Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun Türkiyədə yeni hökumətin tərkibinin açıqlanmasına münasibət bildirib. Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun Türkiyədə yeni hökumətin tərkibinin açıqlanmasına münasibət bildirib.

Səfirdən Türkiyə və Azərbaycan düşmənlərinə ismarış

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun Türkiyədə yeni hökumətin tərkibinin açıqlanmasına münasibət bildirib.



APA-nın məlumatına görə, A.Coşqun deyib ki, yeni hökumət Türkiyə və Azərbaycan arasında mükəmməl münasibətlərin davam edəcəyinin təminatıdır.

Səfir bildirib ki, həm Türkiyə prezidenti səlahiyyətlərinin icrasına başlayan Rəcəb Tayyib Ərdoğan baş nazir, həm də baş nazir Əhməd Davudoğlu xarici işlər naziri olduğu dönəmlərdə Azərbaycana münasibətləri bəlli olub. Onun sözlərinə görə, xarici işlər naziri təyin edilən Mövlud Çavuşoğlu, ümumiyyətlə, Türkiyə hökumətinin bütün üzvləri Azərbaycanı ürəkdən sevən, qardaşlığımızı ruhlarında hiss edən, Türkiyə ilə Azərbaycanın gələcəyinə bu müstəvidən baxan dövlət xadimləridir: "Türkiyə ilə Azərbaycan arasında mövcud olan mükəmməl münasibətlərin Türkiyədə qan dəyişimindən sonra daha da inkişaf edəcəyinə tam əminəm. Gələn həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə nazirlə Azərbaycana səfər edəcək. Bu, təsadüfi deyil. Zamanında prezident İlham Əliyevin ilk xarici səfəri Türkiyəyə etdiyi kimi prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da ilk xarici səfəri məhz Azərbaycana olacaq. Bu, yeni dövrdə iki ölkə arasında münasibətlərin necə olacağına bir sübutdur. Biz indiyə qədər əl-ələ addımlayaraq irəliləyirdiksə, qarşıdakı dönəmdə eyni hədəfə doğru daha sürətlə, qaçaraq irəliləyəcəyik. Azərbaycanla birlikdə İnkişafımızı davam etdirməyə, xalqlarımızın rifahını yüksəltməyə, bölgənin inkişafına müsbət təsir göstərməyə, Vətənimizi ən güclü şəkildə müdafiə etməyə davam edəcəyik. Türkiyə və Azərbaycanın qardaşlığı ilə bərabər formalaşdırdıqları bu dostluğunun qiymətini hər kəs bilməlidir, Türkiyə və Azərbaycanla dost olmağa çalışmalıdır. Hər kəs həm Türkiyəyə, həm də Azərbaycana düşmənçilikdə yanaşmağın hər hansı faydası olmadığını görməlidir".

O qeyd edib ki, Türkiyə və Azərbaycan dostluğa tərəfdardır: "Bu iki ölkənin həyata keçirdiyi iqtisadi, enerji layihələri bu mahiyyətdədir. Əminəm ki, qarşıdakı dönəmdə iki ölkə arasında əməkdaşlıq daha da inkişaf edəcək. Hər bir ölkə sağlam düşüncə və sülhü seçərsə, müsbət mənada bundan yararlana biləcək".

AzNews.az