04:37
(077) 610-22-33

Azərbaycanlı siyasi məhbus aclıq aksiyasına başlayıb

  • >
799 7 Aprel 2014 21:23 | Region

Azərbaycanlı siyasi məhbus aprelin 7-dən etibarən aclıq aksiyasına başlayıb.

APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, bunu Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin üzvü olan Mahmud Fəzli həyat yoldaşı ilə telefon danışığı zamanı bildirib. Buna səbəb kimi Yeni GAMOH təşkilatının üzvlərinin işinin yenidən araşdırılması üçün İran Ali Məhkəməsinə göndərilməməsidir.

Qeyd edək ki, Təbriz Mərkəzi Həbsxanasının rəisi aprelin 3-də məhbusların problemləri ilə tanış olmaq üçün 12-ci bəndə gəlib. M.Fəzli də Yeni GAMOH təşkilatının üzvlərinin işinin yenidən araşdırılması üçün Tehrana göndərilməməsinə görə öz etirazını bildirib. Bu da Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin üzvü ilə Təbriz Mərkəzi Həbsxanasının rəisi ilə mübahisəyə səbəb olub. Nəticədə Təbriz Mərkəzi Həbsxanasının rəisi M.Fəzlinin ünvanına təhqiramiz ifadələr işlədib və onu narkomanların saxlanıldığı 7-ci bəndə salınması barədə göstəriş verib.

Xatırladaq ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbrizdə, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L.Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridirlər.

Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Azərbaycanlı fəallar isə barələrində çıxarılmış hökmü ədalətsiz hesab edərək ötən il 28 gün aclıq aksiyası keçiriblər. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də yerləri dəyişdirilib. Azərbaycanlı siyasi məhbuslar əvvəlcə Tehranın Evin həbsxanasına, oradan da Kərəcin Rəcayişəhr həbsxanasına köçürülüblər, daha sonra da Təbriz Mərkəzi Həbsxanasına geri qaytarılıblar.

AzNews.az
Bağla X