Cavanşir Məmmədov: “Milli Məclis məni toya göndərmir ki...”- Müsahibə

Əməkdar artist Cavanşir Məmmədovun AzNews.az-a müsahibəsi


- Cavanşir bəy, "qanun" qoymusuz, hesabınıza 100 manat köçürməyən jurnalistə müsahibə verməyəcəksiz...


-Bəli, qoydum. Mənə bu lazımdır? Xeyr. Müsahibə alırsansa, hesabıma 100 manat köçür. Onun da 37 faizini həmin müxbirə qaytaracam.

-Təklifinizdən belə çıxır ki, ay ərzində sizdən 10 dəfə açıqlama alsam 1000 manat ödəməliyəm?


-Pulu siz deyil, işlədiyniz müəssisə verəcək. Mənə verilən pul müxbirin işlədiyi saytın büdcəsindən ödənməlidir.

-Azərbaycanda müsahibəyə pul ödəyəcək qədər büdcəsi olan sayt yoxdu axı. Siz bunu bilmirsiniz?


-Əgər biz Avropaya inteqrasiya ediriksə, düzəlməliyik. Müxbir işlədiyi saytda maaş alır. Saytların büdcəsi, eyni zamanda müxbirin işlədiyi yerdə sosial sığortası olmalıdır. Sabah sən yıxıldın, başın qanadı, necə olacaq?

İşlədiyin şirkətdən sığortan olmalıdır. Bunlar niyə baş verir? Çünki biz qanunları bilmirik. Qanun bunu tələb edir. Olmasın 100 manat, olsun 50 manat.

-Axı haqqınızda yazılan xəbərlər həm də sizin reklamınızdır. Onda gərək siz də bizə pul ödəyəsiniz. Özü də 100 deyil, daha çox.


-Məni reklam eləməyin, xahiş edirəm. Siz mənə sənət öyrətməmisiniz ki, məni də reklam edəsiniz?

Heç vaxt belə bir şey olmayıb. Qədir Rüstəmov vardı, onu kim reklam edirdi? Ya başqa müğənniləri?

-Yuxarıda "qanun" kimi qoyduğunuz 100 manatdan 50-yə endiniz. Axı müxbir sizin kimi toya getmir ki, tələb etdiyiniz məbləği də hesabınıza yatırsın?


-Biz toylara dəvət ediləndə gedirik, getməyəndə otururuq evimizdə. Biz bəyəm toya hər gün gedirik. İlin 4-5 ayını toya gedirik də. Bu da ola, ya olmaya.

-Cavanşir müəllim, sizin yaşayışınızla hansısa müxbirin yaşayışı eynidir?


-Mən müstəqil dövlətin müstəqil vətəndaşıyam. Azad adamam. Ona görə də istədiyim qərarı qəbul edə bilərəm. Belə də işləyəcəm.

-Bu qanundur, yoxsa təklif?


-Qanun. Avropa qanunlarına uyğun bir qanundur.

-Qanunlar Milli Məclisdə qəbul olunmur?


-Milli Məclis məni toya göndərmir ki. Nə də Milli Məclis məndən müsahibə verməyi xahiş edir. Haçansa bu qanun qəbul olunacaq. Mən gün ərzində 20 yerə müsahibə vermək fikrində deyiləm. Düzü, elə həvəsim və vaxtım da yoxdur. Əsəblərim də pozulub. Bu mənə lazımdır? Deyirsiniz ki, bizi reklam edirsiniz. Axı siz bizi yaxşı şəkildə reklam etmirsiniz. Ancaq nalayiq şeylərlə reklam edirsiniz.

- Sənət adamı istər efirdə, istərsə də mətbuata çıxışında tamaşaçıya nə verirsə, müxbir də o mövzunu araşdırır. Efirdə danışdıqlarınız da mətbuata mövzudur...


-Efirdə danışdıqlarımızın da üstünə mətbuat tərəfindən bir az qoyulur. Mən belə istəyirəm, bacı qızı. Mən müsahibədən ümumiyyətlə qaçıram. Deyirsən ki, saytlar səni reklam edir. Bu, əsəbimə toxunur. Məni kim reklam edib? Əks tərəf var, "Xocalı hadisəsini tanımıram, yaltağıq" deyən müğənninin haqqında niyə yazmırsız?

-O dediyiniz müğənnilərə rəsmi qurumlar cavabdehdir...


- Bu nə vətənpərvərlikdir, nə də başqa şey. Bunu yazmaq lazımdır.
Bu, ümumilikdə jurnalistin işidir. Nazirliyə də sizlər deməlisiz. Jurnalist 4-cü hakimiyyətdir.

-4-cü hakimiyyət adlandırdığınız jurnalistin qələminin gücü şou-müğənnilərin fonoqramasının yanında belə keçərili deyil...


- Bəs sənin qələmin mənim yanımda keçməlidir? Məni məcbur eləməlisən ki, müsahibə verim? Nəyə görə? Elə şeylər var ki, yazılmalıdır, amma yazmırsınız. Nazirliyin yanında 5 dəfə keçməyəcəsə 6-cı dəfədə keçəcək.

-Məsələn, siz nə demisiniz ki, jurnalist onu yazmayıb?


- Oxuyuram axı. Qabaqdan Xocalı hadisəsi gəlir. Mən efirdən dedim ki, "İnternetdə yazın "Nadir Qafarzadə-qalmaqal" görün orada nələr var? Tükün biz-biz olmasa atama lənət. Hansına girdiniz baxdınız?

