06:07
(077) 610-22-33

Mərdanov Abbaszadənin yerində olsa...

  • >
1 992 26 Noyabr 2011 12:33 | Siyasət

Elxan SALAHOV



Ötən həftə 20 illik müstəqillik tariximizin ən şərəfli nailiyyətlərindən birinin yubileyini qeyd etdik. Düz 20 il əvvəl ali məktəblərə qəbulda test üsulunun tətbiqi ilə əsası qoyulmuş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, doğrudan da müstəqillik tariximizin ən şərəfli və böyük cəsarətlə yazılmış bənzərsiz səhifələrindəndir. Elə buna görə də ölkənin təhsil ictimaiyyəti, test imtahanlarının təşkili prosesinə yaxından və uzaqdan dəstək vermiş aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə TQDK-nın 3 gün davam edən yubiley tədbirləri böyük təntənə ilə qeyd edildi. Bu, 70 illik sovet təhsili sistemində rüşvətin cəngindən xilas ola bilməyən, ali məktəbə qəbulda biliyə deyil, rüşvətə və tapşırığa əsaslanan imtahanlarından əziyyət çəkən Azərbaycan ictimaiyyətinin test üsuluna dəyər, TQDK-nın 20 illik fəaliyyətində qazandığı haqdır.

Test üsulu Elçibəy komandasının siyasi hakimiyyətdə olduğu bir il ərzində Azərbaycana qazandırdığı ən böyük nailiyyətdir. Elə bir nailiyyət ki, onun siyasətə də, iqtisadiyyata da, sosial və mədəni inkişafa da birbaşa aidiyyəti var. Çünki test üsulunun tətbiqi ali məktəbə qəbulda yeni sistemə keçidlə yanaşı, həm də abituriyentlərin seçim azadlığını tanımaq, hamıya bərabər imkanlar, demokratik mühit, açıqlıq və şəffaflıq yaratmaq demək idi. Keçmiş Sovet İttifaqında test üsulu ilə rüşvətsiz tələbə qəbulunun ilk dəfə Azərbaycanda tətbiqi ona gətirib çıxarıb ki, bu gün ölkənin ictimai həyatında TQDK qədər açıq və şəffaf işləyən ikinci bir dövlət orqanı göstərmək çətin məsələdir. Bu, elə bir nailiyyətdir ki, 20 illik müstəqillik dövründə hələ ki, təhsil sistemini qabağa apara bilən, ictimai rəydə hamı tərəfindən qəbul olunan ikinci bir dəyişikliyin şahidi olmamışıq. Amma hakimiyyətdə olduğu bir il ərzində taleyinə Qarabağ müharibəsi, dövlət müstəqilliyini qoruyum saxlamaq üçün Rusiya və İran kimi nəhəng güclərin savaşı qarşısında duruş gətirə bilmək kimi ağır mübarizələrə cəlb edilmək yazılan Elçibəy hökuməti bunu bacardı.

Bəs, TQDK-nın bu uğurunun sirri nədədir? Niyə ali məktəbə qəbul imtahanları təkmilləşdikcə, bu sahədəki nailiyyətlər artdıqca orta və təhsilin səviyyəsi ildən-ilə aşağı düşür? Eyni ictimai mühitdə bu qədər paradoksun kökü haradadır?

Cavab çox sadədir: test üsulunun və TQDK-nın bu uğurunun kökündə sistemin özü, onun icra mexanizminin işlək, açıq və şəffaf olması dayanır. Hər kəsə bəllidir ki, son 20 ildə rüşvətin tüğyan etməsi fonunda orta məktəblərdə və universitetlərdə təhsilin səviyyəsinin aşağı düşməsində, savadsızlığın artmasında ən böyük günahkar Misir Mərdanov deyil. Hər kəs onu da bilir ki, ali məktəblərə rüşvətsiz tələbə qəbulunda şəffaflığı və açıqlığı qoruyub saxlaya bilmək təkcə Məleykə Abbaszadənin uğuru deyil. Bu gün Misir Mərdanov TQDK-ya sədr, Məleykə Abbaszadə təhsil naziri təyin olunsa, bu iki strukturda mahiyyət etibarı ilə heç nə dəyişməyəcək. Çünki test üsulunu uğura, orta və ali təhsili uğursuzluğa aparan başlıca səbəb bünövrə, yəni sistemin özüdür, təhsil naziri və ya TQDK sədri isə onun icraçılarıdır. Şəffaflığa və açıqlığa əsaslanan test sistemindən fərqli olaraq ali və orta məktəblərdə idarəetmə prinsipləri hamının seçim azadlığını tanımır, hər kəsə bərabər imkanlar vermir, açıqlıq və şəffaflıqdan isə danışmağa dəyməz. Bütün bunlar rüşvətə, subyektivliyə, qanunsuzluqla və nəticədə təhsildə keyfiyyətin aşağı düşməsinə gətirib çıxarır.

İdarəçilikdən söz düşmüşkən, niyə yerlərdə orta məktəblərə nəzarət funksiyasını yerinə yetirən təhsil şöbələri rayon icra hakimiyyətlərinin tabeliyindədir? Niyə təhsil şöbələrinin müdirlərini, hətta əksər hallarda məktəb direktorlarını icra hakimiyyətinin başçıları təyin edir? Və nəhayət, orta təhsildə rəhbər vəzifələrə təyinat rayon icra hakimiyyətinin başçılarının səlahiyyətinə aid olduğu halda təhsilin keyfiyyətinə görə məsuliyyəti təhsil nazirinin üzərinə qoymaq hansı məntiqə sığır?

Eyni anormallıq ali təhsil sisteminə də aiddir. Düz 20 ildir ki, Azərbaycanda ali məktəblərə rəhbərlərin seçki yolu ilə müəyyənləşdirilməsi məsələsi həllini tapmır. Son 10 ildə isə bu məsələ bilərəkdən, ya bilməyərəkdən diqqətdən yayındırılır. Əvəzində ali məktəb rəhbərlərinin bir çoxuna ölkənin ali qanunverici orqanında təmsil olunmaq imkanı verilib. Axı, bu insanlara rəhbəri olduğu universiteti hansı böyük uğura apara bilib ki, ikinci bir iş yeri, ali hakimiyyət kürsüsündə təmsilçiliklə "mükafatlandırılır"?! Bəs, rəhbəri olduğu təhsil müəssisəsində təhsilin səviyyəsini yüksəltməli olan deputat-rektorların kənar fəaliyyətlə məşğul olmaları üçün sərbəst vaxtları bu qədərmi çoxdur?

... Test üsulunu uğura, ali və orta təhsili isə uğursuzluğa düçar etmiş bu iki fərqli sistem arasındakı uçurum indi daha aydın görünür. İndi hökumətin və onun təhsil sahəsinə rəhbərlik edən məmurlarının qarşısında duran əsas məsələ rüşvətxorluğu və idarəçilikdəki qüsurları aradan qaldırmaqla bu iki sistem arasındakı fərqi minimuma endirmək olmalıdır. Bu fərqi Azərbaycan cəmiyyətinin yeganə öyünəcək nöqtəsi olan test üsulunu ləğv etməklə deyil, daha şəffaf və işlək sistem ortaya qoymaqla aradan qaldırmaq olar. Ən azı ona görə ki, bundan sonra hansısa bir qüvvənin testin ləğvi çağırışlarını ciddiyə alıb 20 il əvvəl bir nümunə kimi ortaya qoyulmuş açıq şəffaf və bir sistemin ləğvinə qərar verəcəyi artıq mümkünsüz görünür.
Bağla X