21:33
(077) 610-22-33

Azərbaycanlı müğənniylə rejissor arasında qalmaqal yarandı

  • >
821 21 Sentyabr 2012 12:26 | Şou-biznes

Müğənni: “İndi peşmanam ki, müqavilə ilə işləməmişəm”



Müğənni Yaşar Cəlilov ona uğur gətirən "Bilməzdim" mahnısının yerli serialda soundtrek kimi istifadə olunmasına qadağa qoyub. AzNews.az-ın məlumatına görə, əvvəl serialın prodüseri və rejissoru Mahir Cananovla "Satko" serialında əməkdaşlığa razılıq verən müğənni, sonradan fikrindən daşınıb.

Y.Cəlilov çəkilişlərdə iştirak etdikdən sonra bu qərara gəlib. Müğənni və rejissor arasındakı işbirliyi qanuni şərtlərə uyğun olmadığı üçün ortaya müxtəlif problemlər çıxıb.

Müğənni AzNews.az-a açıqlamasında narazılığın səbəbini açıqlayıb:

"Əvvəlcə Mahir Cananov şəxsən özü musiqinin soundtrek kimi istifadə olunmasını təklif etdiyi halda qonorar verməkdən imtina etdi. Nə müqavilə, nə də qonorar təklif etmədən məni filmin çəkilişlərinə dəvət etdi. Ortaq dostlarımız olduğu üçün təklifə razılıq verdim".

Filmin tanıtım musiqi çarxının çəkilişlərində iştirak edən müğənni həmin vaxt qeyri-dəqiq iş şəraiti ilə üzləşib və bu narahatlıqlar həll olunmadan davam edib:

"Təsəvvür edin, çəkiliş saatı təyin olunduğu vaxt bütün işlərimdən imtina edib, meydançaya gəlirəm, vaxt uzanır, pərakəndə çəkiliş gedir, rejissor həmin saatda başqa çəkiliş edir. Mən sənətçiyəm, ekstra tədbirlərim, studiyada yaradıcılıq işlərim var. Əgər mən qonorarımdan və əlavə gəlirimdən imtina edirəmsə, bu cür münasibət görməməliyəm. İndi peşmanam ki, müqavilə ilə işləməmişəm. Çünki, indi belə narahatçılıq da olmazdı. Ona görə də, "Bilməzdim" mahnısının "Satko" filmində soundtrek olmasına da qadağa qoydum".

Serialın prodüseri M.Cananov isə soundtrek üçün adını açıqlamadığı başqa müğənni ilə razılaşdığını və bunun üçün maddi vəsait aldığını deyib.

Y.Cəlilov isə başqa mahnının filmə uğur gətirəcəyinə inanmadığını söyləyib:

"Baxarıq, izləyərik. O özü mənə demişdi ki, "Bilməzdim" mahnısı bütünlükdə filmin motivini ifadə edir. Yeri gəlmişkən, "Bilməzdim" mahnısı "Youtube"da 2 milyona yaxın istifadəçi tərəfindən izlənilib. Məhz o mahnımın təbliğata ehtiyacı yoxdur. Yenə başqa mahnı olsaydı, deyərdim sağ olsun".

Hər iki tərəf aralarındakı münasibətin hələ də normal olduğunu desə də, bu normal münasibət özünü əməkdaşlıqda təsdiqləmədi.

Fuad Mədətov
AzNews.az
Bağla X