15:20
(077) 610-22-33

Kataloniya və Qarabağ

  • >
1 027 26 Noyabr 2011 07:48 | Siyasət

Elxan Şahinoğlu



Bazar günü İspaniyanın Kataloniya bölgəsində yerli parlament seçkiləri keçirildi. Gözlənildiyi kimi, bölgənin İspaniyadan ayrılmasını tələb edən partiyalar üstünlük təşkil etdilər. Beləliklə, Şotlandiyanın ardından, Kataloniya da müstəqilliyə doğru irəliləyir.

"Avropada yeni dövlətlərin peyda olmasının Dağlıq Qarabağ danışıqlarına da təsiri ola bilərmi" sualı üzərində düşünməyə dəyər. Ermənilər Kosovoda olduğu kimi Şotlandiya və Kataloniyanın da mümkün müstəqillik tələblərini əllərində rəhbər tutaraq, referendum məsələsini gündəmə gətirməyə çalışacaqlar. Demək, Şotlandiya və Kataloniya ilə Dağlıq Qarabağ arasındakı fərqlərin varlığını erməni separatçılarına anlatmaq lazım gələcək.

Kataloniya İspaniyada geniş muxtariyyətə malik bölgədir. Təxminən 32 min kvadrat kilometr ərazisi və 7 milyon əhalisi (bu, İspaniya əhalisinin 15 faizidir) olan Kataloniyanın paytaxtı Barselona şəhəridir.

Kataloniya ilk dəfə 1871-ci ildə İspaniyadan ayrılmağa çalışır, ancaq uzun danışıqlardan sonra krallığın tərkibində qalmağa davam edir. 1898-ci ildə ABŞ-la müharibədə müstəmləkələrini itirən İspaniya krallığının tənəzzül dövrü başlayır və bu, Kataloniyaya da sirayət edir.

1914-cü ildə bölgədə yerli özünüidarə şurası formalaşır. İspaniyanın o zamankı diktatoru Primo de Rivera şuranın müstəqillik əldə etmə çalışmalarının qarşısını alır. Kataloniya ilk dəfə 1932-ci ildə İspaniya Respublikasının tərkibində muxtariyyət statusu qazanır. Ancaq bölgə bu statusdan faktiki bəhrələnə bilmir. Çünki 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlayır. Diktator Frankonun silahlı qüvvələri 1939-cu ildə Barselonaya daxil olaraq yerli respublikaçılara divan tutur. Kataloniya muxtariyyət hökumətinin başçısı Luis Kompanis edam edilir. 1977-ci ildə Frankonun ölümündən sonra İspaniyada referendum keçirilir və referendumun nəticəsinə əsasən, İspaniya yenidən konstitusiyalı monarxiya sisteminə qayıdır. Kataloniya ikinci dəfə 1979-cu ildə muxtariyyətinə qovuşur. 1980-ci ildə burada keçirilən parlament seçkilərində Jordi Pujol muxtar bölgənin baş naziri seçilir. Kataloniya Parlamenti 135 deputatdan formalaşır və prezidenti dörd ildən bir seçir.

Əhalisinin əksər hissəsi katalonlardan formalaşan bölgədə iki rəsmi dil var: katalon və ispan dili. Katalon dili roman dil qrupuna aiddir, ispan dilindən fərqlənir. Kataloniyanın dövlət universitetlərində və məktəblərində təhsil katalon dilində aparılır. Yaşayış məntəqələrinin əksəriyyəti katalon mənşəlidir.

Kataloniya iqtisadi nöqteyi-nəzərdən İspaniyanın ən inkişaf etmiş bölgəsi sayılır. Kataloniyanın milli daxili məhsulunun həcmi Finlandiya və Danimarka ilə eynidir. Bölgə İspaniya milli daxili məhsulunun 23 faizini verir. Adambaşına düşən milli daxili məhsul isə Almaniyadakı kimidir. İspaniyanın kimya, maşınqayırma və tikiş sənayesinin böyük hissəsi Kataloniyada yerləşir. Yeraltı sərvəti olmayan bölgədə kənd təsərrüfatına əhalinin cəmi 2 faizi cəlb olunub.

