Eldar Qasımov Ukraynada çəkdirdiyi yeni klipini təqdim edəcək

"Eurovision 2011"in qalibi Eldar Qasımov "I am free" mahnısına çəkdirdiyi solo klipini təqdim edəcək. Aznews.az-ın məlumatına görə, sentyabr ayının 13-də E.Qasımov özünəməxsus tərzdə ifa etdiyi və artıq çoxsaylı dinləyicilərin sevimli kompozisiyasına çevrilən "I’m Free" mahnısına Ukraynada klip çəkilib.

"I’m Free" – özünü qəflətən keçmiş məcburiyyətlərindən və bağlılıqlarından azad hiss edən bir insanın emosional portretini, məhəbbət haqqında formalaşmış stereotiplər, yaradıcılıq və həyat tərzi haqqında bir mahnıdır. Keçmiş haqqında xatirələr hələ də güclüdür, insan qəlbini narahat edir, amma qarşıda olan yol geniş, gözlənilməz yeniliklərlə, sevincli gözləntilərlə və ümidlərlə dolu bir yoldur.

"Mən yalnız bir mahnı ifaçısından kənara çıxmaq istəyirəm, çünki adətən beynəlxalq müsabiqə iştirakçıları və qalibləri bununla qarşılaşır. Həm də "Running Scared" mahnısı yalnız bir hissəsi mənə aiddir, axı bu hiti biz duet şəklində ifa etmişik. Mənə bir solo ifaçısı kimi də tamaşaçıya deməyə sözüm var", E.Qasımov yeni solo işini şərh edərkən bunları deyib.

Müğənninin "Eurovision" qalibiyyətindən sonra ilk solo klipi 2012-ci ilin iyun ayının sonlarında Ukraynanın paytaxtı Kiyevdə aparılıb. Bu layihə bütünlüklə Ukraynanın məşhur "Euromedia Group" şirkətinin komandası tərəfindən həyata keçirilib. Layihənin ideya müəllifi və rejissoru Denis Qamzinov, operatoru Dmitriy Peretrutovdur. Klipin ərsəyə gəlməsi üçün nə az, nə çox düz 200 nəfər çalışıb.

Üzərinə böyük məsuliyyət düşən komanda insanı duyğulandıran "I’m Free" mahnısının tarixini əks etdirməli və əhval-ruhiyyəsini bütünlüklə klip vasitəsi ilə tamaşaçıya çatdırmalı idi: gecə və gündüzün ritminin dəyişməsinin dinamikası, qapalı gecə klubunun və açıq sahənin interyeri, həyatında əsaslı dəyişikliklər yaşayan qəhrəmanın emosional vəziyyətini hiss etməyə imkan yaradır...

Şəxsən Eldarın özü bilavasitə klipdəki rəqsin qurulmasında iştirak edib, hansı ki "Va-bank" şou-baleti ilə birgə "caz-fank" üslubunda qurulub. "I’m Free" kompozisiyasını Eldar Azerilife Music Entertainment prodüser mərkəzi ilə birgə yazıb, xüsusi ilə dj və prodüser Aligee (Əli Abbasbəyli) və Rasif Babayev də iştiak edib. Bu mahnı azərbaycanlı musiqi prodüseri Fərid Məmmədovun iştirakı ilə yazılıb.

Qeyd edək ki, E.Qasımov Azərbaycanın tanınmış musiqiçisi, aparıcısı və aktyorudur. 2011-ci ildə Eldar Nigar Camalla birgə ifa etdiyi "Running Scared" mahnısı ilə Avropanın ən mötəbər musiqi yarışması olan "Eurovision"un qalibi olub. Düz bir ildən sonra, 2012-ci ildə o, Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsini aparan üç aparıcıdan biri olub. Eldarın kino sahəsində debütü 2012-ci ilin sonunda premyerası nəzərdə tutulan Yuli Qusmanın çəkdiyi "Qorxma mən səninləyəm - II" filmində olub.

Fuad Mədətov
Aznews.az