Önümüzdəki isti aylar bölgə və onun ətrafında gedən siyasi proseslər üçün də yüksək hərarət vəd edir. Hər halda, hərbi əməliyyatlardan ötrü əlverişli sayılan yay mövsümü həmişə siyasi dinamikanın güclü hərəkətverici qüvvəsi kimi çıxış edib. Bu mövsüm də yəqin ki, istisna olmayacaq. Xüsusən də “barıt çəlləyi”ni xatırladan, qlobal və regional güclərin həyati maraqlarının kəsişdiyi Güney Qafqazla bağlı belə proqnozu vermək mümkündür. Önümüzdəki isti aylar bölgə və onun ətrafında gedən siyasi proseslər üçün də yüksək hərarət vəd edir. Hər halda, hərbi əməliyyatlardan ötrü əlverişli sayılan yay mövsümü həmişə siyasi dinamikanın güclü hərəkətverici qüvvəsi kimi çıxış edib. Bu mövsüm də yəqin ki, istisna olmayacaq. Xüsusən də “barıt çəlləyi”ni xatırladan, qlobal və regional güclərin həyati maraqlarının kəsişdiyi Güney Qafqazla bağlı belə proqnozu vermək mümkündür.

ABŞ Azərbaycanın “Qərb qapısı”nı nəzarətə götürür – İlginc gəlişmə

Önümüzdəki isti aylar bölgə və onun ətrafında gedən siyasi proseslər üçün də yüksək hərarət vəd edir. Hər halda, hərbi əməliyyatlardan ötrü əlverişli sayılan yay mövsümü həmişə siyasi dinamikanın güclü hərəkətverici qüvvəsi kimi çıxış edib. Bu mövsüm də yəqin ki, istisna olmayacaq. Xüsusən də “barıt çəlləyi”ni xatırladan, qlobal və regional güclərin həyati maraqlarının kəsişdiyi Güney Qafqazla bağlı belə proqnozu vermək mümkündür.


Böyük ehtimalla, məhz qarşıdakı aylar region uğrunda rəqabət aparan iki əsas güc mərkəzinin - Rusiya və Qərbin (ABŞ, NATO, Avropa Birliyi) münasibətlərində əhəmiyyətli aydınlaşma ilə yadda qalacaq. Bu aydınlaşma Cənubi Qafqazın geosiyasi, energetik və iqtisadi vahid olaraq bundan sonrakı inkişafının, həmçinin Qarabağ ixtilafının həlli perspektivinin yekun vektorlarını cıza bilər.

***
Kreml şübhə yox ki, bunun fərqindədir və tələsir. Artıq Rusiyadan yan keçəcək və "Şahdəniz-2" Azərbaycan qazını Avropaya çatdıracaq 45 milyardlıq Cənub Qaz Dəhlizinin (TANAP, TAP) inşası həlledici fazaya keçib. Qərarlar verilib, layihənin reallaşması üçün maliyyə problemi aradan qalxıb. Rusiyadan yan ötən növbəti iri kommunikasiya layihəsi - Bakı-Tiflis-Qars dəmir yolunun inşası isə bu il yekunlaşacaq.



Bu layihələri əngəlləmək üçün Moskvanın tək sınanmış yolu bölgədə hərbi cəhətdən möhkəmlənmək və öz təsirini artırmaqdır. Regionun siyasi anlamda da, coğrafi anlamda da əsas "Qərb qapısı" sayılan Gürcüstanda (Abxaziya, Cənubi Osetiya) Rusiya hərbi bazaları artıq yerləşib. Ancaq bu, qeyri-legitim mövcudluqdur. Rusiya isə indi həm də bölgənin əsas "Şərq qapısı" Azərbaycana hərbi cəhətdən qayıtmaq istəyir - ancaq sülhməramlı qüvvələr adı ilə və legitim qaydada.

