“Məni sevmirlərsə, niyə konsertlərimdə həmişə bilet üçün dava düşür?!” “Məni sevmirlərsə, niyə konsertlərimdə həmişə bilet üçün dava düşür?!”

Elza Seyidcahan: “Ledi Qaqa özünü mənə oxşadır”

“Məni sevmirlərsə, niyə konsertlərimdə həmişə bilet üçün dava düşür?!”



Əməkdar artist, bəstəkar və müğənni Elza Seyidcahanın AzNews.az-a müsahibəsi:

-Elza Seyidcahan hər gün bir yenilik edir. Bu yeniliklər üçün təbii ki, enerji, istedaddan başqa, həm də pul lazımdır. Sizə maliyə dəstəyi haradan gəlir?

- Toylarda oxuyuram. Əsas gəlirim burdandır. Geyimləri, aksesuarlarımı isə fanatlarım təşkil edir. İnanın məni fanatlar, tamaşaçılar o qədər sevir ki, hətta xanımlar konsertdə brilliant sırğalarını qulaqlarından çıxarıb mənə verirlər.

- Bu yaxınlarda evlənəcəyiniz haqda xəbərlər yayıldı. Bu doğrudurmu?

- Vallah bu qədər söz-söhbəti çıxaranlar utanmırlar. Evlənmək ayıb deyil. Dinimizdə də var ki, hətta evlənmək savabdır. Amma mənim evlənməli oğlum var, qızım var. Mənim sənətimə xələl gətirmək üçün belə sözlər çıxarmaq ayıbdır.

- Bir layihədə iştirak elədiyiniz Zaur Baxşəliyevlə aranızda hansısa münsaibətin olduğu haqda şayiələr çıxmışdı. Bu barədə nə deyə bilərsiz?

- Zaur mənim qardaşımdır. Zaurun ailəsini də, onun nişanlısı Günayı da çox istəyirəm. Qeyri-peşəkar insanlar nəsə yaza bilmədiyindən özlərini, yazılarını Zaur və mənim adımla məşhur etmək istəyirlər. Amma hər kəs hər şeyi yaxşı bilir. Bir insanı ancaq yolda tanıya bilərsiz. Zaur özü də bilir ki, mən necə insanam. Hətta məni kimdənsə soruşmaq istəsələr, elə birinci Zaurdan soruşa bilərlər

- Daim qeyri-adiliyinizlə gündəmdəsiz. Bütün bunları hansı məqsədlə edirsiz?

- Bu saat bütün televiziyalar, qəzetlər, jurnallar istəyir ki, onlara maraq olsun. Mənim layihələrimə də müxtəlif adlar verirlər. Şama konsert verməyim haqda yazmışdılar. Axı mən şamı qarşıma qoyub, onun üçün oxumamışam. Bu, sadəcə, Füzulinin bir qəzəli ilə bağlı layihə idi. Əlbəttə ki, belə yazanda insanlar bunu normal qarşılamayacaq. Mən düzgün layihələr edirəm, sadəcə məni xalqa düz çatdırmırlar. Çünki jurnalistlər qeyri-peşəkardır. Necə ki, savadı olmayan insan müğənni ola bilməz, amma olur. Savadı olmayan jurnalist də peşəkar jurnalist ola bilməz. Təəssüf ki, Azərbaycanda çox sayda savadsız müğənni və savadsız jurnalist var.

Mən bütün bunlara təmkinlə yanaşıram. Yenə də öz işlərimi görürəm, əsərlərimi yazıram. Çünki, vaxtında pomidor, daş, yumurta atəşinə tutulan musiqiçiləri, qəbul olunmayan istedadları sonradan əliçıraqlı axtarırlar. Mənim düşüncələrim bəyənilməsə, mənim konsertim anşlaq olmazdı. Camaatın konsertinə 40-45 nəfər tapmaq olmursa, mənim konsertlərimdə inan ki, hətta bilet üstündə dava düşür.

- Yanğınsöndürənlərə konsert verməyə hazırlaşırdız. Məsələ nə yerdədir və niyə məhz yanğınsöndürənlər?

- Mən bir söz vermişəmsə, etməliyəm. Bəli yanğınsöndürənlərə konsertə hazırlaşıram. Artıq mahnılar da seçilib tərtibat üzərində iş gedir. Bu yaxınlarda konsertin dəqiq vaxtını açıqlayacağam. Mən konsert verərkən çox oturub fikirləşirəm. İstəyirəm ki, çox adam bu konsertdən yararlansın. Yanğınsöndürənlər bizim həyatımız üçün öz canlarını ortaya qoyurlar. Bizim üçün bu qədər fədakar olan insanları xalqın yadına salmaq istəyirəm. Bəlkə çoxuna adı gələn bu peşə, doğurdan da, neçə insanları xilas edib.

- Doğrudan özünüzü Ledi Qaqaya, Hande Yenere bənzədirsiz, yoxsa...

Əksinə, onlar özünü mənə oxşadır. Sadəcə xarici mətbuatda qeyri-peşəkar olmadığından onların etdiyi yeniliklər xalq düzgün çatdırılır. Bizimkilər isə o qədər ora-burasını əyib, məndən bir söz alıb başqa cür yazdırırlar ki, bəzən "dediklərimi" özüm də başa düşmürəm. Ledi Qaqa neynəyir ki, yenilik edir də. Amma niyə o qəbul olunur, məndə isə yox?

Əminə
AzNews.az