16:00
(077) 610-22-33

Nəbadə meymunu fikirləşəsən...

  • >
2 209 26 Noyabr 2011 10:05 | Siyasət

Zamin Hacı



Bu yaxında bütün dünya mediası – başda CNN, ayaqda Bərdənin "Soğanverdilər" qəzeti olmaqla – Azərbaycan paytaxtında vaqe edən planetar hadisə haqda xəbərləri manşetlərinə daşıdılar. Xəbər ibarət idi bundan: Türkiyənin ünlü manısı İbrahim Tatlısəs Nuridə Küskün Şuşalının yanında müalicə olunmağa gəlibmiş. Doğrudur, müalicə nədənsə yarımçıq qırıldı, İbo qaçıb getdi, ancaq bundan xəbərin möhtəşəmliyi qətiyyən əksilmədi. Hələ əksinə, xəbərin şövqü bir az da artmış oldu.

İlk növbədə biz qadının ismi-şərifinə diqqət yetirməyə borcluyuq. Niyə məhz "Küskün"? Məntiqlə, küskün insan müalicəni də könülsüz aparmalıdır. Sivil ölkələrdə ekstrasensin, el həkiminin ləqəbi Ümidvar, Dönməz, Xoşbəxt-filan olur. Kimsə ağız büzər, deyər, sivil ölkələrdə heç ekstrasens olmur. Yalandır. Almaniyadan tutmuş Amerikaya qədər bütün normal, inkişaf etmiş dövlətlərdə tibb işlərini türkəçarə ekstrasenslər aparır. Nə isə, burda savad öyrətmək fikrimiz yoxdur, kim inanmır – cəhənnəmə inansın. Şəkk gətirib o dünyada odda yananda deyərəm.
Nuridə xanımın küskünlüyü ikinci soyadı – Şuşalı ilə bağlıdır. Şuşa işğal olunandan bəri bu xanım küskün olmuşdur. Hər halda belə ehtimalımız vardır. Lazım gəlsə ATƏT-in Minsk Qrupu ilə dəqiqləşdirmək olar.

Bəs İbo nəyə gəlmişdi? Bildiyiniz kimi, bu manısı təzəlikcə - yanılmıramsa keçən il – növbəti dəfə güllə ilə vurmuşdular. Ümumiyyətlə, İbrahim Tatlısəs Terminator kimi bir adamdır, mən gözümü dünyaya açandan bəri elə hər il eşidirəm ki, Tatlısəsi vurdular. Ancaq axıra qədər vura bilmirlər, adam qalxır, düşmənlərə acıq verir. Bəlkə də Qarabağda vaxtilə 50-60 belə manıs döyüşçümüz olsaydı, heç torpaq əldən getməzdi. Müsəlmanın sonrakı ağlı... Nə isə, keçənə güzəşt deyərlər. Bəli, İbo həmin son güllələnmədən sonra Nuridə xanımın yanına gəlib ki, müalicə alsın.

Doğrudur, heç kim həmin günlərdə İbonu Bakıda görə bilmədi, ancaq bu da müalicənin xüsusiyyətləri ilə əlaqədardır. Söhbət ondadır ki, Nuridə Küskünün bir ləqəbi də "rentgen-qadın" imiş. Yəni, bu adam aparat-zad olmadan camaatın içini görür. Belə bir şəxsiyyətin pasientləri gözəgörünməz etmək qabiliyyəti də şübhəsiz, vardır. Hətta Nuridə xanım istəsə İbonu məsafədən – Bakıdan İstanbula sirayət etməklə - müalicə edə bilər. Bizdə belə qabiliyyətli insanlar var. Hamısı analoqu olmayan iqtisadi inkişafımızın nəticələridir. Dünən mən maaş almışdım, dərhal qaz pulu yığan qapını kəsdirdi. Məsafədən hiss eləmişdi ki, evdə pul var.

Ümumiyyətlə, rentgen-adamlarımız da çoxdur. Təkcə Küskün deyil. Məsələn, görürsən adamın hansısa vəzifəli şəxsə işi düşür, ancaq qanunla nəzərdə tutulan rüşvəti vermək istəmir. Bu zaman məmur deyir: "Mən sənin içini görürəm, niyə kələk gəlirsən, pulu düş bura!"

Küskün dedim kəndimizdə olmuş bir əhvalat yadıma düşdü. Bizdə bütün Azərbaycan camaatında olduğu kimi, şeir yazmaq adəti elliklə yayılmışdı. Bir kişi də (adını yazmıram, indi məşhur şairdir, gələr məni döyər) bir gün kəndin ortasında, camaatın toplaşdığı yerə gəlib dedi ki, gecə uşaq xəstə idi, bu münasibətlə şeir yazdım. Şeir bundan ibarət idi:

Yaman xəstələnib uşaq fağır,
Arvad deyir dur, həkim çağır.

Kəndimizin köhnə poeziya xiridarları şeiri bəh-bəhlə qarşıladılar, məsləhət gördülər ki, əsl şairin təxəllüsü olmalıdır, gəl indən belə sənin də təxəllüsün "Küskün" olsun. Kişi incidi, dedi, göz dəyməsin, hamıdan yaxşı arvad-uşağım, ailəm, işim-gücüm var, niyə küskün oluram. Onda klassik şairlərimizdən biri təklif elədi ki, "gənc" şair özünə Gülsüm təxəllüsü götürsün. Təsadüfən kişinin arvadının adı da Gülsüm idi. Yalnız bundan sonra yeni şair başa düşdü ki, "klassiklər" onunla məzələnirlər, hamısını söyüb çıxıb getdi.

Qayıdaq ekstrasens məsələsinə. Sivil dövlətlərdə nəinki ekstrasens, ümumiyyətlə ot-motla müalicə aparmaq rəsmən qadağandır, ancaq bizdə telekanalizasiyada şübhəli tiplər reklam olunur. Bir zənən xeylağı var, dərmana "dərmən" deyir, bütöv bir kanalı icarəyə götürübdür. Hamısının da adətən bir şərti olur: "əgər sağalmasan, deməli, mənim dərmanıma şübhə ilə yanaşmısan".

150 il qabaq Axundov necə yazmışdı? Meymunu fikirləşmə, yoxsa mis qızıl olmaz. Böyük dərddir.
Bağla X