“İ.Quliyeva barədə araşdırmalar aparılır“

"Mənim onu parodiya etməyim onun üçün böyük şərəf olmazmı? "

Xalq artisti Nazpəri Dostəliyeva da həmkarı xalq artisti İlhamə Quliyevaya açıq məktub ünvanlayıb. Xalq artisti Nazpəri Dostəliyevanın Lent.az-a göndərdiyi məktubda deyilir:

"Çox təəssüf hissi ilə qeyd edirəm ki, oxucularımızın vaxtını bu cür söhbətlərlə alırıq. Ancaq məcburiyyət qarşısında qaldığımdan, İlhamənin Sizə və digər kütləvi informasiya vasitələrinə ünvanlandığı müraciətlə və açıq məktubla əlaqədar sizin və oxucularınızın nəzərinə aşağıdakıları çatdırıram:


İlhamə qeyd edir ki, guya mən onu hansısa verilişdə parodiya və tərbiyəsizlik edərək, təhqir etmişəm. Onun və hörmətli oxucularımızın nəzərinə çatdırıram ki, mən müğənniyəm, parodist yox. Qaldı ki onun mənim ünvanıma səsləndirdiyi tərbiyəsiz sözünə (oxucularımızdan və Sizdən bu sözü işlətdiyimə görə üzr istəyirəm), həmin sözü kütləvi informasiya vasitələrində işlətməyin özü zənnimcə tərbiyəsizlikdir. Şərti olaraq onu şərəfləndirib parodiya etdiyimi qəbul etsək belə, birincisi, parodiya bütün sivil dünyada heç vaxtı təhqir kimi qəbul olunmur, ikincisi, isə mənim onu parodiya etməyim onun üçün böyük şərəf olmazmı? Üçüncüsü isə, parodiya həmişə konkret hərəkətlərə, davranışa istinadən edilir. Əgər İlhamə onun kimsə tərəfindən parodiya ediləcəyindən narahatdırsa, niyə öz yaşına, dövlətimizin ona verdiyi titullara uyqun hərəkətlər etmir ki, sonra da parodiya olunmaqdan qorxsun.

Guya ki, "Solo" verilişində həm ifamda qüsurların olub, həm də onun ünvanına özünün qeyd etdiyi kimi, təhqiramiz ifadələr işlətmişəm. Bu da İlhamənin növbəti, gülməli və ağ yalanıdır. Həmin verilişin video yazısı həm məndə, həm də telestudiyada var. Orada nə mənim ifamda nəsə bir qüsur olub, nə də ümumiyyətlə onun adı çəkilib.

İlhamə deyir ki, mən kiməm, guya məni dünyada tanıtdıran da bəstəkar Siyavuş Kərimi olub. Nəzərinə çatdırıram ki, mən də onun kimi Azərbaycanın xalq artistiyəm. Əgər İlhamə fikirləşirsə ki, o Azərbaycanda axırıncı xalq artisti adına layiq görülən olmalıdır, bu onun öz problemidir. O ki qaldı Siyavuş Kərimiyə, mənim bütün professional bəstəkarlar kimi ona da böyük hörmətim var. Ancaq bircə faktı İlhamənin nəzərinə çatdırıram ki, mən 90-cı illərdə Almaniyanın Frankfurt və digər şəhərlərində, habelə Moskva şəhərinin "Ostankino" konsert salonunda solo konsertlər verərkən, Ramiz Mirişlinin, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Tahir Əkbərin, Cabbar Musayevin mahnılarını ifa etmişəm.

Daha sonra Rauf Hacıyevin mahnılarını ifa etdiyim vaxtlar Siyavuş Kərimi ilə tanış olmuşam. Artıq o vaxtlar mən həm Respublikamızda, həm də onun sərhədlərindən kənarda sevilmiş və seçilmiş sənətkarlardan idim.

İlhamə bildirir ki, guya mən "Etiraf" verilişində "hopstop" oynamışam. Sözün düzü,
başa düşə bilmirəm ki, bu yalanların bir həddi yoxdur? Axı bütün xalqın gözü qarşısında baş verən hadisələrə necə belə yalanlar qoşmaq olar. İlhamə belə hərəkətləri ilə bütün xalqı aşağılayır, yoxsa…..
O ki qaldı məni növbəti dəfə polis orqanları hədələməsinə, bu barədə qədərincə açıqlama vermişəm və hal-hazırda da, mənim müraciətlərim əsasında müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır.

İlhamə daha sonra mənim oğlumun toyundan bəhs edərək deyir ki, guya mən onu oğlumun toyuna çağırmışam ki, süfrəmizin başında əyləşsin, o da imtina edib.
Əvvəla belə bir hadisə olmayıb. Əgər olsaydı, ya dəvətnaməni nümayiş etdirərdi, ya da telefon zəngini. Mən ümumiyyətlə onun telefon nömrəsini də bilmirəm və heç vaxt da bilmək istəməmişəm. Çünki biz tamamilə başqa-başqa adamlarıq.
Onun guya toy dəvətimi rədd etməsi isə bir mədəniyyət göstəricisidir.

Həmin toyun ağsaqqalı, böyük sənətkarımız, professor Arif Babayev, ağbirçəyi isə xalq artisti Flora xanım Kərimova olub. Onlardan başqa toyda hörmətli Fidan və Xuraman Qasımovalar, muğam ustadımız Ağaxan Abdullayev, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Mənsum İbrahimov, Aygün Bəylər və başqaları, yəni demək olar ki, bütün sənət adamları iştirak ediblər. Orada İlhaməyə və onun kimilərinə dəvət nə yada düşüb, nə də belə bir arzu olub.

O, "Dünya sülh səfiri", "Cenevrədə BMT-nin idarə heyətinin üzvü", "Vətən mükafatı laureatı", "Dünya Azərbaycanlıları Konqresi birliyinin mədəniyyət akademiyasının prezidenti" kimi mövcud olmayan "titullarını" sadalayır. Görəsən, mövcud olmayan "dünya sülh səfiri" titulunu ona kim layiq görüb, mövcud olmayan idarə heyətinə onu kim seçib?


Azərbaycan Dövlət Universitetinin 2-ci kursundan qüsuruna görə xaric edilən İlhamə hər hansı bir akademiyaya necə prezidentlik edə bilər?

Qaldı ki, guya hamının onun əlindən öpdüyünü, mənim isə bundan imtina etməyim məsələsinə (illər boyu onun can atdığı da elə budur), o nə Roma Papasıdır, nə də ki, Ali Dini Lider. Belə olan halda əgər kimlərsə, özünə rəva bilərək onun əlindən öpürsə, bu onların şəxsi işidir".