Şövkət Ələkbərovanın tələbələri susdular

Bu həftə Xalq artisti, milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış müğənni Şövkət Ələkbərovanın 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalandı.

AzNews.az-ın əməkdaşı Ş.Ələkbərovanın 90 illik yubileyi ilə əlaqədar tədbirlər planından xəbərdar olmaq üçün mərhum sənətkarın tələbələri ilə əlaqə saxlayıb. Xalq artisti Könül Xasıyevaya gün ərzində dəfələrlə zəng vursaq da, telefona gəlmədi. Dəstəyi götürən bacısı "Könül rayondadır. Mən ona deyərəm, sizi yığar"- dedi.

Əməkdar artist Aybəniz Haşımova isə onu bu zirvəyə çatdıran müəllimi Şövkət Ələkbərova barəsində danışmaq istəmədi: "Mənim vaxtım yoxdur. Başım bərk qarışıqdır"- deyə bildirdi.

Əməkdar artist Almaz Orucova isə S.Ələkbərovanı həm keçmiş, həm də gələcək nəsil üçün böyük bir məktəb adlandırdı: "Bu danılmazdır. Şövkət xanım dahidir. O, tək tələbələrinə aid olmayıb, böyük musiqi aləminin müəlliməsidir.

Xalqımızın da musiqi zövqünün formalaşmasında Şövkət Ələkbərova sənətinin, səsinin, ruhunun və xanımlığının böyük rolu var. Elə insanlar var ki, sənətləri ilə fəxr edirlər. Amma insanlıq cəhətdən onları qəbul edə bilmirik. Şövkət xanımda isə bunlar tamamlanmışdı. Onun oxu mədəniyyətində insanlığı aydın şəkildə görsənir. Onun ifası bir tərbiyyədir".

Bahar
AzNews.az