- Nadir Qafarzadə qalmaqalı mənim üçün maraqlı deyil.


-Niyə maraqlı deyil? Mənim üçün maraqlıdır.

- Ona görə ki, sizinlə qalmaqal yaradıb?


- Yox, amma onun qalmaqalı mənim üçün maraqlıdır. Nəyə görə məndə heç nə olmaya-olmaya maraqlanırsınız?

- Ona görə ki, siz hər dəfə efirdə deyirsiniz ki, mən xalqın sənətkarıyam. Xalqın sənətkarı da xalqın gözü önündə olmalıdır.


-Nə fərqi var, o da çıxıb deyir ki, mən xalqın sənətkarıyam.

-Xalqın sənətkarının titulu olur?


-Bəs necə olur, xalqın qarşısında 10-15 min pul qoyanda o düzgün seçim olur, amma mən 100 manat istəyəndə düzgün seçim olmur? Toya 10-15 minə gedirlər. Mən heç 5 minin üzünü görməmişəm.

- Heç mən də görməmişəm... Bunu görməyən siz 4-cü hakimiyyətin nümayəndəsindən 100 manat istəyirsiniz?


-Mən də 5 minə toya getməmişəm.

-Prezident sizə ehtiram göstərib "Əməkdar artist" fəxri adını verib. Siz xalqın, dövlətin sənətkarı kimi mətbuata müsahibə verməyə borclusunuz, özü də 100 manat olmadan.


-Pulunuz yoxdursa, çağırın baxaq, vəziyyət necədir. Siz məndən inciməyin, mən xəstə adamam, gündə 50 nəfər zəng edir. 15 minə toya gedirlər. Bəs camaat haradan alsın o pulu ki, həmin müğənnilərə versin? Mənim nə prodüserim var, nə də mətbuat katibim. Özüm danışıram. Bunun nəyi pisdir?

Zəng edib deyirlər ki, Cavanşir müəllim düz etmisiniz. Bezmişəm ey. Nə qədər olar? Daha sonra deyirlər ki, Cavanşir müəllim, yeni ili harada keçirəcəksiniz? Bu sualdı? Harada keçirəcəyəmsə bunun kimə nə dəxli var? Belə də dərd olar? "Siz hansı yeməkləri xoşlayırsınız"- bu sualdı? Ayıbdır ey.

Bu qədər də olmaz axı. Mən dünyanın 15 ölkəsində konsert vermişəm. Hər şeyi anlayıram. Amma belə də olmaz axı. Uşağam? Problemlərim tökülüb qalıb, bunları qoyum ki, nədir-nədir jurnalist var? Eləsi də var ki, düşmənçiliklə yazır. Mən haradan bilim ki, o yazan kimin dostudur? Bəs mən vəziyyətdən necə çıxım?

-Söhbətinizdən anladım ki, sizi bu təklifə həmkarlarınız vadar edib?


-Yox. Sənət adamlarının jurnalist dostlarıdır. Zəng edib adamın qanını qaraldırlar. Dövlətimə kifayət qədər xidmət eləyən adamam. Azərbaycana yardım gətirmişəm. Bunu hansı edib? Mən xaricdən pul gətirməmişəm, əksinə Azərbaycan üçün orada pul qazanmışam. Kasetlər var ey, durur.

Bəziləri çıxıb efirdə deyir ki, Xocalı matəmdir. "Mən atama yas tutmadım, basdırdım, yeddisində toyuma getdim. Xeyir ola mən Xocalıya matəm tutmalıyam" deyən var.

Xocalı matəm deyil, soyqırımdır. Xocalıda yüzlərlə analar süngüdən keçib. Ailələr yerlə-yeksan olub. Xocalını 11 Avropa ölkəsi qəbil edib. Anan rəhmətə gedib, bu, başqa şeydir. Ailədaxili matəmdir bu. Ümumilikdə, matəm başqa şeydir.

Müğənni Milli Qəhrəmanın kanalından belə danışır. Müəyyən vaxtdan sonra həmin müğənni bir də o kanalın efirindən danışır. Amma halbuki həmin müğənninin vətəndaşlıq məsələsi müzakirə olunmalıdır.

- Söhbər ANS telekanalından və müğənni Nadir Qafarzadədən gedir?


-Mən Nadirin adını çəkmirəm. Ümumiyyətlə, danışıram. Kim olursa-olsun. Söhbət vətəndaşlıqdan gedir. Bəlkə səhv deyirəm?

Mən adam adı çəkmirəm. Amma soruşuram, sizcə bunu edən adamın adını hallandırmaq lazımdır, yoxsa Cavanşir Məmmədovun?

Elə şeylər var ki, adam deməyə utanır. Qarşıdan Xocalı hadisəsi gəlir. "Biz başqa millətlərə giririk" deyən adamı həmin efirə bir də buraxarlar? Sənin gözünün içinə evində söyən adamı bir də qonaq çağırarsan? Bu 100 manat deyil ey, qan söhbətidir. Orada vətəndaşlıq söhbəti var. Xocalı soyqırımını kim çəkib?- Çingiz Mustafayev. Həmin anda müğənni saxlanmalı və prokurorluqda cinayət iş açılmalı idi.

Bu boyda dövlət ayağa qalxıb ki, Xocalı soyqırımını dünyaya subut eləsin, sən deyirsən matəmdir? Xeyir ola? Görürsən adama necə təsir edir?

Bahar Rüstəmli
AzNews.az