06:42
(077) 610-22-33

Elariz: “Səməd Səmədov yaxşı toy apardığı üçün Xalq artisti oldu”

  • >
2 077 6 Sentyabr 2012 14:03 | Şou-biznes

“Mən “Bakı”nı oxuyanda çoxu elə bilir ki, erməni mahnısı oxuyuram”


Müğənni Elariz Məmmədoğlunun AzNews.az-a müsahibəsi:

- Elariz müəllim, eşitmişik pəhrizdəsiniz. Arıqlamaq, plastik əməliyyat kimi işlərin ardınca çox vaxt qadınlar qaçır...

- Səhnə, görkəm deyilən bir şey var. Ona qadın da əməl etməlidir, kişi də. Hamı istəyər ki, yaxşı görsənsin. Əgər Elariz Məmmədoğlu böyük buxara papaqla səhnəyə çıxarsa, əlbəttə ki, mən buna pis baxacam. Bizim ağır çəkidə, böyük sənətkarlarımız olub. Amma hər-halda səhnədə yaxşı görünüş olmalıdır. Mən də bunu sənət naminə edirəm. Kim desə ki, "mən arıqlaya bilmərəm" yalandır. Əgər insan əziyyət çəksə, nəfisinə qənim kəsilsə, araqlayacaq.

- Deyirsiniz ki, incəsənət qurban tələb edir. Həmkarınız Cavanşir Məmmədov da səhnə görkəminə əl gəzdirdi. Amma onu cəmiyyət qəbul etmədi, çoxlu şayiələr yarandı...

- "O qızı tapın" filmində bir səhnə var. Nəsibə Zeynalova kürəkəninə deyir: "Buna bir bax, gedib dişlərini düzəltdirib. Elə bil məni dişləyəcək". Belə dövrlər vardı. Cəmiyyət o qədər aşağı səviyyəyə, aşağı mədəniyyətə malik idi ki, hətta diş düzəltdirməyi də eyib sayırdılar. İndi cəmiyyət bir qədər inkişaf edib. Cəmiyyətin müəyyən hissəsi də o filmdəki kimi aşağı səviyyədə qalıb. İnsanın saçı töküləndə tük əkdirirsə, bu normaldır. Diş əkirlərsə, niyə də saç əkilməsin? Tibb elmi buna nail olubsa, tük əkimi məhz kişilər üçün nəzərdə tutubsa, Cavanşir Məmmədov bundan nəyə görə faydalanmamalıdır? Müğənni plastik cərrahiyyəyə əl atırsa, o, bunu özü üçün deyil, tamaşaçılar üçün edir. Adi insanlar plastik əməliyyata əl atır. İnsanlar aktyorların bu hərəkətini qiymətləndirməlidir.

- Böyür-başınız, dost-tanışınız irəli getdi. Amma Siz hələ də sadəcə Elarizsiniz. Bu nə ilə bağlıdır?

- Adı dövlət verir. Dövlət tədbirlərinə mən də dəvət alıram. Elariz Məmmədoğlu yuxarıdan gələn zənglərdən heç vaxt imtina etməyib. Hara göndəriblərsə, getmişəm, ağına-bozuna baxmamışam. Amma neyləyim. Yəqin məni də nə vaxtsa sevindirərlər. Hər halda "yeməkdənsə ümid yaxşıdır" deyiblər. Məleykə Əsədovanın qızının ad günündə eşitdim ki, Səməd Səmədova ad veriblər. Onun 65 yaşı vardı. Həmişə düşünürdüm ki, 65 yaşında bir insan hələ də əməkdar artistdir. Niyə? O, çoxdan Xalq artisti olmalı idi. Buna çoxları deyindi. Məncə bu vaxtında verilən bir fərmandır. Bu ad ona çox yaraşır. Səmədin geniş dövlət səhnələrində deyil, Azərbaycan toylarında böyük əməyi var. Səməd Səmədova Opera və Balet Teatrının səhnəsində Məcnunun atası rolunu həvalə etmək olmaz. Amma ən çətin toyu Səmədin ixtiyarına vermək olar. Onda yaxşı idarəçilik, toy aparmaq qabiliyyəti var.

