09:32
(077) 610-22-33

DVJ Ulka DJ Çinanın bostanına daş atdı: “Bizim dj-lər çox geridə qalıb”

  • >
1 060 26 Sentyabr 2012 10:24 | Şou-biznes



Ötən əsrin əvvəllərində yaranan disk jokey, yəni di-cey sənəti xaricdə yetərincə inkişaf edib və incəsənətin, şou-biznesin ayrılmaz qoluna çevrilib. Bizdə isə bu sahəyə ciddi diqqət yoxdur. Bununla belə, bizdə dj qızlar da var imiş. Müsahibimiz DVJ Ulka təxəllüsü ilə çıxış edən Ülviyyə Şahbazovadır.

- Ülviyyə xanım, necə oldu ki, bu sənəti seçdiniz?

- Ali təhsilimi Moskvada almışam, İqtisadiyyat Universitetini menecer ixtisası üzrə bitirmişəm. Amma həmişə marağım musiqiyə olub. 2001-ci ildən di-cey, 2006-cı ildən isə dvj kimi fəaliyyət göstərirəm. Dj olmaq üçün məşhur dj Qruvun məktəblərdə oxumuşam. Onun, dj Smash və dj Fanar kimi tanınmışlardan dərslər almışam.

Montaj üzrə isə "Ostankino" telekompaniyasının nəzdində kursları bitirmişəm.

- Bəs, niyə buraya gəldiniz?

- Moskvada özümə görə baş çıxarırdım, öz publikam da var idi. Amma karyera qurmaq istəmədim, çünki ruslar başqa millətlərə ikinci dərəcəli baxırlar. Həm də istedadımı vətənimdə göstərmək istədim.

- DVJ nə deməkdir?

- Çoxları, xüsusilə də bizdə, nəinki dvj, heç dj sözünü də tam anlamırlar. Əslində, dj yalnız vinil val ilə, yəni plastinka ilə işləyir. Bizdə isə ancaq SD ilə ilə işləyənlər də özlərini dj adlandırırlar, halbuki onlara si-cey deyirlər. Çoxu da adına görə, "Pioner" aparaturasında işləməyə üstünlük verir. Halbuki, elə aparaturalar var ki, "Pioner" onların yanında heç nədir. Bizim dırnaqarası dj-lərimiz skreyc, yəni vinil diski farlatmanı da ancaq bir formada edirlər, yəni dala-qabağa. halbuki bunun 12-yə kimi növü var. Yeri gəlmişkən, indi vinil plastinkalar Rusiyada bizim pulla 100 manatadır.

Vj isə videonu miks edir. Məsələn, vj-lər iki fərqli klipi elə miks edirlər ki, düşünürsən ki, iki ayrı-ayrı müğənni bir yerdə klip çəkdirib. Dünya vj-ləri artıq öz mikslərini monitorda deyil, binaların üzərində göstərirlər. Məsələn, Londonda Maksidol, Patrikson kimi bacarıqlı vj–lər var. Həm dj, həm də vj sənətini özündə birləşdirən şəxsə dvj deyirlər.

- Son iki ildə Bakıya xaricdən bir neçə dj qız qastrola gəlib. Onların konsertləri bizdə belə təsəvvür yaratdı ki, dünyada yeni tendensiya yaranıb - səhnədə soyunan seksi qız dj-lərə üstünlük verilir.

- Seksi dj-lər açıq-saçıq geyinməklə, atılıb-düşməklə publikanın nəzərini öz üzərlərinə çəkirlər. Bununla da onların işinə, etdikləri mikslərə diqqət azalır. Çoxları belə konsertlərə çılpaq qızın şousunu görməyə gedir.

- Yəni soyunan dj qızların işləmə qabiliyyəti o qədər də yüksək deyil?

