Xəbər verildiyi kimi, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2212 nömrəli Sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilmiş, eyni zamanda Referendum Aktının layihəsi KİV-də dərc olunub. Xəbər verildiyi kimi, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2212 nömrəli Sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilmiş, eyni zamanda Referendum Aktının layihəsi KİV-də dərc olunub.

Prezident parlamenti nə vaxt buraxacaq, vitse-prezident niyə lazımdır? -Təhlil

Xəbər verildiyi kimi, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2212 nömrəli Sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilmiş, eyni zamanda Referendum Aktının layihəsi KİV-də dərc olunub.


Konstitusiya Məhkəməsi tərəfindən Referendum Aktı layihəsinin mətninə bəzi dəyişikliklər edildikdən sonra ölkə Prezidentinin 2016-cı il 26 iyul tarixli 2241 nömrəli Sərəncamı ilə Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılıb, ümumxalq səsverməsi (referendum) isə 2016-cı il sentyabrın 26-na təyin edilib.

Xatırladaq ki, hazırkı Referendum Aktı ilə 1995-ci ilin noyabrında qəbul olunan Konstitusiyamıza 3-cü dəfə dəyişiklik edilir: Konstitusiyamıza əvvəlki dəyişikliklər 2002-ci ilin 24 avqustunda (22 maddəyə 31 dəyişiklik) və 2009-cu ilin 18 martında (29 maddəyə 41 dəyişiklik) keçirilən referendumlarda olunub.

Dəyişikliklər hazırlanan zaman qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib, Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanıqlığının təmin edilməsi, ölkə üçün daha uğurlu idarəetmə modelinin düzgün seçimi hədəf kimi müəyyən olunub, stabil dövlət quruculuğunun təməlinin möhkəmləndirilməsi və onun qanunsuz müdaxilələrdən qorunması əsas vəzifə kimi qarşıya qoyulub.



Hazırkı Referendum Aktı 29 bənddən ibarətdir.

Bütövlükdə dəyişikliklər Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkənin sosial-iqtisadi, hüquqi islahatlar nəticəsində nail olduğu uğurların möhkəmləndirilməsi, hüquq normalarının bilavasitə ana qanunda təsbit edilməklə onlara əməl olunmasının hüquqi əsaslarının gücləndirilməsi məqsədini güdür. Əvvəlki iki dəyişiklikdə olduğu kimi, hazırkı dəyişikliklər hazırlanan zaman da qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib, Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanıqlığının təmin edilməsi, ölkə üçün daha uğurlu idarəetmə modelinin düzgün seçimi hədəf kimi müəyyən olunub, stabil dövlət quruculuğunun təməlinin möhkəmləndirilməsi və onun qanunsuz müdaxilələrdən qorunması əsas vəzifə kimi qarşıya qoyulub.

Bütövlükdə referenduma çıxarılan dəyişiklikləri 3 bloka ayırmaq olar:

Birinci blok icra hakimiyyəti strukturunda institusional dəyişiklikləri əhatə edir.

İkinci blok Konstitusiyanın mətnində terminoloji dəqiqləşdirmələrə aiddir.

Dəyişikliklərin böyük əksəriyyətini təşkil edən üçüncü blok isə insan hüquq və azadlıqlarının təminatının möhkəmləndirilməsi məsələlərinə toxunur.

İcra hakimiyyəti strukturunda institusional dəyişikliklər yeni institutun - ölkə Prezidenti tərəfindən təyin edilən vitse-prezidentlər institutunun yaradılmasını nəzərdə tutur.

Bu institutun yaradılmasına zərurət son illərdə ölkədə köklü iqtisadi islahatlara start verilməsi ilə əlaqədar özünü daha kəskin büruzə verir.

Məlumdur ki, islahatların hamısı ölkə Prezidentinin təşəbbüsü ilə və ya onun tərəfindən başlanıb. Ona görə də islahatların keçirilməsində Nazirlər Kabinetinin rolu və funksiyaları ilə bağlı suallar meydana çıxıb.

Məsələ heç də Nazirlər Kabinetinin fəaliyyətinin səmərəli olub-olmamasında deyil, öz təbiətinə görə çevik və radikal tədbirlər görmək imkanına malik olmayan bu orqanın institusional mahiyyətindədir.