- Siz deyirsiz ki, fəxri adı "toy fəaliyyətinə" görə verilir? Səhnədəki xidmətlərinə görə yox?

- Bu Elariz Məmmədoğluya aid olan fikirdir. Səməd Səmədov oxumağı bacarır.

- Amma Əli Mirəliyev deyir ki, Səməd Səmədov erməni mahnıları oxuduğuna görə ona Xalq artisti adı verilib...

- "Bu qızların telinə bax" mahnıs var. Eldar Mansurov yazıb. O, görün kimin oğludur? Tarzən Bəhram Mansurovun. Səməd Səmədov bu mahnı ilə səhnəyə gəldi. Nəyi pisdir? Elə bir erməni mahnısı tanımıram ki, Azərbaycan toylarında səslənsin. Sadəcə, bir qrup insanlar var ki, əcnəbi dildə nə eşidirlərsə, onun erməni mahnısı olduğunu bəyan edirlər. Məsələn, mən toylarda və efirlərdə rus dilində "Bakı" haqqında mahnı oxumuşam. Gəlib qulağıma deyiblər ki: "Siz nə edirsiniz, bu erməni mahnısıdır". Deyirəm, sən bir bizim millətə bax, erməni ilə bəstəkar Tofiq Quliyevi dəyişik salırlar. Bir də ki, Azərbaycanda yaşayan rusdilli təbəqə var. Biz kimlərəsə görə onların üstündən xətt çəkə bilmərik. Axı onların da nostalji hissi var. Olmaz. Yerli mahnı olanda biri də gərək başqa dildə olsun.

- 5-10 il əvvəl şou-biznesdə başa verən əksər hay-küy, qalmaqalda sizin də adınız var idi. Sizcə bu sənət rəqabəti idi, yoxsa birinci olmaq. Bundan başqa, niyə indi az-az görünürsüz. Bəlkə pulunuz qurtarıb?

- Yox pul məsələsi deyil. Əslində ona rəqabət demirlər. Qalmaqalla məşğul olan prodüserlər, aparıcılar, rejissorlar var. Onlar verilişlərin baxımlı etmək üçün şou- biznesə, qalmaqala, hətta bəzən təhqirə də əl atırdı. Prodüserlər hardasa eşitmişdilər ki, qalmaqal olanda efir maraqlı olur. Hamının diqqəti həmin verilişdə olur. Amma şou-biznes qalmaqaldan ibarət deyil. Burada çox işlər var. Qalmaqal bunlardan biridir. 1-5 il qalmaqal, hay-küy. Daha nə qədər olar? İnsanlar yoruldular. Elə qalmaqal var ki, yalandan edirdilər.

- Siz özünüz də o yalançı qalmaqallardan birinin iştirakçısı olmusunuz...

- Hə. Danmayacam. Aparıcı və prodüser mənim dostlarım idi. Dedi ki, "Elariz, xahiş edirəm, yalvarıram, bir dənə yalandan qalmaqal edək, bizdən bunu tələb edirlər". Yaxın dostum olan müğənnini çağırdıq dedik ki, "dostluğun xətrinə yalandan belə bir rol aynamalıyıq". O da çox süni çıxdı. Belə süni qalmaqallar insanlarda ifrat hissi oyatdı. Daha insanlar qalmaqala inanmır. Veriliş aparıcıları da işlərini bunun üstündə qurublar. Əllərindən daha heç nə gəlmir. Halbuki çəkiləsi o qədər önəmli şeylər var ki. Bir mahnının yaranma tarixi ilə bağlı hələ bir veriliş görməmişəm.

- Niyə ki, İTV-də "Bir mahnının tarixçəsi" adlı veriliş yayımlanıb?

- Mən görməmişəm. O ayrı veriliş idi. Mən bizim studiyada yazdırdığımız mahnılardan danışıram. Heç kəs bilmir ki, biz bu mahnıları yazdıranda nə yollardan keçirik. Bunlara qalmaqal, onu-bunu söydürmək, saçyoldu lazımdır.

- Axı cəmiyyətin özündə də bir qalmaqal var. Hansı sahəyə baxsan hamı bir-birini qırır...

