09:35
(077) 610-22-33

Şəhidlərimiz Gürcüstanda yad edilib - FOTOLAR

  • >
654 4 Avqust 2014 10:29 | Region

Gürcüstanda səfərdə olan Azərbaycan jurnalistlərinin rəsmi görüşləri davam edir. Dörd günlük səfər çərçivəsində Azərbaycan jurnalistlərinin növbəti görüşü Marneuli rayonun icra hakimiyyəti binasında keçirilib. Görüşdə Marneuli rayon icra hakimiyətinin başçısı Merab Tapçişvili, Prezident Administrasiyasnın milli azlıqlar üzrə komitə sədri Sofiya Şamanidi, Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abduallayev və digər rəsmilər iştirak ediblər. Görüşdə ilk olaraq Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən son bir neçə gündə cəbhə xəttində atəşkəsin pozulması nəticəsində şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Marneuli rayon icra hakimiyətinin başçısı Merab Tapçişvili Gürcüstan-Azərbaycan münasibətlərindən, soydaşlarımızın Marneulidəki vəziyyətindən danışıb. Bildirib ki, rəhbərlik etdiyi rayonda yaşayan əhalinin 82 faizini azərbaycanlılar, 8 faizini isə yunanlar, gürcülər, ermənilər, ruslar və sair millətlər təşkil edir. Onun sözlərinə görə, buradakı əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur. Bu amil nəzərə alınaraq, dövlət tərəfindən kəndlilərin öz torpaqlarından səmərəli istifadəsinə şərait yaradılır, onlara həm maddi, həm də texniki dəstək göstərilir. Yerli banklar vasitəsilə rayon sakinlərinə, öz təsərrüfatlarını inkişaf etdirməsi üçün 1-6 faizlə pul kreditləri də verilir. Bununla yanaşı, rayon ərazisindəki istehsal müəssisələri və zavodlar tədricən yeni müasir avadanlıqlarla təchiz olunur ki, bu da yerli əhalinin məşğulluğuna müsbət təsir göstərir. İcra başçısı deyib ki, rayonda iqtisadiyyatla bərabər, təhsilin, idmanın, mədəniyyətin və digər sahələrin inkişafı üçün də müxtəlif tədbirlər həyata keçirilməkdədir. O, təkcə Marneuli rayonundan minə yaxın gəncin Gürcüstan ali mətəblərində təhsil aldığını da qeyd edib. Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abduallayev gürcü və Azərbaycan xalqı, eləcə də dövlətlərimiz arasında tarixi bağlılığın, həmçinin qarşılıqlı dostluq, mehriban qonşuluq, iqtisadi, siyasi, mədəni əlaqələrin olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu münasibətlər yüksələn xətt üzrə indi də inkişaf etməkdədir. Bu yaxınlarda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərə toxunan bələdiyyə sədri bildirib ki, 33 yerdən 16-na azərbaycanlılar seçiliblər. Prezident administrasiyasnın milli azlıqlar üzrə komitə sədri Sofiya Şamanidi son günlər Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəsin pozulması və nəticədə Azərbaycan əsgələrinin şəhid olmasından təəssüfləndiyini diqqətə çatdırıb. O, bütövlükdə dünyada, o cümlədən Qafqazda sülh və əminamanlığın olmasını arzulayıb. S.Şamanidi görülən işlərdən danışarkən, əsas hədəfin azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası olduğunu vurğulayıb. Təəssüflə bildirib ki, hələ də Kvemo-Kartli bölgəsində azərbaycanlıların böyük əksəriyyəti gürcü dilini bilmir. O, azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasında bu məqamı əsas problem kimi xatırladıb. Gürcüstan iqtidarı tərəfindən həmin əhalinin gürcü dilini öyrənməsi istiqamətində bir çox layihələr həyata keçirdiyini, bütün Azərbaycan məktəblərində gürcü dilinin də öyrədildiyini söyləyib: "Biz əlimizdən gələni edirik ki, bu günkü məktəblilər, sabahın gəncləri gürcü dilini öyrənsinlər, gürcü cəmiyyətinə inteqrasiya olunsunlar. Biz onların Azərbaycana, Rusiyaya və digər ölkələrə iş üçün getməsini istəmirik. Onları bir çox layihələrə cəlb etməklə, potensialından öz ölkəmizdə faydalanmağın tərəfdarıyıq". Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva Gürcüstanda soydaşlarımıza yaradılan şəraitdən danışıb. Azərbaycan jurnalistləri adından Diaspor Jurnalistləri Birliyinin sədri, "Palitra" qəzetinin əməkdaşı Fuad Hüseynzadə çıxış edərək, görüşə, səmimi söhbətə görə gürcü rəsmilərinə minnətdarlığını bildirib. O, belə görüşlərin iki ölkə arasında media münasibətlərinin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb. Çıxışlardan sonra gürcü rəsmiləri Azərbaycan jurnalistlərinin suallarını cavablandırıblar. Görüşün sonunda Azərbaycan jurnalistləri tərəfindən Gürcüstan prezidenti adına Sofiya Şamanidiyə, həmçinin Merab Tapçişviliyə Qarabağla bağlı kitablar təqdim olunub. Xatırladaq ki, Azərbaycan jurnalistləri bundan əvvəl Tiflis şəhərinin mərkəzindəki Qəhrəmanlar meydanındakı Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksini, ardınca paytaxtdakı parkda ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Sonra jurnalistlər Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyini ziyarət ediblər.

Muzeydəki eksponatlarla yaxından tanış olublar. Həmçinin jurnalistlər Gürcüstanın idman və gənclər naziri Levan Kipiani ilə görüşüblər. Bu gün isə Azərbaycan-Gürcüstan jurnalistlərinin görüşü keçiriləcək. Onu da əlavə edək ki, bu səfər "Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə" adlı layihəsi çərçivəsində təşkil olunub. Layihə Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin təşkilatçılığı və Gürcüstanın İdman və Gənclərin işi üzrə Nazirliyin yanında Gənclər və Uşaq Fondunun maliyyə dəstəyi ilə həyata keçirlir.




Rufik İsmayılov
Gürcüstan, Tiflis
Bağla X