Ukrayna geniş hərbi əməliyyatlara başlayır

Ən geci 2 günə Ukrayna Silahlı Qüvvələri Luqansk və Donetsk şəhərlərin separatçılardan azad edilməsi üzrə həlledici əməliyyatlara başlayacaq. Bu haqda mediaya açıqlamanı Ukrayna Müdafiə Nazirliyinin təmsilçisi Andrey Lısenko verib.

Onun sözlərinə görə, bir müddətdir, hər iki şəhərin azad edilməsi planı üzərində işlənilir və son hazırlıqlar başa çatmaq üzrədir.

Andrey Lısenko onu da bildirib ki, avqustun 14-dən 15-nə keçən gecə aparılan əməliyyatlar zamanı Ukrayna ordusu Donetsk və Luqanskın daha 3 yaşayış məntəqəsi terrorçulardan azad edib. Terrorçular uzun müddət nəzarət etdikləri məntəqələri qoyaraq Donetsk və Luqanskın mərkəzinə doğru geri çəkiliblər. Ukrayna Ordusunun nəzarəti bərpa etdiyi ərazilərdə minaaxtaranlar işə başlayıb.

Avqustun 15-də Luqanskda terrorçular şəhərin mərkəzini atəşə tutublar. Şahidlərin dediyinə görə, mərkəzdəki dəmir yol vağzalının qarşısındakı meydanda toplanan separatçılar dinc vətəndaşlara qarşı odlu silahdan atəş açıblar. 3 nəfərin öldüyü haqqında xəbərlər olsa da, bu şəxslərin kimliyi hələlik müəyyən edilməyib. Separatçılar onlara qarşı həlledici əməliyyat başlandığı ərəfədə nəzarət etdikləri əraziləri minaladıqları haqqında xəbərlər yayıblar. Xəbərlərdə bildirilir ki, minalanan binalar sırasında yaşayış evləri, hökumət idarələri də var.
Donetskdə isə silahlılar hökumət qüvvələri ilə atışmanın gedişində yaşayış binalarına sığınıb. Atışma zamanı 11 dinc vətəndaş həlak olub 8 nəfər yaralanıb.

Bu arada Litvanın Xarici İşlər Nazirliyi NATO qaynaqlarına istinadən Rusiyanın 70 ağır texnikasının Ukrayna sərhədlərini keçməsi haqqında xəbər yayıb. Litva xarici işlər nazir Linas Linkyaviçus bu haqda açıqlamasında bildirib ki, ölkəsi humanitar dəhliz planını dəstəkləsə də həmin dəhlizdən silah-sursat, eyni zamanda ağır texnikanın gətirilməsi üçün istifadə edilməsi faktlarından ciddi narahatlıq keçirir.

Məsələ Avropa Birliyi Xarici İşlər Nazirləri Şurasında da müzakirə edilib. Bir sıra Qərb ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Rusiyanın davamlı olaraq Ukraynanın içərilərinə hərbi kalon yeritdiyini bildirərək Rusiyanı işğalçı hərəkətlərinə son qoymağa çağırıb.

Ukrayna Rusiyanın Qızıl Xaç Komitəsi ilə Ukraynaya göndərmək istədiyi humanitar yardımın qəbulundan imtina edib. Ukrayna Sərhəd Xidmətinin bu haqda açıqlamasında bildirilir ki, Rusiya tərəf humanitar yardımlar haqqında sənədləri Qızıl Xaç Komitəsinə təqdim etməyib, bu səbəbdən də yük maşınlarında hansı məhsulun olması haqqında qeyri-rəsmi məlumat yetərli sayılmır. Rusiya məhsulların adı və miqdarı haqqında sənəd təqdim etdikdən sonra Ukrayna humanitar yardımın qəbul edilib-edilməməsi haqqın məsələyə baxacaq.(Müsavat)

AzNews.az