Məlumatlara görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun son Bakı səfəri zamanı Kremlin Bakı qarşısında qoyduğu tələblərdən biri elə bununla bağlı olub. Lakin rəsmi Bakı ona olumlu cavab verməyib. Ancaq çətin ki, Rusiya öz hədəfindən əl çəksin. Çünki söhbət onun köklü maraqlarından gedir. Cənubi Qafqaza nəzarətin itməsi isə Şimali Qafqazın da əldən getməsinə və Xəzər hövzəsində dominantlığın itirilməsinə gətirəcək. Bu üzdən Moskvanın Qarabağ münaqişəsi zonasında məqbul bildiyi müddətdə idarə olunan konfrontasiya yaratmaqda maraqlı olduğu deyilir.

***
Sözsüz ki, bu planlardan ABŞ və NATO xəbərdardır və onlara qarşı kontur-tədbirlər, ön hazırlıqlar içindədir. Ötən həftə ABŞ Konqresində Rusiyaya qarşı antiişğal qanunu layihəsinin gündəliyə salınması bu qəbildəndir. Xəbər verdiyimiz kimi, sənəddə Gürcüstanın ilhaq edilmiş bölgələri ilə bağlı müddəalar da yer alıb.

ABŞ və NATO-nun birgə hərbi nümayəndə heyətinin srağagün Gürcüstana səfərə gəlməsi də eyni kontekstdə qiymətləndirilə bilər. Məlumatlara görə, ABŞ-ın Avropadakı silahlı qüvvələrinin komandanı, general-leytenant Frederick Ben Hodgesin rəhbərlik etdiyi heyət Batumi limanının buraxılış qabiliyyətini və infrastruktur imkanlarını araşdıracaq. Yaxınlaşan Gürcüstan-NATO hərbi təlimlərində iştirak etmək üçün Amerikanın hərbi texnikaları məhz bu liman vasitəsilə gətirilməlidir. NATO mütəxəssisləri dəniz limanı ilə yanaşı, Batumi beynəlxalq hava limanına da baxış keçiriblər.



"Layiqli Tərəfdaş" adlı irimiqyaslı təlimlər gələn ay keçiriləcək. Gürcüstanın NATO ilə hər il keçirdiyi bu təlimlər Vaziani poliqonundakı NATO Təlim Mərkəzinin ərazisində təşkil olunur. Ancaq maraqlıdır ki, bu dəfə Amerika arsenalının tərkibini genişləndirmək qərara alınıb. O sırada ilk dəfə olaraq birgə təlimlərdə ABŞ-ın "Abraams" tankları da iştirak edəcək. Bolqarıstandan bərə vasitəsilə yüzlərlə belə tank gətiriləcək. Yəni budəfəki hərbi təlim Rusiyaya daha güclü "əzələ nümayişi" təsiri bağışlamalıdır.

***
"Belə mötəbər nümayəndə heyətinin Gürcüstandan sonra regionun digər ölkələrinə də ziyarət etmək planı onu göstərir ki, may təlimləri səfərin yeganə məqsədi deyil". Bunu "Arsenali" hərbi-analitik jurnalının baş redaktoru İrakli Aladaşvili deyib. Gürcü ekspertin fikrincə, alyansın bu aktivliyi Rusiyanın son zamanlar bölgədə fəallaşması ilə bağlı ola bilər.

"Krımın ilhaqı Qərb üçün tamamilə gözlənilməz oldu. Hərçənd, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra Qərb ayıq-sayıq olmalı idi. Ona görə ki, Rusiya öz təcavüzkarlığını Qara dəniz akvatoriyasında ilk dəfə məhz o vaxt göstərmişdi. Hər halda 90-cı və 2000-ci illərdə Qara dənizdə Türkiyə şəksiz üstünlüyə malik idi. Rusiya tədricən ona çatmağa çalışır. Krımın ilhaqı və Abxaziyanın işğalı bu baxımdan onun mövqelərini gücləndirib. NATO və ABŞ anlayır ki, Qara dənizdə əvvəlki nüfuzunu bərpa etmək üçün bloka üzv olan və üzv olmağa çalışan sahilboyu ölkələrin hərbi dəniz qüvvələrini və dəniz infrastrukturunu gücləndirməlidir" - politoloq qeyd edib.