- Rusiyalı dj Benzinanın işləməyini şəxsən görmüşəm, istedadlı qızdır. Məncə, onun səhnəyə çılpaq çıxmasına ehtiyac yoxdur. Öz rəqqasları, gözəl şousu var. Amma buna görə, onun işinə diqqət yetirən çox az olur. Çılpaq dj qızların çoxlarının işini dinləmişəm, elə bir səviyyəsi yoxdur. Buna görə, səhnəyə çılpaq çıxırlar. Bu, artıq sənət deyil, biznesdir.

- Sizcə, belə bir tendensiya bizə də gələ bilər?

- Bunu bizim qızlara heç yaraşdırmıram. Ayıbdır, bizim öz mentalitetimiz var. Onsuz da bizdə dj qızlar yox dərəcəsindədir. Biri haqda eşitmişəm, amma tanımıram, işi ilə də tanış deyiləm.

- Bəs, kişi dj-lərimiz barədə nə deyə bilərsiniz?

- Kişi dj-lərimizi dinləmirəm. Bir-ikisi ilə eyni səhnədə çıxış etmişik. 2010-cu ilin yayında Bakıda istirahət mərkəzlərindən birinin açılışına dəvət alan dj-lərdən biri də mən olmuşam. Təəccübləndim ki, onlar yeniliyə də pis baxırdılar. Mənə deyirdilər onu eləmə, bunu eləmə, başa düşməzlər. Onlarda heç vinil val da yox idi. Bir sözlə, dünya səviyyəsinə çatmağımıza hələ çox var. Radiolarımızda da elə dj-lər yoxdur ki, müxtəlif janrlardan ibarət gözəl proqram hazırlayıb, səsləndirsinlər.
Çoxları dj-lərə barmaqarası baxırlar, yəni onların, sadəcə, mahnıqoyan olduğunu düşünürlər. Amma bu, böyük bir sənətdir. Dj hər bir mahnını hiss etməlidir ki, ritmlərini uyuşdursun. Bizim dj-lərə fikir verin. 99 faizi intro ilə altronu birləşdirməkdən başqa heç nə bilmir, yəni bir mahnının sonu ilə digərinin əvvəlini birləşdirirlər. Halbuki, miksin çox növləri var.

- Dj-lərimiz çoxdur. Amma efir vasitəsilə ən çox tanınan dj-miz Çinadır. Onun işləri barədə nə deyə bilərsiniz?

- Çina yaxşı insandır. Amma onun işini, mikslərini bəyənmirəm. Cəlbedici bir işini görməmişəm. Yaxşı iş özü-özünü tanıdır. Türkiyəli məşhur dj Onuru niyə tanıyırıq? Çünki mikslərində şarm var, adamı çəkir. Hələlik, klublarımızda apardığım müşahidələrə əsasən deyə bilərəm ki, bizdə bu sahədə heç bir inkişaf yoxdur. Stadionu yığan dj-lərimiz yoxdur. Burada ancaq xaricdən gələn lüt dj qızların konsertlərinə gedirldər.

- Maraqlıdır, yəni dj-lər bir stadion tamaşaçı da yığa bilirlər?

- Əlbəttə. Mən Avropa dj-ləri Armin Vanbürenin, Fiestanın konsertlərində olmuşam. Rusiyada da dj Smash, dj Qruv stadion yığırlar və bunu görməyə dəyər. Amma lütlənən dj qızlar stadion yığa bilmirlər. Onların klub konsertlərinə gələnlər də, əsasən, oğlanlar olur. Artıq dj qızların lütlənməsi də dəbdən düşüb. İndi hər yerdə işin keyfiyyətinə diqqət yetirirlər. Buna görə, müasir dövrdə yaxşı dicey olmaq çox çətindir. Yeri gəlmişkən, Avropada, Amerikada dj-lərin səhnədə lütlənməsi söhbəti, ümumiyyətlə yoxdur. Amma onlar stadionda yığırlar. Məsələn, Amerikada dj Samanta Romson var. Hətta, Hollivud ulduzları da onun kimi səviyyəli dj-lərin işi üçün ölürlər.

AzNews.az
Elşad ÜMİD
Bağla X