Rusiya Ukraynaya turist təxribatçılar göndərdi - FOTO


Rusiya turist adı altında təxribatçıları Ukraynanın şərq vilayətlərinə ezam edir.

AzNews.az-ın məlumatına görə, Kiyevdə nəşr olunan "Ukraynsakay pravda" qəzetinin apardığı araşdırmada bildirilib ki, təxribatçılar rusların çoxluq təşkil etdiyi Ukraynanın Xarkov, Donetsk və Odessa şəhərlərinə göndərilir. Bununla bağlı sosial şəbəkələrdə "Ukrayna uğrunda mübarizə" və "Ukraynanın Vətəndaş Özünümüdafiəsi" adlı xüsusi səhifələr də yaradılıb. Kampaniya təşkilatçıları könüllü təxribatçıları bu vasitələrlə özlərinə cəlb edirlər.

"Əgər Ukraynaya getmək istəyirsənsə, bu şəxsə yaz" – sosial şəbəkələrdəki ismarışlarda qeyd olunur. Hətta vasitəçilərin telefon nömrələri də bu elanlarda əks olunub. Həmçinin, elanlarda qeyd olunur ki, Donetskə gediş Rostov-na-Donu, Xarkova isə Belqoroddan təşkil edilir: "Səfər qabağı təlimatlar veriləcək".

Məqalədə qeyd olunur ki, martın 1-də Xarkov Vilayət İcra Hakimiyyətinin binası qarşısında baş verən qarşıdurmada təxribatçıların Belqoroddan gəldiyi aparılan təhqiqat zamanı aşkara çıxarılıb. Çünki hadisənin baş verdiyi gün qarşıdurmada fəallıq göstərənlərin ölkəni Rusiya istiqamətinə tərk etdiyi faktlarla sübuta yetirilib.

Hadisələrin şahidi olan Ukrayna Ali Radasının deputatı Vitaliy Danilov isə bildirib ki, onda olan məlumata görə, martın 1-də Belqorod istiqamətindən Xarkova avtobuslarla 2 minə yaxın rusiyalının gəlməsi haqda onda müfəssəl informasiya var: "Məhz həmin şəxslər Xarkovun mərkəzi meydanında asayişi pozaraq, kütləvi ixtişaş törədiblər. Rusiyalılar heç bir şüar səsləndirmirdilər. Onlar yalnız insanları təxribata çəkməklə məşğul olurdular".

Məhəmməd
AzNews.az