02:16
(077) 610-22-33

Rza Zərrabın azadlığa buraxılması ilə bağlı ilginc məlumatlar

  • >
1 241 1 Mart 2014 08:55 | Region

İş adamından azərbaycanlı general haqda şok ifadə; Türkiyə mətbuatı Zərrabın Azərbaycan məmurlarına məxsus qara pulları Avropaya necə daşıdığından və rüşvət əməliyyatının ölkəmizə uzandığından yazdı; "Bakıda bir sıra çevrələr narahatdır"...

Türkiyədə dekabrın 17-də keçirilən rüşvət və korrupsiya əməliyyatında həbs olunan nazir övladlarının, yüksək vəzifəli məmurların, məşhur iş adamlarının cinayət dosyesində bir sıra Azərbaycan məmurlarının da adları yer alır.

Bu barədə Türkiyənin onedio.com saytı (http://onedio.com/haber/riza-zarrabin-azerbaycandaki-bir-general-ile-iliskileri-ortaya-cikti-259692) məlumat yayıb. Xəbərdə iddia olunur ki, həmin əməliyyat zamanı həbs olunan məşhur azərbaycanlı iş adamı Rza Zərrab ötən həftə istintaqa ifadəsində bununla bağlı konkret adlar çəkib. R.Zərrab bildirib ki, 2013-cü il yanvarın 18-də içərisində 1500 kiloqram qızıl olan təyyarə İstanbul Atatürk Hava Limanında saxlanılarkən o zaman Türkiyənin iqtisadiyyat naziri olan Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayanla danışıb. Çağlayan isə mart ayında onunla görüşməyə cəhd edib.

Daha sonra R.Zərrab Türkiyə və Azərbaycanda yüksək vəzifəli şəxslərlə, nazirlərlə əlaqələrinin olduğunu, Azərbaycanda əvvəllər təhlükəsizlik orqanlarında yüksək vəzifə tutmuş, hazırda anti-korrupsiya istiqamətində vəzifə alan bir generalla iş birliyinin mövcudluğunu deyib.

Onedi.com-un "Türkiyədəki rüşvət əməliyyatı Azərbaycana qədər uzanır" yarımbaşlığı ilə təqdim etdiyi yazıda həmçinin bildirilir ki, Zərrabın liderlik etdiyi cinayət təşkilatı para transferini iki formada həyata keçirib. Birinci yol kimi böyük pullar kuryerlərlə və çamadanlarla daşınıb. Ancaq 2011-ci ildə kuryerlərlə və çamadanlarla Rusiyaya daşınan qeyri-leqal 150 milyon dollar ələ keçib.

Bundan sonra bir nazirin təşkilatçılığı ilə rüşvət qarşılığında "Halk Bankası" üzərindən İrana külli miqdarda məbləğlər transfer olunub

Məqalədə həmçinin bildirilir ki, R.Zərrabın həbsi Bakıda da bəzi dairələri narahat etməyə başlayıb. Yazıda qeyd olunur ki, Azərbaycanda yüksək vəzifə tutan bir generalın öz inşaat işindən əldə etdiyi çirkli pulları R.Zərrab vasitəsilə Türkiyəyə, oradan da Avropaya daşıdığı üzə çıxıb. (Məqalənin orijinalında həmin generalın adı çəkilir - red.)

Məqalədə daha sonra yazılır: "Dindirilmə zaman Rza Zərrabın "Əmrləri Azərbaycandan alıram" deməsi də bu əlaqələrin mövcudluğuna işarədi. Hazırda İstanbul polisi Azərbaycan tərəfinə həmin generalın şübhəli əlaqələri haqda məlumat göndərib".

Qeyd edək ki, Türkiyədəki 17 dekabr həbslərindən sonra hələ ilk günlərdəcə Azərbaycan mətbuatı bu əməliyyatın Bakıya qədər uzanacağı ehtimalından yazmışdı. Çünki həm həbs olunanların əksəriyyətinin Azərbaycan məmur-oliqarxları ilə əlaqələri olub, həm də Azərbaycanın bu qədər böyük məbləğli para transferlərindən kənarda qalması mümkünsüz görünürdü.

Həm də Türkiyədəki həbslər dalğasında Sədərək Gömrük Xidmətinin rəisi Mirməhəmməd Seyidov Qarsda Türkiyə polisi tərəfindən həbs olunub. M.Seyidovun Qars gömrük məmurlarına rüşvət verilməsi, qaçaqmalçılıq və korrupsiya cinayətlərinə görə saxlanıldığı bildirilir. Onun Türkiyə istintaqçılarına şok ifadələr verməsi və 17 dekabr əməliyyatında tutulanlarla Azərbaycan məmurlarının əlaqələri haqda bir çox sirləri açması barədə iddialar var.


Bu baxımdan, Türkiyədəki 17 dekabr əməliyyatının Azərbaycana uzanacağı gözlənilən idi və artıq bu baş verməkdədir. Bunun nə ilə nəticələnəcəyi, Azərbaycanda hüquqi müstəvidə araşdırmaların aparılıb-aparılmayacağı isə hələlik bəlli deyil. Amma İstanbul polisi Azərbaycan hüquq-mühafizə orqanlarına məlumat və sorğu veribsə, hər halda, buna bir cavab olmalıdır.

Dünən R.Zərrabın sensasion ifadəsi haqda xəbər yayıldıqdan bir qədər sonra Türkiyə mətbuatı onun, sabiq daxili işlər naziri Muəmmar Gülərin oğlu Barış Gülərin, sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayanın azadlığa çıxması barədə məlumat yayıb. Onlarla bərabər daha iki nəfər azadlığa çıxıb.

Qeyd edək ki, 17 dekabr həbslərindən sonra M.Gülər, Z.Çağlayan şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar istefa vermişdi.

Çox ciddi ittihamlarla həbs olunan bu şəxslərin qəfil azadlığa buraxılmasının səbəbi bilinməsə də, belə ehtimallar var ki, Türkiyə istintaqçıları onlardan istədikləri bilgiləri və ifadələri alıblar. Bundan sonra onlar azadlıqda olarkən də istintaq davam etdirilə bilər.(musavat.com)


Bağla X