ABŞ İranla Suriyada görüşdü

BMT müşahidə missiyasının rəhbəri ilə İranın Suriyadakı səfiri görüşdü
Fəaliyyəti başa çatan BMT-nin Suriya missiyasının rəhbəri general Babəkər Qay İranın Suriyadakı səfiri Məhəmməd Rauf Şeybani ilə görüşüb. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, görüş Suriyadakı İran səfirliyində baş tutub. Müşahidə missiyasının rəhbəri iranlı səfirlə ölkədəki vəziyyəti və missiyanın fəaliyyətini müzakirə edib.

General Qay bildirib ki, BMT Təhlükəsizlik Şurası vəziyyəti nəzərə alaraq Suriyadakı müşahidəçilərin sayını azaltsa da missiya fəaliyyətini davam etdirəcək. O, həmçinin əlavə edib ki, müşahidə missiyasının yeni əlcəzairli nümayəndəsi Laxdar Braximi Təhlükəsizlik Şurasına fəaliyyət proqramını təqdim etdikdən sonra işə başlayacaq.

İranlı səfir isə öz növbəsində bildirib ki, İranda keçiriləcək xarici işlər nazirlərinin görüşü Suriya probleminin danışıqlar yolu ilə həlli üçün yaxşı fürsət ola bilər. O, həmçinin xaricdən müxalifətə edilən silah yardımına da toxunub və əlavə edib ki, "bu cür yardımlar vəziyyəti ancaq çıxılmaz dalana aparır".

Bununla belə, iranlı səfir Kofi Annanın Suriya probleminin həlli istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib və bildirib ki, onun tutduğu diplomatik xətt davam etdirilərsə problemin həllində irəliləyişə nail olmaq olar.

Sadiq
AzNews.az