Xasavyurt Şiə icması- Dağıstanda cərəyanlararası nifaq yaradılır

Dağıstanın Xasavyurt şəhərində yaşayan şiə icması bəyanatla çıxış edib.
AzNews.az-ın regnum.ru saytına istinadən verdiyi xəbərə görə, icma kütləvi informasiya vasitələrini vəziyyəti qızışdırmaqda ittiham edib.
Əsasını milliyyətcə azərbaycanlılar təşkil edən Xasavyurt şiə icmasını narahat edən avqustun 18-də məsciddə törədilmiş terror aktı barədə yazılanlardır.

Şiə icmasının sədri Əbdulqadir Qədirov və məscidin imamı Adil Rəhimli tərəfindən imzalanan bəyanatda deyilir ki, Dağıstanın sülhsevər vətəndaşları olan Xasavyurt şiə icması hər gün günahsız insanların ölümündən narahatdır və icma bunun qarşısını almağa çalışır". Bəyanatda həmçinin qeyd edilir ki, "sünni və şiə icmaları arasında narazılıqlar danışıqlar yolu ilə həll olunmalıdır. Ümumiyyətlə müasir Rusiya tarixində bu iki cərəyan arasında bu səviyyədə narazılıq olmayıb. Biz məscidlərə edilən hücumları pisləyirik. Bu günahsız insan qanı axıdılmasından başqa bir şey deyil. Bu cür terror aktını törədənlər iki icma arasında dialoq yolunu bağlamaq istəyirlər".

Yerli KİV-lərdə bu iki icmanı düşmən etmək üçün yazılanlara gəldikdə isə onların xoşniyyətli olmadığı qeyd edilir və bildirilir ki, bu cür yazılar yalnız düşmənçilik yaradılmasına xidmət edir. Məsələn "Əs-salam" qəzetində "şiələr və onlar barədə bütün həqiqətlər" məqaləsi dərc edilib, hansı ki, bu məqalə ancaq tərəfləri bir-birinə qarşı dözümsüzlüyə təşviq edir. Bəyanatda həmçinin Dağıstan prezidentindən vəziyyəti nəzarətə götürmək xahiş olunur və bu cür qanlı qarşıdurmalara yol verənlərin cəzalandırılması istənilir. Bundan əlavə, hər iki icmaya provakasiyalara getməmək tövsiyə edilir.

Xatırladaq ki, Maqdiev küçəsində yerləşən məsciddə baş vermiş partlayış zamanı 8 nəfər yaralanmış, onlardan biri isə aldığı xəsarətdən vəfat etmişdi.

Sadiq
AzNews.az