***
Vazianidəki NATO təlim mərkəzinin Rusiyanın qulağının dibində təşkil edəcəyi bu təlimlərin sonuncuda ciddi qıcıq yaradacağı şəksizdir. Yada salaq ki, ötən il - Mərkəz formalaşanda Moskva bunu "bölgədəki təhlükəsizliyi təhdid edən təxribat" adlandırmışdı. Bır sıra təhlilçilər o qənaətdədir ki, Rusiya ABŞ və NATO-nun regionda artan təsirini neytrallaşdırmaq üçün burada daha da möhkəmlənməyə çalışır, eyni zamanda tələsir. "Qarabağ kartı" da ən çox bu yöndə Kremlə gərək ola bilər.




Yeri gəlmişkən, tanınmış rusiyalı politoloqlardan Andrey Piontkovski 4 günlük müharibən sonra Moskvanın Dağlıq Qarabağa zonasında sülhməramlı adı ilə öz qüvvələrini yerləşdirmək istəyi arxasında Azərbaycandan çox Gürcüstana nəzarəti gücləndirmək istəyinin durduğunu söyləmişdi.

Sitat: "Bölgədəki gərginlikdə daha çox Moskva maraqlıdır. Putin istəyir ki, dahi sülhməramlı kimi bu regionda sülhün bərqərar olması üçün öz xidmətlərini təklif etsin. Həm də məhz bu sülhməramlılıq qulaqlarını döyən Qərb dövlətlərinin icazəsi ilə, açıq şəkildə dövlətlərin təmas xəttinə qoşun yeritməyə imkan verəcək. Bu isə Moskvanın Gürcüstan üzərində olan çoxdankı nəzarətinin Azərbaycana da şamil edilməsidir. Ani olaraq Rusiyanın Ermənistandakı Gümrü bazasına dəhlizin açılması məsələsi ortaya çıxır ki, bu dəhliz də Gürcüstandan keçir".

***
Güney Qafqazda Rusiyanın mümkün hədəfləri barədə Türkiyənin "Habertürk" nəşrinin yazdıqları da diqqət çəkir. "Azərbaycanla Ermənistan arasındakı konfliktdə enerji amili hansı yeri tutur? Səbəblərdən biri bu ola bilər ki, Rusiya getdikcə güclənən izolyasiya nəticəsində daha aqressiv davranış sərgiləyir. Aydındır ki, BMT Krımın statusu barədə qiymətləndirmə etməyincə, Rusiyanın Avropaya qaz satışı çətin olacaq" - nəşr qeyd edir.

"Habertürk"ün yazdığına görə, Rusiya Avropaya "Şimal axını -2" layihəsi üzrə qaz çatdırmaq uğrunda mübarizə aparırkən AB ölkələri Azərbaycan, İsrail, Cənubi Kipr kimi alternativ qaynaqlar axtarışındadır. "Daha bir fakta diqqət eləmək lazım gəlir: son vaxtlar ABŞ da daxil, bütün maraqlı tərəflərin iştirakı ilə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılmasına həsr olunmuş görüş keçirilib (Bakı sammiti nəzərdə tutulur-red.) Layihə artıq bəyənilib. Bu fakt Rusiyanın narahatlığı üçün əsas ola bilərmi?" - nəşr sonda sual qarışıq əlavə edib.

***
Bir şeyi dəqiqliklə söyləmək olar ki, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən "Qərb çıxışı"na nəzarəti saxlamaqdan ötrü ABŞ və NATO 2008-ci illə müqayisədə indi qat-qat tədbirli görünür. Kreml bu tədbirləri neytrallaşdıra biləcəkmi? Onu da əlavə edək ki, tanınmış hərbi ekspert Pavel Felqenqauer Rusiya və ABŞ-ın (NATO-nun) toqquşa biləcəyi bölgələr arasında Cənubi Qafqazın da adını çəkib.

Musavat.com