12:50
(077) 610-22-33

Rok-n-roll kralı Elvis Presli sağdır... – Foto -Video

  • >
918 16 Avqust 2012 11:05 | Şou-biznes

Bu gün populyar rok-nrol kralı Elvis Preslinin anım günüdür


"Gələcəyin kralı" 77 il bundan əvvəl yanvarın 8-də ABŞ-ın Missisipi ştatının Tyüpelo şəhərində anadan olmuşdu. Musiqi və din uşaqlıqdan Elvisin ruhuna hakim kəsilib. Kilsəyə baş çəkmək və xorda oxumaq onun üçün yerinə yetirilməsi vacib həyatı qanunlardan biri idi. Anası oğlunun davranışlarına həmişə xüsusi diqqət yetirib və böyüklərə hörmət etməyin vacib olduğunu onun beyninə yeridib. Elvis 42 illik həyatında bu qanunu heç vaxt pozmadı.

11 yaşı tamam olan gün gələcək "rok-n-roll kralı" gitara "hədiyyə" almışdı. Dırnaqarası hədiyyə ona görə ki, bu gitaraya görə o öz velosipedi ilə vidalaşmalı olub. Yəqin elə həmin gün dünyada velosipedini itirən bir uşaq "ölüb", əvəzində isə bəşər tarixinin ən dahi müğənnilərindən biri – Elvis Presli dünyaya gəlib. Bu hədiyyəni alandan cəmi bir neçə ay sonra Elvis hər il keçirilən əyalət musiqi yarışmasında "Old Shep" (Qoca çoban) xalq mahnısının ifasına görə mükafata layiq görülmüşdü.


1953-cü ildə məktəbi bitirən 18 yaşlı Elvis işə düzəlir və yük maşını sürücüsü işləməyə başlayır. Məhz bu dövrdə o, Sem Fillipsə məxsus səsyazma studiyasına baş çəkmək və gitarasının müşayiəti ilə cəmi səkkiz dollara bir neçə mahnı yazdırmaq qərarına gəlir. Bir nüsxədə, valın iki üzünə yazılmış "My Happiness" və "Thats When My Heartache Begins" mahnıları Elvisin anasına ad günü hədiyyəsi olur. Bu vaxt o, artıq musiqiçi olacağına qəti əmin idi. Sadəcə hansı janrda oxuyacağını – qospel və ya kilsə himnləri, yoxsa kantri ifa edəcəyini özü üçün hələ müəyyənləşdirməmişdi.


1956-cı il Elvis Presliyə təkcə Amerikada deyil, həm də bütün dünyada şöhrət qazandırmaqla onun taleyində dönüş ilinə çevrildi. Preslinin "RCA"-da yazdırdığı ilk sinqlı duyğusal blüz kompozisiyası "Heartbreak Hotel" oldu. Mahnının buna qədər Sun Recordsda yazılan mahnılarla heç bir oxşarlığı yox idi. Bu, əvvəlcə "RCA" rəhbərliyini narahat edirdi. Amma onların əndişələri əbəs idi: sinql hit-paradda 1-ci yeri tutdu və milyon nüsxədən çox satıldı. Bunun ardınca "Blue Suede Shoes" və "I Want You, I Need You, I Love You" sinqlları və səsyazma tarixində ilk dəfə olaraq satışda milyon nüsxə həddini aşan "Elvis Presley" albomu işıq üzü gördü. Elə Amerikanı şoka salan və müğənniyə minlərlə amerikalı yeniyetmənin sevgisini qazandıran televiziya çıxışları da bu dövrə təsadüf edir. Gənc Elvisin musiqisi, geyim tərzi, səhnə hərəkətləri və özünü aparması – bütün bunlar adi kantri ifaçılarının, eləcə də Sinatra kimi estrada müğənnilərinin musiqisinə, davranışlarına bənzəmirdi. Bu vaxt Preslidə vulqarlıq, istedadsızlıq görən yaşlı nəsil böyük hay-küy qopardı. Xüsusilə, Milton Berlin Elvisin 1956-cı ilin iyununda ilk dəfə "Hound Dog" mahnısını oxuduğu teleşousu neqativ reaksiya doğurdu. Bu, Elvisin üsyançı imicini formalaşdırdı. Halbuki müğənni özünü heç vaxt üsyançı saymırdı və onun bütün hərəkətləri təbii idi. O, necə varsa eləydi. Buna görə də o sevilirdi. Buna misal kimi əvvəlcə Presliyə onun şousunda yer olmadığını, sonralar isə müğənnini bir neçə veriliş dalbadal dəvət edib canlı efirdə Elvis Preslinin "doğrudan da alicənab birisi olduğunu" söyləyən televiziya aparıcısı Ed Sallivanı göstərmək olar.


