Kənan M.M.-in cavabı verildi: “Klipini çək, bala”

Azərbaycandakı serialların müzakirəsinə həsr olunmuş dəyirmi masada rejissor Kənan M.M aktyorları təhqir edib. O, bildirib ki, "Azərbaycanda aktyor az deyil, ümumiyyətlə, yoxdur". Onun bu bəyanatı isə aktyorlar arasında birmənalı qarşılanmayıb.

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyev AzNews.az-a verdiyi açıqlamada bildirdi ki, Kənan MM-in kinodan, aktyorluq sənətindən danışmağa haqqı yoxdur:

"Birincisi, onun bəhs etdiyi seriallarda çəkilənlərin heç də hamısı aktyor deyil, Kənan kimiləri və onların öz adamlarıdır. Bunun səbəbi isə onların aktyora az pul vermək prinsipidir. Mən Kənana sual verirəm. Axırıncı dəfə Azərbaycanın hansı teatrında və hansı tamaşasında olub? Sənin hansı aktyorlarla yaxınlığın var? Mən onu ağıllı insan kimi qəbul edirdim. İnanmazdım ki, o, bu cür fikirlər işlədə bilər. Kənan təkcə bu günün yox, həm də teatr sənətində can qoyan, adını tarixə yazan hər bir aktyorun ruhuna, sənətinə hörmətsizlik edib. Bu hörmətsizliyi biz ona bağışlamayacayıq. Sən bir mənə göstər ki, hansı filmi çəkmisən? Sənə bu haqqı kim verib? Əgər onda bircə damcı milli qurur olsaydı, heç bir vaxt Azərbaycan aktyorlarını təhqir etməzdi. Dünyanın bütün ölkəsində incəsənət sahəsində tənəzzül var. Bizim istedadlı aktyorlarımız var. Onları hansı rejissor işlətdi? Ayıbdır, özünə hörmət etmirsənsə heç olmasa Fuad Poladova hörmət et. Bu aktyor sağdır, sən necə deyə bilərsən ki, Azərbaycanda aktyor yoxdur? Sənin bu sənətdən danışmağa ümumiyyətlə, haqqın yoxdur. Get, bir-birinə bənzəyən kliplərini çək, bala".

Bahar Rüstəmli
AzNews.az