13:27
(077) 610-22-33

“Bilmirəm, qızlar o “tupoy”un nəyini sevirlər…” - FOTOLAR

  • >
3 430 19 Avqust 2014 14:00 | Şou-biznes

İlk dəfə efirə teleaparıcı kimi çıxıb. Buna baxmayaraq, hamı onu aktyor, yumor ustası kimi tanımağa başladı. "Bozbash pictures" teletamaşasının Fəlakətinin – Elşən Orucovun Axşam.az-a müsahibəsini təqdim edirik:

- Fəlakət kimi tanınmağına, şəhərdə, sosial şəbəkələrdə sənə bu adla müraciət etmələrinə əsəbləşdiyin an olub?

- Əsəbləşmirəm... Amma hərdən narahat oluram. Hətta etiraf edim ki, Fəlakəti qısqanmışam da. Çünki onu məndən çox sevirlər.

- Əvvəl montajçı, sonra aparıcı, indi isə aktyor Elşən Orucov... Hansı sənə daha doğma idi? Hansı həyatında xoş iz qoydu, hansı səni yordu?

- İxtisasca Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişəm. Təbii ki, aktyor peşəsi mənim üçün daha doğmadır. Amma televiziyada işləməyim də mənə çox kömək oldu. Həm sənətimdə, həm fikirlərimin formalaşmasında televiziyadakı işimə borcluyam. Televiziya böyük məktəbdir. Hamısı mənə doğmadır. Amma mən universiteti bitirdikdən sonra teatrdakı bataqlığı görəndə fikirləşdim ki, mənim aktyorluq sevgim bura kimidir və uzaqlaşdım. Televiziyaya gəlməyim həm təsadüfən, həm də zərurətdən oldu. İndi xoşladığım işlə - aktyorluqla məşğul oluram, bu da mənə doğmadır.



- Haqqında çox şayiələr yayıldı: guya sənə ev, avtomobil verdilər. Bunları oxuyanda ilk reaksiyan necə oldu?

- Mən də hamı kimi bu xəbəri internetdən oxudum. Birinci güldüm. Sonra zənglər gəldi, ardınca daha da xoşagəlməz məlumatlar yayıldı. Narahat olurdum. İş o yerə çatdı ki, mənim bu şayiələri inkar etməyimə də insanlar inanmırdılar. Deyirdilər ki, əşi, gizlətdiyin bəsdir, o boyda saytlar yazır...

- Nə vaxtsa bu məşhurluqdan bezib yorulduğun olub?

- İşdən heç vaxt bezmirəm. İşləməyən adam görəndə ona qeyri-ciddi biri kimi baxıram. Ola bilər ki, müəyyən müddətlik istirahət edim. Amma dincələndə də işimi fikirləşirəm. Məşhur olmaq çox asan, sevilmək isə çətindir. Çox şükür ki, bu gün məni görən hər kəs məhəbbətini bildirir. Bu, mənim üçün dəyərlidir və məni çox xoşbəxt edir. Bundan bezmək, yorulmaq olmaz.

- Bu gün yumoristik obraz canlandıran aktyor kimi tanınırsan. Bəs, nə vaxtsa dramatik rolla da tanınmaq istəyərdin?

- Bəli. Məncə, pis alınmaz. Amma rejissorlar "Fəlakət"dən sonra buna inanmırlar. Bundan əvvəl də komik bir rolu canlandırmaq istəyəndə mənə heç kim inanmırdı. Sübut etdim ki, bacarıram. Bunu da isbatlamağı bacaracağam.



- Məşhurluğun ən gözəl tərəfi nədir?

- Sevilmək gözəl hissdir. Həm də bizim xalqımız çox istiqanlıdır. Bu gün məni haradasa görən ailə yaxınlaşıb, məhəbbətini bildirirsə, bu, mənə ancaq xoş təəssürat bağışlayır. Hətta bir dəfə Naxçıvana çəkilişə getmişdik, gözləri görməyən bir qadın bizə yaxınlaşıb sevgisini bildirdi. Çox qəribə hisslər keçirdim. Bunu sözlə ifadə edə bilmərəm...

- Müsahibələrinin birində oxumuşdum ki, "ikinci olmaq məni yorur" demisən. İndi birincilər siyahısındasan. Bu, necə duyğudur?

- Heç vaxt belə iddiam olmayıb. Birinci və ya ikinci olmaq önəmli deyil. Başa düşmüşəm ki, heç kimə layiq olduğundan artıq dəyər vermək olmaz. Həmişə bu kəlməni işlədirəm: Allah hamıya ürəyincə versin!



- Haqqındakı hansı şayiənin gerçək olmasını istəyərdin?

- Elə hamısının gerçək olmasını arzulayıram (gülür). Bir dəfə yalandan yazmışdılar ki, avtomobil qəzası keçirmişəm. Onun həqiqət olmasını istəmərəm.

- Bir az da Fəlakətin şəxsi həyatından danışaq... Sevgi cəbhəsində vəziyyət necədir?

- Burada hələ ki nisbi sakitlikdir.

- Ola bilməz ki, Fəlakətə sevgi etirafı edən qızlar olmasın...

- Hə... Çox olur. Elşənə sevgi etirafı edən yoxdur, amma Fəlakətə o qədər sevgi etirafları gəlir ki... Bilmirəm, qızlar o "tupoy"un nəyini sevirlər. Gül kimi məni bəyənmirlər.

- Yeni mövsümdə "Bozbash pictures"də hansı yeniliklər olacaq?

- Fərqli bir layihə ilə gəlirik. Bunu etməyin vaxtı çoxdan çatmışdı. Artıq işlərə başlamışıq. Az qalıb, gözləsinlər...

- Bəs, yayda heç dincəlmədin?

- Müsahibəni bitirdikdən sonra, hava limanına yollanıram. Dostlarımla birlikdə xaricdə dincələcəm. İşimiz o qədər çox idi ki, bu yay istirahət edə bilməmişdik.



AzNews.az
Bağla X