Daha bir qondarma qurum Rusiyaya birləşmək istəyir – Müraciət


Respublikanın Ali Soveti Dnestryanı Rusiyaya birləşməklə bağlı Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət edib. AzNews.az-ın məlumatına görə, müraciət qondarma qurumun Ali Sovetinin sədri Mixail Burla tərəfindən edilib.

M. Burla Krımın Rusiyaya birləşdirilməsini misal çəkərək, analoji prosesin tanınmamış Dnestryanı Respublika ilə bağlı həyata keçirilməsinin mümkünlüyünü deyib. Rusiya isə bu məsələyə rəsmi cavab verməyib.

Qeyd edək ki, yerli əhali ilə ruslar arasında münaqişə Moldova parlamentinin 1989-cu ildə dillə bağlı qəbul etdiyi qərardan sonra başlayıb.

Qərara əsasən moldovan dili dövlət dili elan edilib, əlifba isə Kiril qrafikasından latına dəyişdirilib. Onlar bunu diskriminasiya hesab edərək, müqavimət hərəkatına başlayıblar. Əvvəlcə bu müqavimət tətillər formasında olub. 1990-cı il sentyabrın 2-də isə bölgədə referendum keçirilərək, SSRİ-nin tərkibində Dnestryanı Moldova Muxtar Respublikası təsis edilib. Dnestryanı Moldova Respublikasının (PMR) təsis edildiyi tarix də məhz 2 sentyabr 1990-cı il hesab olunur. 1990-cı ilin dekabrında isə referendum keçirilərək, Dnesrtyanı Moldova Respublikası "müstəqil dövlət" elan olunub.

Tərəflər arasında dərinləşən uçurum 1992-ci ildə silahlı münaqişə ilə nəticələnib. O vaxt Dnestryanıda dislokasiya olunmuş Rusiyanın 14-cü ordusu həmin məşhur general Lebedin rəhbərliyi ilə separatçıların müdafiəsinə qalxıb, Moldova qüvvələrini geri sıxışdırıb. Bununla da, silahlı qarşıdurmaya son qoyulub. İyulun 22-də Rusiya və Moldova rəhbərləri Boris Yeltsin və Mirça Snequr arasında atəşkəs haqqında saziş imzalanıb.

1999 və 2004-cü illərdə Rusiya qoşunlarının Moldova ərazisindən – Dnestryanıdan çıxarılması barədə sazişlər imzalansa da Rusiya hərbçilərinin bölgədən çıxarılması ilə razılaşmır.

AzNews.az