Taksi sürücülərindən etiraz aksiyası- Ermənistanda

Yerevanda yeni lisenziya üsulundan narazı qalan 100-dən çox taksi sürücüsü martın 2-də Ermənistan hökuməti binasının qarşısına toplaşaraq martın 1-i qüvvəyə minmiş qanunun ləğvini tələb edirlər. Həmçinin sürücülər lisenziyası olmayan avtomobillərə qarşı cərimələrin tətbiq olunmamasına etiraz edirlər. Bu barədə Trend "Novosti Armeniya" saytına istinadən məlumat verir.

Sürücülər etiraz aksiyasına öz maşınları ilə gələrək yolu bağlayıblar.

Sürücülərdən biri deyib ki, yeni qanuna əsasən lisenziyaya görə 12 min dram ödəməlidirlər: "Amma əslində məbləğ 12 min yox, 30 min dram təşkil edir, çünki biz təkcə lisenziyaya görə deyil, sayğac, qaza görə lisenziya və s. xərcləri də ödəməliyik".

Nümayişçilərə nəqliyyat və rabitə nazirinin müavini Artur Arakelyan yaxınlaşıb və onlara 5 nəfərdən ibarət qrup yaradaraq hökumət binasına daxil olmağı və məsələni müzakirə etməyi təklif edib.