23:54
(077) 610-22-33

“Yeni Müsavat”ın 2 tanınmış üzvü partiyadan getdi - “...siz də qərar verin”

  • >
2 906 2 Avqust 2016 11:44 | Siyasət

"Yeni Müsavat" qəzetinin 2 əməkdaşı Müsavat Partiyasından istefa verib.


AzNews.az xəbər verir ki, istefa verən şəxslər qəzetin baş direktoru Ələsgər Süleymanov və əməkdaşı Elşad Paşasoydur.

Bu barədə sosial şəbəkədə məlumat verən Ə. Süleymanov 21 ildir üzvü olduğu partiyadan ayrılmasının səbəbini açıqlayıb: "Bu günəcən partiyaya minlərlə adamın üzv olduğunun və istefa verdiyinin şahidi olmuşam. Həmişə özüm-özümə sual vermişəm ki, mən də istefa verə bilərəmmi? Bu qədər yol qət etdiyin, heç nə etməsən belə təəssübünü çəkdiyin, ən azı davranışlarında nəzərə aldığın mənsubluğundan imtina edə bilmək necə mümkündür? Son dövrlər göstərir ki, bəzən adamı bunu etməyə məcbur buraxırlar. İstefa verib gedənləri indi anlayıram. Musavat Partiyası buna görə dağılır. Dünəndən gedən məlum müzakirələr bu fikirlərimi yenidən təzələdi. Düşündüm, istefa bəyanatı vermək istədim. Axı mən Arif Hacılıya görə bu partiyaya üzv yazılmamışam. Odur ki, burdan bəyan edirəm. Nə qədər ki, Arif Hacılı Musavat Partiyasının başqanıdır, məni istefa vermiş saya bilər!"

Elşad Paşasoy isə Müsavat Partiyasından istefasının səbəbləri haqqında bunları yazıb: "Bizlər bu illər ərzində "Yeni Müsavat"la Müsavat Partiyası arasında fərq qoymadıq. Baş redaktorumuz keçən il partiyanı tərk edəndən sonra da "dostlar, mən qərarımı verdim, siz də qərar verin" demədi, hər birimizin mövqeyinə sayğılı yanaşdı. Hətta Arif Hacılının başqanlığı dönəmində də baş redaktor olanlara rəğmən işçiləri qarşısında "Ya Müsavat, ya "Yeni Müsavat" seçimi qoymadı. Ancaq Arif Hacılı son açıqlamaları, Rauf Arifoğluna qarşı davranışları ilə bizi də pis vəziyyətdə qoydu. Bundan sonra susmağımız, olanları boş verməyimiz ən azı ayıb olar. İnanıram ki, Rauf bəy də mənim qərarıma sayğılı yanaşacaq, hər halda mən 17 illik haqq-salamı, kəsdiyimiz duz-çörəyi unuda bilmərəm, bəzilərindən fərqli olaraq. Partiya rəhbərliyi ilə qəzet arasındakı mövcud münasibətlər səbəbindən 21 ildir üzvü olduğum Müsavat Partiyasının sıralarından istefa verdiyimi bəyan edirəm. Bundan sonra azad jurnalist, heç bir partiya öhdəçiliyi olmayan media mənsubu kimi xalqımızın xidmətində dayanmağı, dövlətimizin güclənməsi, ərazi bütövlüyümüzün təmin olunması sahəsində çalışmağı daha faydalı hesab edirəm. Təbii ki, partiya rəhbərliyində, sıravi üzvlər arasında kifayət qədər sağlam düşüncəli, əqidəli, Vətəninə, təşkilatına bağlı insanlarımızla normal münasibətlərimiz bundan sonra da davam edəcək. Fədakar müsavatçıların hər birinə uğurlar arzulayıram".

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı jurnalist Əvəz Zeynallının "Qaynar Qazan" layihəsinə danışarkən, "Yeni Müsavat" qəzeti və onun təsisçisi Rauf Arifoğlu haqqında suallara da cavab verib, bu da əks tərəfin şiddətli reaksiyasına səbəb olub.
Bağla X