Prezidentlə yanaşı, müstəqil icra hakimiyyəti orqanı qismində Nazirlər Kabinetini mövcudluğunu nəzərdə tutan yarıprezident idarəetmə sistemi digər keçmiş ittifaq respublikalarında olduğu kimi, Azərbaycana da SSRİ-dən qalıb. SSRİ-də bu idarəetmə modeli ötən əsrin 80-ci illərində Mixail Qorbaçov tərəfindən tətbiq edilib. Onun fikrinə görə, süquta uğramış, dağılan iqtisadiyyat şəraitində cavabdehliyi Nazirlər Soveti daşımalı, bununla da, Sovet İttifaqındakı iqtisadi qarma-qarışıqlığa və faktiki aclığa görə məsuliyyəti SSRİ Prezidenti üzərindən atmalı idi.

Hazırda isə Azərbaycanda tamam fərqli vəziyyətdir. Ölkədə radikal iqtisadi islahatlar məhz Prezident tərəfindən irəli sürülüb və Prezident onların həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

Kollegial orqan olan Nazirlər Kabineti qərarlar qəbul etməsi mexanizmi mürəkkəb mexanizmli tənzimlənir. Baş Nazir tərəfindən imzalananadək Nazirlər Kabinetinin hər bir qərarına onun üzvləri tərəfindən viza verilməlidir. Nəticə etibarilə mühüm qərarların qəbulu bir sıra hallarda illərlə uzanır və məhz bu səbəbdən Nazirlər Kabineti ölkədə aparılan iqtisadi islahatların lokomotivinə çevrilə bilməyib.



Vitse-prezident institutunun təsis edilməsi isə Prezidentin müvafiq fərman və sərəncamlarının yerinə yetirilməsini nəzarətdə saxlamaq, habelə iqtisadi islahatları daha da ixtisaslaşdırılmış səviyyədə həyata keçirmək imkanı verəcək.

Qeyd edilməlidir ki, icra hakimiyyəti qolunun daxilində dəyişiklikləri nəzərdə tutan bu müddəalar nəinki hakimiyyətin digər qollarının statusuna toxunmur, hətta Prezidentin vəzifə başında olduğu müddətdə vitse-prezidentə əlavə səlahiyyətlər verməyərək Nazirlər Kabinetinin üstünlüyünə xələl gətirmir. Başqa sözlə, layihədə Konstitusiyanın 114-cü maddəsinin II hissəsində təsbit olunan Nazirlər Kabinetinin Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanı statusuna heç bir dəyişiklik nəzərdə tutulmayıb.

Ölkənin Konstitusiyası və ona dəyişikliklər, adətən, həmin dövrdə ölkənin ictimai-siyasi, sosial, iqtisadi və böyük əhəmiyyət kəsb edən digər reallıqlarını və gələcək inkişafı ilə bağlı amillər nəzərə alınmaqla qəbul edilir.

Müstəqillik dövründə beynəlxalq aləmdə layiqli yer tutmağa nail olan, mühüm uğurlara imza ataraq dünya iqtisadiyyatına daha sıx inteqrasiya olunan Azərbaycan iqtisadiyyatı intensiv əməkdaşlıqdan yararlanmaqla yanaşı, qlobal iqtisadi təsirlərə getdikcə daha həssas olur. Dünya iqtisadiyyatında son 20 ildən az müddətə baş vermiş iqtisadi və maliyyə böhranları, habelə qloballaşma şəraitində ölkədə qeyri-neft sektorunun inkişafının təşəkkül tapması üçün iqtisadiyyatının diversifikasiyası zərurəti bir çox hallarda bu sahədə radikal tədbirlərin görülməsi və çevik qərarlar qəbul edilməsini, bu qərarlara görə məsuliyyəti üzərinə götürəcək səlahiyyətli şəxslərin önə çıxarılmasını labüd edib.

Belə böhranlarla və onun nəticələri ilə mübarizə təcrübəsi bir daha əyani şəkildə göstərir ki, məhz çevik, bəzi hallarda isə olduqca radikal qərarlar qəbul etməyə imkan verən dövlət idarəçiliyi sisteminə malik olan ölkələr böhranın təsirlərindən əsasən ziyansız və ya daha az ziyanla ötüşüblər.

Konstitusiyaya həmin hissədə təklif olunan dəyişikliklər həmçinin bu reallıqdan da irəli gəlir, eyni zamanda ölkəmizin dünya iqtisadiyyatında tutduğu mövqelərin qorunub saxlanaraq möhkəmləndirilməsini təmin etməyə yönəlib.

Hal-hazırda Konstitusiyanın 105-ci maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda yeni prezident seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.

