Rusiya hərbçiləri hücum etmədi: Gərginlik isə davam edir


Rusiya hərbi birləşmələrinin Krımda yerləşən Ukrayna Silahlı Qüvvələrinə məxsus hissələrə hücumu qeydə alınmayıb.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, əvvəlcədən elan olunduğu kimi bu gecə saat 05.00-da Rusiya Silahlı Qüvvələrinin Ukrayna ordusunun Krımda yerləşən bölmələrinə hücum aktı həyata keçirilməyib.

Ukrayna hərbi hissələrinin şəxsi heyətində gərginlik isə gözdən yayınmayıb. Şəxsi heyət həyəcan siqnalı hücuma səfərbər olub. Hazırda da gərgin vəziyyət qalmaqdadır.

Gərginlik Krımdakı Belbəydəki hərbi aviabazada da yaşanmaqdadır. Ukrayna Ordusuna məxsus aviabazanın şəxsi heyəti hərbi hissəni Rusiya hərbi qüvvələrinin hücumundan qorumaq üçün yüksək döyüş hazırlığına gətirilib. Qeyd edək ki, ötən gün Rusiya xüsusi təyinatlıları bu hərbi hissəni ələ keçirməyə cəhd etsələr də əməliyyat uğursuz olub.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin Simferopoldakı qərargahında da sakitlik höküm sürüb.

Xatırladaq ki, ötən gün Rusiya Ordusunun Qara dəniz Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksandr Vitko Ukrayna hərbiçilərinə xəbərdarlıqla çıxış edərək martın 4-də saat 05.00-dək silahları əks tərəfə təhvil verməyə çağırıb. O əlavə edib ki, əks təqdirdə Krımdakı Ukrayna hərbi bölmələrinə hücum əmri veriləcək.

Məhəmməd
AzNews.az