22:23
(077) 610-22-33

AKP millət vəkili: “Partiyamız keçid dövründən güclənərək çıxacaq”

  • >
396 15 Avqust 2014 09:36 | Region

“Partiyamız keçid dönəmindən güclənərək çıxacaq”.



Bu sözləri APA-nın Türkiyə müxbiri ilə söhbətində Türkiyə Böyük Millət Məclisi Ədliyyə komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) Ankara millət vəkili Əhməd İyimaya deyib.

"Lideriniz Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsindən sonra partiyanın yeni sədrinin və yeni hökumət başçısının kim olacağına dair müzakirələr qızışdı. Sizcə, bu müzakirələr partiyanızın bütövlüyünə mənfi təsir göstərərmi?" - sualına Əhməd İyimaya belə cavab verib:

"Bu, keçid dönəmidir, bu dönəmdə mübahisələrin olması təbiidir. Tayyib bəy kimi güclü bir şəxsiyyətdən sonra partiyamızın yeni liderini tapması mübarizəmizin gələcəyi baxımından çox mühümdür, çünki 28 avqustda prezidentin andiçmə mərasimindən sonra 2015-ci ilin iyununda keçiriləcək parlament seçkisinin startı veriləcək. O seçkidə də qalib gəlməyimiz çox vacibdir".

"Partiyanızın Nizamnaməsinə görə, dalbadal 3 dönəm millət vəkili olmuş şəxs dördüncü dəfə namizədliyini irəli sürə bilmir. Bu durumda təcrübəli 72 millət vəkiliniz bu dönəm Məclisdən kənarda qalacaq. Nizamnamədə dəyişiklik etməyi düşünürsünüzmü?" - sualını Türkiyənin təcrübəli siyasətçilərindən biri olan Əhməd İyimaya belə cavablandırıb: "O maddə Nizamnaməyə daxil ediləndə mən qarşı çıxmışdım. Tayyib bəy o maddənin ləğv edilməsinə icazə vermədi. Mənə elə gəlir ki, prezidentin andiçmə mərasimindən sonra partiyamız Nizamnamədə dəyişiklik etmək üçün qurultay çağıraraq dalbadal 3 dönəm millət vəkili olmuş şəxslərin dördüncü dəfə namizəd olmasını əngəlləyən maddəni ləğv edəcək. Çünki bizim üçün həyati dərəcədə önəmli olan qarşıdakı parlament seçkisində təcrübəli siyasətçilərin namizədliyinə çox ehtiyacımız olacaq".

AzNews.az
Bağla X