“O, komandir heyətini inandırmağa çalışıb ki...” –Berezovski ilə bağlı açıqlama

Krım Muxtar Respublikasının Müdafiə Nazirliyi Rusiya tərəfə keçən Ukraynanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı Denis Berezovski ilə bağlı açıqlama verib.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Krım Muxtar Respublikasının Müdafiə Nazirliyinin media mərkəzinin rəhbəri Vladislav Seleznyov bildirib ki, Ukrayna müdafiə nazirinin əmri ilə vəzifəsindən kənarlaşdırılan D. Berezovski HDQ-nın Sevastopoldakı qərargahına gəlib və komandanlıqdan tələb edib ki, Rusiyanın tabeçiliyinə keçsinlər:

"Bu gün Denis Berezovski əllərində Rusiya bayraqları olan silahlı kazak dəstəsinin müşayiəti ilə Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus əraziyə girib. O, komandir heyətini inandırmağa çalışıb ki, Rusiya tərəfinə keçməklə onlar düzgün addım atmış olarlar".

V. Seleznyov deyib ki, Ukrayna HDQ-nın yeni təyin olunan komandanı, kontor-admiral Sergey Qayduk sabiq komandirin addımının qarşısını alıb: "Şəxsi heyət qarşısında çıxış edən Sergey Qayduk hərbçiləri vətənə sadiq olmağa çağırıb. Sonra isə Ukraynanın Dövlət Himni ifa olunub. Denis Berezovski isə onunla birgə hərbi hissəyə gəlmiş kazaklar ərazidən qovulub".

V. Seleznyov barəsində "Vətənə xəyanət" ittihamı ilə cinayət işi qaldırılmış D. Berezovskinin həbs olunmamasına da aydınlıq gətirib: "Denis Berezovskinin həbs olunaraq, cinayət məsuliyyətinə cəlb olunması aidiyyəti qurumların səlahiyyətindədir".

Qeyd edək ki, Ukraynanın Krımda yerləşən HDQ-nın komandanı Denis Berezovski hazırda Rusiyanın maraqlarına xidmət edən Krım Muxtar Respublikasının tərəfinə keçib.

Məhəmməd
AzNews.az