Krımda tatarlara qarşı repressiya başladı- AÇIQLAMA

Rusiya tərəfindən ələ keçirilən Krımın tatar icmasının lideri Mustafa Cəmilov soydaşlarına qarşı repressiyaların başlandığını bəyan edib.

AzNews.az-ın məlumatına görə, M. Cəmilov bu barədə Ukraynanın "5-ci kanal"ının efirində danışıb. O deyib ki, artıq Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları açıq şəkildə məscidlərə gəlir və tatar din xadimlərinə nəzarət edirlər: "Onlar ibadət edənlərin dini etiqad dərəcəsini müəyyən edir və bu insanlar avtomatik İslam radikalları kateqoriyasına daxil edilir".

M. Cəmilov qeyd edib ki, ötən gün Krım Tatar Xalq Məclisinin binasından qurumun bayrağı zor gücülə çıxarılıb: "Bu zaman Rusiya dövlət qurumlarının əməkdaşları kobud, ədəbsiz hərəkətlər ediblər. Qadınların qollarını burub, bir gənci isə döyüblər. Bütün bunlar represiyanın göstəriciləridir".

Xatırladaq ki, daha əvvəl isə M. Cəmilov bildirmişdi ki, Muxtar Respublikada yaşayan və Rusiya vətəndaşlığından imtina edən Krım tatarlarını işlərindən qovurlar.

Aydan
AzNews.az