Şou-biznes əhlinin “28 May” biabırçılığı - SORĞU

Müğənnilərimiz, fəxri ad almış müxtəlif sənətçilər çıxışlarında və müsahibələrində həmişə Azərbaycan, Azərbaycan deyə səslənirlər.


Hər kəlmələrində və atdıqları addımlarında öz patriotluqlarını nümayiş etdirməyə can atırlar. Məhz bu üzdən Lent.az kiçik bir araşdırma etmək qərarına gəldi. Baxaq görək bizim tanınmışlarımız, əməkdar və xalq artist adı qazanmış simalarımız Milli bayramımız olan "28 May"- haqqında məlumatlıdırlarmı?

Beləliklə, sorğuya kim düzgün və ya yanlış cavab verdiyini sizlərin, yəni oxucuların öhdəsinə buraxırıq.

Əməkdar artist Almaz Ələsgərli: "Yol gedirəm. Maşındayam. Sualınıza sonra cavab verərəm".

Əməkdar artist Zöhrə Abdullayeva: "Mən müsahibə vermirəm. xüsusi ilə də respublika günü ilə bağlı heç bir şey söyləmək istəmirəm. Bu suala cavab verməyəcəm".

Aktyor Elməddin Cəfərov: "Azərbaycan demokratik respublikasının yarandığı gündür".

Xalq artisti Niyaməddin Musayev: "Mənə heç bir sual lazım deyil. Sual verməyin".

Əməkdar artist Teymur Əmrah sualımızı eşitdikdən sonra: "Alo, alo, alo" deyərək dəstəyi yerə asdı. Daha sonra yenidən əlaqə qurmağa çalışsaq da, zəngimizə cavab verən olmadı.

Müğənni Çingiz Mustafayev: "Səhv etmirəmsə 28 May Azərbaycanda Respublika günü kimi qeyd olunur. Amma neçənci ildən bəri qeyd olunduğunu isə dəqiq deyə bilmərəm".

Müğənni Nüşabə Ələsgərli: "28 May Azərbaycanda müstəqillik günü kimi keçirilir. Bu gün 1918-ci ildən bəri vətənimizdə qeyd olunur".

Xalq artisti Səməd Səmədov: "28 May Xədicə qızımın ad günüdür. Müstəqillik günüdür bəli. İnşallah bu müstəqillik günümüzü Qarabağda qeyd edəcəyik"

Rejissor Zorik (Zöhrab Ağayev): "28 May Respublika günüdür. Nə zamandan qeyd olunur? Gözləyin... Bilirəm. Deyə bilmərəm ki, bu gün nə zamandan qeyd olunur. Amma dəqiq bilirəm ki respublika günüdür".

Stilist Anar Ağakişiyev: "Gürcüstandan yeni gəlmişəm. Deyimdə sabah nə günüdür. 28 May Azərbaycan dirçəliş ya da qurtuluş günüdür. Yox indi deyəcəm dəqiq. Hə dirçəliş günüdür. Sualı elə vaxtda verdiniz ki, düşünməyə belə vaxt qalmadı.

Müğənni Təranə Qumral: "Necə bilmirik ki? (Gülür) Doğurdan soruşursan? 28 May müstəqillik günüdür. Səhv dedim mən? Bunu necə bilməmək olar ki?

Əməkdar artist Aygün Bəylər isə dəstəyi qaldıraraq "Aygün Bəylər deyil. Buyurun sualınızı verin". Sualımızı eşitdikdən sonra, dəstəyi yerinə qoydu.

Əməkdar artist Elza Seyidcahan: "28 may Azərbaycan Cumhuriyətinin yaranması günüdür".

Müğənni Samir Bağırov: "Müstəqillik günüdür? Yox. Dəqiq bilmirəm. Mənim bəzi problemlərim var. Amma sabahkı günü evdə tək qeyd edəcəm".

Xalq artisti Bilal Əliyev: "Fürsətdən istifadə edib Azərbaycan xalqını təbrik edirəm. 28 May Azərbaycanda Müstəqillik günü kimi qeyd olunur. Müstəqilliyimiz əbədidir".

Müraciət etdiyimiz şəxslər arasında ən dəqiq formada cavab verən şəxs baxıcı Almaz Yolçuyeva olub. A.Yolçuyeva deyib ki 28 May Azərbaycanda Respublika günüdür.

Qeyd edək ki, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb.


AzNews.az