- Cəmiyyəti də yönəltmək lazımdır. Onları nə idarə edir? Efir. Bəs, efir kimin əlindədir? Qalmaqalçıların. İnsanları yönəltmək, bu şeylərə marağı artırmaq lazımdır.

- Elə "Bu Şəhərdə" hər dəfə Sizi cəmiyyətə bir cür təqdim edir. Aranızda müqavilə var?

- Müşfiq dostumdur. Qəfildən zəng edir, deyir ki: "Elariz hardasan, gəl gedək məşqə baxaq". Baxırıq, sonda da yeyib-içirik. Əgər İncəsənət Universitetində Aktyorluq və Rejissorluq Fakültəsini bitirməsəydim, yumur hissim olmasaydı, savadsız bir müğənni olsaydım, mənim olanlardan açığım gələrdi. Əlbəttə ki, onlara qadağa qoyardım. İndisə onları dəstəkləyirəm. Məsələn, tamaşaların birində "Bu Elariz kimdir ki, onun üçün yaradıcılıq gecəsi edirsiniz" fikiri səslənir. Coşqun birdən ayağa qalxır və deyir: "Siz nə danışırsınız, Elariz canlı korifeydir". Mən gülürəm, burada mən nə təhqir oluram, nə də korifey oluram. Əksinə, mənim adım Rəşid Behbudovla bir yerdə çəkilir. 10 ildən sonra buna baxacaqlar. Deyəcəklər ki, Elarizin adı gör kimlərlə çəkilib.

- Deyirsiniz aktyor və rejissorluq fakültəsini bitirmisiniz. Aktyorlar "Azərbaycanda rejissor yoxdur" ittihamı ilə çıxış edirlər...

- Azərbaycan rejissor sənətini çox yüksək qiymətləndirirəm. Amma məsələyə bir başqa tərəfdən baxaq. Ortada maliyyə məsələsi var. Yaxşı pul buraxsaydılar, filmlərimiz də gözəl olardı. Film pulla çəkilir.

- Deyəsən unutmusuz: Prezident teleserialların inkişafı ilə bağlı maliyyə yardımı ayırdı... Yəni pul var, amma ortada bir şey yoxdur...

- İndidən bu barədə danışmayaq. Bəlkə istedadlı əsər yaranacaq? Gözləyək də.

- Deyirsiniz ki, rejissoram, niyə film çəkmirsiniz?

- Allah adama çox istedad verir. Amma insan onun bir qolunu seçir. Mən də müğənniliyi seçdim. Mən filmlərə də çəkilmişəm. Rejissor, aktyor, bəstəkar, hətta mahnıya da söz yazıram, hansı qabiliyyət axtarsan, məndə taparsan. Amma müğənnilik daha yaxşıdır.

- Yəqin ki, bu sənətdən daha çox qazanırsınız?

- Razıyam. Pulum səhnədən çıxır. Azərbaycanda kino sənəti inkişaf etsəydi, mən müğənni olmazdım, filmlərə çəkilərdim. Aktyorluqla pul qazanmaq da asan deyil. O da əziyyətdir.

- Amma həmkarlarınız aktyorların müğənni kimi oxumalarını qısqanclıqla qarşılayırlar?

- Yox, mən buna yaxşı baxıram. Nə olar oxuyanda? O, mənim sənətimi əlimdən almır ki. Qoy oxusun da. Məleykə Əsədova da özünə görə oxuyur. Biz ona 6 saat toy aparan müğənni kimi baxmırıq. Bir mahnı oxuyur da. Ona necə deyək ki, sən oxuma? O sübut eləyir ki, gözəl aktrisadır, həm də oxuya bilir.

- Əli Mirəliyev də vaxtı ilə məşhur müğənni idi. Amma həmkarlarınız onu Məleykə Əsədovadan da aşağı müğənnilərin siyahısına yazıb...

- Əli Mirəliyev dövrün ən məşhur estrada müğənnisi olub. Bir müddət efirdə görünmədi. Qayıdanda isə qalmaqallarla çıxdı. İndi o, qalmaqallı adam kimi tanınır. Vəssalam. İnsanlar onu müğənni kimi qəbul etmir. O, Azərbaycan teleməkanında qalmaqallı bir insan kimi iz buraxdı.

Bahar Rüstəmli
AzNews.az
Bağla X