Firuzə İbadova azadlığa çıxan bacısından danışdı

Əməkdar artist Firuzə İbadovanın ötən gün azadlığa çıxan bacısı aktrisa Rəhilə İbadovadan danışıb.

Müğənni bildirib ki, 2006-cı ildən 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bacısı R.İbadovanın azadlığa buraxılması onu xəcalətdən qurtarıb:

"Çox sevincliyəm. Bacım həbsdə olduğuna görə, utanırdım, çox pis olurdum. Amma bu həyat yolunda qismətlə də barışmalıyıq. Bu da onun alın yazısıdır. Bacım cəzaçəkmə müəssisində özünə elə hörmət qazanmışdı ki, gəl görəsən. Oranı gülüstana döndərmişdi.

Güllər, tərəvəz əkmişdi. Həmdə həbsxanada mədəniyyət-incəsənət işlərinin rəhbəri idi. O, orda da xanımlığını qorudu, kişi kimi cəzasını çəkdi. İnanırsınız, bacımın azadlığa çıxmaq xəbərini eşidəndə kövrəldim. Bizim evə bu xoş xəbərin sədasına bir çox insanlar hönkür-hönkür ağlaya-ağlaya gəlmişdilər. Amma Rəhilə xanım bir az küskündür, bəraəti çox ləngidi. Hər şey Allahın qisməti idi. Səbir edib gözlədik. Onun azadlığa çıxmasında yardımçı olan insanlara dərin minnətdarlığımı bildirirəm. Mənim həyatıma yeni günəş doğdu. Qoca anamın da gözü yoldan çəkildi. Bacım həbsdə ola-ola anam dünyasını dəyişsə idi, özümü bağışlaya bilməzdim. Allahıma çox şükür".

F.İbadova onu da əlavə edib ki, həbsdən çıxan bacısı R. İbadovanın evi olmadığına görə, onun yanında qalacaq: "Bacım mənimlə bir evdə yaşayacaq. Onun evini əlindən aldılar, o həbsə getdi. Cəzasını çəkib çıxıb, indi də evsizdi. Onu bu günə salanları görüm ondan da o yana getsinlər. Həm mənim adımı batırdılar, amma tam ləkə yaxa bimədilər. Çünki, mənim tərbiyəm ona yol vermədi".

Qeyd edək ki, F. İbadovanın bacısı aktrisa R. İbadova tənha qocaların etibarından sui-istifadə edərək onları aldadıb mənzillərini ələ keçirməkdə təqsirləndirilən dəstənin üzvlərindən biri kimi ittiham olunaraq həbs olunmuşdu. (lent.az)