Elvis Preslinin musiqidəki uğurları onun qarşısında Hollivudun yollarını açırdı. Tom Parker yubanmadan bu fürsətdən istifadə edib 20th Century Fox və Paramount studiyaları ilə müqavilələr imzalayır. Preslinin iştirakı ilə çəkilən ilk film, premyerası 1956-cı ilin 15 noyabrında baş tutan "Məni Nəvazişlə Sev" olur. Bu filmdə Presli ikinci dərəcəli rol oynayırdı və yalnız dörd qısa mahnı ifa edirdi. Amma film nümayiş olunan həftə milyonlarla tamaşaçı məhz ona tamaşa etmək üçün kinoteatrlara axışırdı. Elvisin çoxdankı aktyor olmaq arzusu axır ki, gerçəkləşir. 1957-ci ildə nümayiş olunan kimi kommersiya uğuru qazanan daha iki film – "Səni Sevmək" və "Həbsxana Taleyi" ekranlara çıxır.

Daxilən Presli öz bütləri – Ceyms Din və Marlon Brandonun dramatik rollarına bənzər rollarda çəkilməyə can atırdı. Amma bir musiqiçi kimi onun uğurları kinostudiyalara ona qəhrəmanın mahnı oxuduğu, bununla da pərəstişkarlarının arzularını gerçəkləşdirdiyi filmlərdə daha "yüngül" rollar verməyə vadar edirdi. Preslinin dördüncü – "Kinq Kreol" (1958) filmi onun öz artistlik qabiliyyətini nümayiş etdirə bildiyi ən uğurlu filmlərindən sayılır. Əvvəlcə onun bu filmdəki rolu Ceyms Din üçün nəzərdə tutulmuşdu. Preslinin ilk filmlərinin mahnıları yüksək keyfiyyətə malik idi və onun səsyazma studiyalarında yazdırdığı mahnılardan heç nəylə geri qalmırdı. 1957-1959-cu illərdə paralel olaraq müğənninin hit-paradlarda 1-ci yerləri tutan sinqlları: "Too Much", "All Shook Up", "Dont", "A Big Hunk O Love" və s. işıq üzü görürdü.


Yuxusuzluqdan əziyyət çəkən müğənninin qəbul etdiyi dərmanlar onu sağlamlığına ciddi təsir göstərirdi. Dərmanların yaratdığı fəsadlara görə bir neçə dəfə konsertlər təxirə salınır. Ölümü də bu dərmanlardan olur. 1977-ci il avqustun 16-sı gecə yuxuya getmək üçün qəbul etdiyi dərmanlar həyatının sonu olur. Ölüm səbəbi kimi ürək çatışmazlığı göstərilirsə də amma sonrakı müayinələr onun vəfatına məhz müxtəlif dərman preparatlarını qarışdırıb içməsinin səbəb olduğu bildirildi. Preslinin ölümündən dərhal sonra onun sağ olması ilə bağlı şaiyələr yayılır. Onun dəfnindən bir ay keçmiş qəbrinin üstünün açılmasına cəhd göstərilir. Bir neçə pərəstişkarı müğənninin həqiqətən də öldüyünə əmin olmaq üçün qəbri açmaq istəyir. Keçən əsrin 80-ci illərinin sonunda mətbuatda Preslinin ölümündən sonrakı "həyatı" ilə bağlı məqalələr dərc olunur. Məqalələrdə müğənninin onun canını boğazına yığan şou-biznes aləmindən ayrılmaq və ruhi həyat yaşamaq üçün qəsdən özünü "öldürdüyü", Preslinin narkotik asılılıqdan yaxa qurtarmaqdan, uzun müddətli müalicə almaqdan ötrü səhnədən uzaqlaşdığı yazılırdı.

1977-ci ildəki yalançı ölümlə bağlı bu fikir bir neçə fakta əsaslanırdı: ölümün səbəblərinin tibbi tədqiqinin gizli saxlanılması; müğənninin meyitinin şəklinin olmaması; baş daşına onun ikinci adının dəyişilmiş şəkildə həkk olunması; və əlbəttə ki, milyonlarla pərəstişkarın kumirlərinin belə vaxtından əvvəl gözlənilməz ölümünü psixoloji cəhətdən qəbul etməməsi istəyi. Bu fikrin möhkəmlənməsinə Preslini müxtəlif dövrlərdə planetin müxtəlif yerlərində gördüklərini iddia edən insanların dedikləri də səbəb olub. Zaman keçdikcə müğənninin "ölümdən sonrakı həyatı" ilə bağlı belə fikirlər, çox vaxt ironik çalar daşısa belə, Presli mifologiyasının ayrılmaz tərkib hissəsinə çevrilib. 1991-ci ildə Los-Anceles qəzetlərindən biri "sağ" Presli ilə görüş haqqında qalmaqala səbəb olan yazı dərc edib. 2006-cı ildə Amerika KİV-də guya, 1977-ci yox, keçən əsrin 90-cı illərində vəfat edən Preslinin "gizli həyatı"ndan bəhs edən hekayət çap olunub.



Hazırladı: Səadət Abbaslı

AzNews.az

Bağla X