Konstitusiyanın 105-ci maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində növbədənkənar prezident seçkiləri keçirilir. Seçki Məcəlləsində isə növbəti prezident seçkilərinin 60 gün müddətində keçirilməsi nəzərdə tutulur və belə olduqda növbədənkənar prezident seçkilərinin 3 ay müddətində keçirilməsi izahedilməz olur.

Ölkə başçısı vəzifəsini icra edə bilmədiyi təqdirdə onu əvəz edən şəxsin, təyinatı Milli Məclislə razılaşdırılan Baş nazir və ya Milli Məclisin sədri əvəzinə, təyinatı təkbaşına ölkə Prezidenti tərəfindən aparılan Birinci vitse-prezidentin olması layihədən birbaşa irəli gəlir. Sonrakı vitse-prezidentlərin bu səlahiyyətlər birbaşa Konstitusiyadan irəli gəlmir, layihəyə görə digər vitse-prezidentlərin bu imkanı ölkə Prezidentinin əvvəlcədən "müəyyən etdiyi ardıcıllıqla" şərtləndirilir. Əlbəttə ki, bütün bunların təyinatı aparılan şəxslərin həm idarəetmə və təşkilatçılıq bacarığı ilə , həm də ölkəni və dövləti təmsil etməyə hazır olması, xarici geosiyasi vəziyyəti anlamaq və xarici siyasət xəttini aparmaq qabiliyyətindən asılı olacağı aydındır.

Layihənin 24-cü (106-1-ci maddə) və 25-ci ( 108-1-ci maddə) maddələri Konstitusiyanın müvafiq olaraq 123-cü və 108-ci maddələrinə uyğun redaksiyada verilib. Göründüyü kimi, vitse-prezidentin toxunulmazlığı Konstitusiyanın 106-cı maddəsində təsbit olunan ölkə Prezidentinin toxunulmazlığına deyil, məhz Baş nazirin toxunulmazlığına bərabər tutulur.

Vitse-prezidentin yalnız vəzifədə olduğu müddətdə təminatı isə ölkə Prezidentinin təminatına uyğundur. Belə ki, Konstitusiyaya əsasən sabiq prezidentlərin təminatı ilə bağlı tələblər vitse-prezidentlərə şamil edilməyib.

Yuxarıda göstərilənləri ümumiləşdirərək belə nəticəyə gəlinir ki, sözügedən dəyişikliklərə əsasən, vitse-prezident institutu hakimiyyət bölgüsü prinsiplərinə xələl gətirmədən, Baş nazirin statusuna toxunmadan yalnız ölkə Prezidentinin vəzifədə olduğu dövrdə onun Administrasiyası daxilində idarəetmənin daha təkmil formada aparılmasının təşkilinə xidmət edir.

Dövlət hakimiyyətinin, ilk növbədə icra hakimiyyətinin həyata keçirilməsinə keyfiyyətli təhsilli, gənc idarəedicilərin (menecerlərin) cəlb edilməsi məqsədi ilə Konstitusiyadan bu və digər vəzifələr üçün yaş məhdudiyyətlərinin aradan qaldırılması təklif olunur. Belə ki, hazırda yalnız yaşı 30-dan artıq olan şəxslər Nazirlər Kabinetinin üzvü ola bilər. Misal üçün, Fransa Konstitusiyasına görə yaş senzi şəxsin yetkinlik yaşına çatması ilə müəyyən edilir.

Azərbaycanın Konstitusiyasında parlament tərəfindən özünün Konstitusiyadan irəli gələn səlahiyyətlərinin yerinə yetirməsi mümkün olmadığı hallarda tədbir görülməsi nəzərdə tutulmayıb. Halbuki parlamentin Konstitusiyadan irəli gələn səlahiyyətlərinin yerinə yetirməsinin mümkün olmamasına dair çoxsaylı misallar gətirmək olar. Məsələn, 2009-cu ildə məhkəmələrin fəaliyyətinin şəffaflığını təmin etmək məqsədilə ölkə Prezidenti tərəfindən parlamentə bütün məhkəmə qərarlarının internet səhifəsində dərc olunmasını nəzərdə tutan "Məhkəmə qərarlarının dərc edilməsi haqqında" qanun layihəsi təqdim edilib. Lakin Konstitusiyanın 96-cı maddəsinin IV hissəsində Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş qanun layihəsinin parlamentdə iki ay ərzində səsə qoyulması tələbinin təsbit olunmasına baxmayaraq, həmin qanun layihəsi nə baxılıb, nə də rədd edilib.



