11:17
(077) 610-22-33

ŞOK!- Mirzə Babayevin lent yazısı qalmaqal yaratdı - Video

  • >
6 233 28 Avqust 2012 13:06 | Şou-biznes

“Yurdum yuvam məskənimsən, Azərbaycanım” mahnısı Rauf Hacıyevin deyil, mənimdir”


""Yurdum yuvam məskənimsən, Azərbaycanım" mahnısının musiqisi mənə məxsusdur. O vaxt mən bu mahnını bəstələdim. Bəstəkar Rauf Hacıyev də yanımda idi. Mahnı gözəl alınmışdı. Rauf mənə dedi ki, "yaxşı, bu mahnı qısa zamanda bu qədər sevildi, amma hələ müəllifi yoxdur. Bilinmir ki, mahnını kim bəstələyib. Mən ona dedim ki, qoy elə belə də getsin. Adımın yazılmağını istəmirəm. Sonra bir də baxdım ki, Rauf Hacıyev mahnımı öz adına çıxıb".

Bu sözlər mərhum sənətkar Mirzə Babayevin lent yazılarının birindən götürülüb. M. Babayev iddia edir ki, məşhur "Azərbaycan" mahnısının müəllifi saxtalaşdırılıb. Bunun nə dərəcədə həqiqət olduğunu öyrənməkdən ötrü AzNews.az müəyyən araşdırmalar apardı. Azərbaycan Bəstəkarlar İttifaqından bildirilən məlumata görə, belə məsələlərin həlli Müəllif Hüquqları Agentliyində axtarılır: "Bu işlərlə Müəllif Hüquqları Agentliyi məşğul olur. Əgər belə bir məlumat olsaydı, İttifaq olaraq, bizim də məsələdən xəbərimiz olardı".
Azərbaycan Müəllif Hüquqları Agentliyindən isə "Yurdum, yuvam məskənimsən Azərbaycan " adlı mahnının ümumiyyətlə, qeydiyyatda olmadığını bildirdilər: "Bu mahnı agentlikdə qeydiyyatdan keçməyib".

Mahnının ifaçılarından olan xalq artisti Yalçın Rzazadə isə mərhum bəstəkar Rauf Hacıyevin ünvanına deyilən ittihamı qəbul etmədiyini bildirdi: "Bu mahnını çox sənətkarlar oxuyub. Rəşid Behbudov, Şövkət Ələkbərova, mən özüm. Mahnı Azərbaycanı xarici ölkələrdə bir bayraq kimi təbliğ edirdi. Hətta ifaçılar bu mahnının bur bəndini ingilis dilində oxuyurdu. Rauf böyük bir bəstəkar idi. Onun adı tarixə həkk olunub. Belə mahnıların müəllifi heç vaxt başqasının əməyinə göz dikə bilməz. Mirzə Babayev ola bilsin ki, yanlışlığa yol verib. Belə bir bəstəkarın ünvanına nəsə işlətmək ən azı haqsızlıqdır".

Bəstəkarın qızı Nanə Hacıyeva isə belə dedi: "Atam belə şey edə bilməz. Mirzə ifaçıdır. Atam isə bəstəkar. Bu mahnıya görə, atama nə qədər təşəkkürlər gəlib. Heydər Əliyev Rauf Hacıyevin mahnılarını, yaradıcılığını xüsusi diqqətdə saxlayıb. Buna görə atam nə qədər mükafatlar alıb. Atamın bütün mahnıları dünya səhnələrində oxunur. Belə bir bəstəkarın kiminsə mahnısına ehtiyacı ola bilməz."

Tanınmış bəstəkar Xəyyam Mirzəzadənin isə mövqeyi daha sərt oldu: "Mirzə Babayev ömrünün son aylarında bir az havalı idi. Nə danışdığını özü də bilmirdi. O, çox şey deyə bilər. Amma bu, o demək deyil ki, onun xəstəhal danışığına fikir vermək lazımdır? Əsla. Mirzə Babayev təkcə Rauf Hacıyevi ittiham etməyib. O, eyni zamanda Zeynal Xəlili də belə məsələdə günahlandırmışdı. Mirzə Babayev ifaçıdır. Oxuyurlar, sonra da deyirlər ki, mahnı mənimdir. Axı onlar həmin mahnıları Sizin üçün deyil, Azərbaycan xalqı üçün yazırlar. Elə indi də belə fikirlər səslənir. Deyirlər ki, Rəşidin, Şövkətin mahnısı. Məgər, Rəşid, Şövkət, Gülağa, Mirzənin özü mahnı yazıb? "Yurdum, yuvam məskənimsən, Azərbaycan" mahnısının sözləri də məlumdur, bəstəkarı da. O ki, mərhum müğənninin bu açıqlamasına, məncə, bunları ciddiliyə almamaq daha düzgündür".
Bu mahnının əslində, kimə məxsus olması AzNews.az olaraq bizə də maraqlıdır. Odur ki, bu məsələni araşdırmağa davam edəcəyik.



Lalə
Video Mahir Hüseynbəylinin şəxsi arxivindəndir
AzNews.az
Bağla X