Göründüyü kimi, Kataloniya iqtisadi baxımdan inkişaf etdiyindən muxtariyyətin artırılması mövzusu bölgənin siyasi dairələrində daima gündəmdədir. 2003-cü ildə Paskual Maraqall Kataloniyanın prezidenti seçildikdən sonra seçicilərə bölgənin statusunu dəyişdirəcəyini vəd edir. Bu vəddən bir il sonra işçi komissiya təsis edilir və yeni status üzərində çalışmalara başlanılır. 2005-ci ildə Kataloniya parlamenti böyük çoxluqla bölgənin yeni status mətninə səs verir. Bu sənəd İspaniyanın müvafiq orqanlarına göndərilir. Kataloniyanın yeni statusu İspaniyanın dövlət və ictimai dairələrində geniş müzakirə mövzusuna çevrilir. Mərkəz muxtar bölgənin daha böyük status istəyini etirazla qarşılayır. Yeni status sənədindəki maddələrin İspaniya Konstitusiyası və qanunlarına zidd olması vurğulanır. Kataloniya rəhbərliyinə zidd maddələrin dəyişdirilməsi tövsiyə edilir.

Bu arada, İspaniyanın şəhərlərində ölkənin bütövlüyü uğrunda mitinqlər düzənlənir. İspaniya müxalifəti Kataloniyanın istəyinə yumşaq münasibət göstərdiyi üçün Baş nazir Rodriqes Sapaterorunu tənqid edir. Müxalifət liderlərindən Marinao Rahoy baş nazirə müraciətində deyirdi: "Siz İspaniyanı hara apardığınızı bilmirsiniz. İspaniyanın dağılması təhlükəsi var. Bu siyasətin sonu yoxdur".

Vəziyyətin böhranlı nöqtəyə gəlməməsi üçün qarşılıqlı razılaşma əsasında Kataloniyanın yeni status layihəsinə müvafiq düzəlişlər edilir. 2006-cı il iyunun 18-də keçirilən referenduma maraq az olsa da, sənəd bəyənilir. Bununla da Kataloniyanın muxtar statusu bir qədər də artırılır.

Yeni status anlaşmasına görə, Kataloniya ilə İspaniya arasında səlahiyyət bölgüləri dəqiqləşdirilir. Madrid Kataloniya hökumətinin səlahiyyətinə daxil olan məsələlərə qarışmamaq öhdəliyi götürür. Bölgə geniş iqtisadi səlahiyyətlər qazanır. Yığılan verginin tən yarısı Kataloniyada qalır. Hava və dəniz limanları, telekommunikasiya sahələri, daxili təhlükəsizlik və ədliyyə sistemi Kataloniya hökumətinin səlahiyyəti çərçivəsinə daxil edilir.

Kataloniyaya verilən geniş səlahiyyətlərə baxmayaraq, katalonların təxminən yarısı müstəqilliyə tərəfdardırlar. Avropada iqtisadi böhran dərinləşdiyindən katalonların müstəqillik tələbləri daha gur səslənir. Çünki, İspaniyada işsizlik artır, iqtisadiyyatda tənəzzül yaşanır, Kataloniya isə artıq Madridə vergi vermək istəmir.

Kataloniyanın statusu və onun ətrafındakı müzakirələrin Dağlıq Qarabağ üçün mühüm dərsləri ola bilər.

Birincisi, Dağlıq Qarabağdan fərqli olaraq Kataloniya varlı bölgədir və məhz daha çox maliyyə resurslarına nəzarət etmək üçün hər dəfə statusunun artırılmasına çalışır. Dağlıq Qarabağın isə, əksinə, gələcəkdə əlavə maliyyə resurslarına – Bakının ianələrinə ehtiyacı olacaq. Başqa sözlə, Dağlıq Qarabağın "müstəqilliyə" deyil, Azərbaycanla bağlılığına ehtiyacı var ki, daha çox maliyyə vəsaitinə yiyələnə bilsin və bu, yekun status anlaşmasında da yer alsın.

İkincisi, Kataloniyada etnik təmizləmə olmayıb, katalonlar ətraf torpaqları işğal etməyiblər. Qarabağın erməni separatçıları isə torpaqları boşaltmadan, azərbaycanlıları geri buraxmadan "statusdan" və "referendumdan" danışırlar. Bunun mümkün olmayacağı isə onlara da bəllidir.
Bağla X