5 məhbus Azərbaycana təhvil veriləcək

İran 5 azərbaycanlı məhbusu ölkəmizə təhvil verəcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, İran Azərbaycana bu ölkənin həbsxanalarında saxlanılan beş azərbaycanlı məhbusun təhvil verilməsinə hazır olduğunu bildirib və hazırda həmin məhbuslarla bağlı sənədlərin təqdim olunmasını gözləyir.

Azərbaycana təhvil veriləcək məhbuslardan 4-ü kişi, 1-i isə qadındır. Onlar Hüseynov Zamin Ramik oğlu, Əliyeva Nəzakət Əli qızı, Sultanov Səbuhi Yavər oğlu, Yusifov Firdus Sultan oğlu, Sultanov Taleh Əziz oğludur.

Həmin məhbusların hansı ittihamla İranda saxlanıldığı və neçə il azadlıqdan məhrum edildiyinə dair məlumat verilməyib.

Qeyd edək ki, İranın PressTV kanalının rəsmi saytının məlumatına görə, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov ötən gün Ərdəbil əyalətində jurnalistlərə deyib ki, yaxın vaxtlarda Azərbaycan dövlətinin daha 100 iranlı məhbusu bu ölkəyə təhvil verəcəyi gözlənilir.

C.Axundov bildirib ki, Azərbaycanda müxtəlif müddətə həbs cəzaları almış bu məhbuslar cəzalarının qalan hissəsini ölkələrində çəkmələri üçün İrana təhvil veriləcəklər.

Xatırladaq ki, bundan öncə Azərbaycanda saxlanılan 25 iranlı məhbus ölkələrinə qaytarılıb. İran isə öz növbəsində casusluqda ittiham olunan 2 azərbaycanlı məhbusu ölkəmizə qaytarıb.

AzNews.az