01:45
(077) 610-22-33

Nurçular bu gün Bakıda böyük tədbir keçirir – Güc nümayişi

  • >
5 227 4 Mart 2014 12:39 | Region

Bu gün Heydər Əliyev Sarayında "Məktəblilərin Dil, Mədəniyyət və İncəsənət Festivalı"nın yekunlarına həsr olunan mərasim keçiriləcək.

AzNews.az-ın əldə etdiyi məlumata görə, festival "Çağ" Öyrətim İşlətmələri şirkətinin təşkilatçılığı ilə həyata keçirilir. Bu festivalın mükafatçıları Türkiyədə keçiriləcək XII "Uluslararası Türkcə Olimpiyatları"nda Azərbaycanı təmsil edəcəklər.

Xatırladaq ki, son günlər Azərbaycanda "nurçu"ların dövlət qurumlarına öz adamlarını yerləşdirmələri haqqında informasiyalar mediada geniş yer alıb.

"Çağ" Öyrətim İşlətmələri isə Azərbaycanda bu təriqətin nümayəndələrinin ən çox fəaliyyət göstərdiyi və əsas himayəçilərindən hesab edilir. Ötən gün ölkə mətbuatında adıçəkilən şirkətin rəhbəri, türkiyəli iş adamı Ənvər Özərənin "nurçu"ların lideri kimi tanınan Fətullah Gülənə göndərdiyi hesabat xarakterli sənədin nüsxəsi də yer alıb.

Sənəddə bir sıra dövlət strukturlarının "Gülən camaatı"na xidmət etdiyi iddia edilir. Belə bir məqamda adıçəkilən şəbəkənin Azərbaycanda bu səpkili geniş tədbir keçirməsi diqqəti çəkməyə bilmir. Ekspertlər ehtimal edir ki, bu, "nurçu"ların əleyhdarları üçün bir ismarışdır. Bununla onlar Azərbaycanda necə möhkəm dayaqlar üstündə durduqlarını ictimaiyyətə bəyan etməyə çalışırlar.

Xatırladaq ki, tədbirə bir sıra dövlət adamları, millət vəkilləri, KİV rəhbərləri və ictimai xadimlər dəvət olunub.

İlqar
AzNews.az
Bağla X