisə baş verən vaxt da bir-iki qeyri-azərbaycanlı var idi. Onlardan zərər çəkən olmayıb".

A. Rəhimov Azərbaycandakı vəzifəli şəxslərdən məsələni diqqətə saxlamağı xahiş edib: "Çox xahiş edirik ki, dövlət rəsmiləri bu məsələ ilə yaxından maraqlansınlar. Hacı Allahşükür Paşazadə Dağıstanın dini işlər üzrə nazirinə zəng edib, məsələ ilə maraqlanıb. Ondan sonra nazirlikdən də gəlib maraqlanıblar. Digər vəzifəli şəxslər də məsələyə biganə yanaşmasalar, yaxşı olar. Hazırda istintaq gedir, ifadələrimiz alınır. Hadisənin konkret kimin tərəfindən törədildiyi hələlik məlum deyil".


Qeyd edək ki, avqustun 18-i saat 20.50 radələrində Dağıstan Respublikasının Xasavyurt şəhərinin Maqidov küçəsi, 107 saylı ünvanında yerləşən İmam Əli məscidində terror aktı törədilib. Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Ölən və yaralıların hamısı Azərbaycan vətəndaşıdır. Terror aktı nəticəsində həlak olan 17 yaşlı Elmin Elxan oğlu Cəfərov doğulduğu Astara rayonunun Pensər kəndinə gətirilərək torpağa tapşırılıb. Yaralıların müalicəsi Xasavyurtda davam etdirilir.


AzNews.az

Bağla X