Təklif edilən dəyişikliklərdə ölkə Prezidentinə aşağıdakı müstəsna hallarda parlamenti buraxmaq səlahiyyətlərinin verilməsi nəzərdə tutulur:

Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədiyi halda;

- habelə bu Konstitusiyanın 94-cü (ümumi qaydalarını müəyyən etdiyi məsələlərlə qanunların qəbul edilməsi) və 95-ci (həll etdiyi məsələlər üzrə qərarların qəbul edilməsi) maddələrində, 96-cı maddəsinin II (Konstitusiyada müəyyən edilmiş subyektlər tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verilmiş qanun və ya qərar layihələrinin müzakirəyə təqdim olunmuş şəkildə çıxarılırması və səsə qoyulması), III (belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilməsi), IV (Konstitusiyada müəyyən edilmiş subyektlər tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verilmiş qanun və ya qərar layihələrinin iki ay ərzində səsə qoyulması) və V (Konstitusiyada müəyyən edilmiş subyektlər tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verilmiş qanun və ya qərar layihəsi həmin subyekt tərəfindən təcili elan edildiyi hallarda bu layihələrin 20 gün ərzində səsə qoyulması) hissələrində, 97-ci maddəsində (Qanunların qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilməsi, təcili elan olunan qanun layihəsinin Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilməsi) göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə.

Dövlət başçısı tərəfindən parlamentin buraxılmasının mümkünlüyü bir çox Avropa ölkələrində də var. Məsələn, Qərbi Avropa ölkələrindən Fransa, İtaliya və Almaniyanın, Şərqi Avropa ölkələrindən isə Çexiya və Macarıstanın konstitusiyalarında parlamentin buraxılması əsasları və mexanizminin nəzərdə tutulur.

İnstitusional islahatlar silahlı qüvvələrin strukturuna da toxunub.

Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin I və III hissələrinin hazırda qüvvədə olan redaksiyasına əsasən "Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır".



Hazırda Azərbaycan Respublikası Prezidentinin Ali Baş Komandan kimi Azərbaycan Ordusunun zabitlərindən fərqli olaraq, Milli Qvardiyanın komandanlığına, Daxili Qoşunların komandanlığına və ümumiyyətlə, silahlı birləşmələrin zabitlərinə birbaşa əmr vermək səlahiyyətləri təsbit edilməyib. Belə olan halda, ölkə başçısının başqa silahlı birləşmələr barədə belə hüququ Konstitusiyada müəyyən olunmamış qalmaqdadır və digər silahlı birləşmələr - sərhəd qoşunları, daxili qoşunlar, Milli Qvardiya Azərbaycan Respublikasının Prezidentinə Ali İcra Hakimiyyətinin başçısı kimi tabedirlər.

Bu maddənin təklif olunan yeni redaksiyası Silahlı Qüvvələrin Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olmasını nəzərdə tutur. Beləliklə də, Azərbaycan Respublikasının Prezidenti silahlı birləşmələrin də Ali Baş Komandanı olacaq ki, bu da NATO standartlarına uyğundur.

Konstitusiyanın 36-cı maddəsinin II hissəsində edilən dəyişiklik 9-cu maddəyə olunan dəyişiklikdən irəli gəlir.

Növbəti dəyişikliklər Konstitusiyada istifadə olunan terminologiyaya toxunur.

Məsələn, dövlət tərəfindən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini, insan və vətəndaş hüquqlarının və azadlıqlarının irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmasına qadağanı müəyyənləşdirən 25-ci maddədə (Bərabərlik hüququ) "milli" sözünün "etnik" sözü ilə əvəz edilməsi təklif olunur.

Bu dəyişiklik "milli" terminin beynəlxalq hüquqda başqa mənada, "dövlət" termininin ekvivalenti kimi işlədilməsindən irəli gəlir. Beynəlxalq hüquqda "millət" dövlət şəklində təşkilatlanmış xalq deməkdir. Həmin anlayış məhz bu mənada Birləşmiş Millətlər Təşkilatının adında istifadə edilir.

Konstitusiyaya təklif olunan böyük sayda dəyişikliklər insan hüquqları ilə bağlıdır. 24-cü maddəyə (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi) insan ləyaqəti prinsipinin əlavə edilməsi təklif olunur.

Bu prinsip Referendum Aktı layihəsinin aşağıdakı bəndlərində də inkişaf etdirilir.

Konstitusiyanın 68-ci maddəsinə (Zərərin ödənilməsini tələb etmək hüququ) aşağıdakı məzmunda I və IV hissələr əlavə edilməsi təklif olunur:

"I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.

IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır".

Analoji müddəanın bələdiyyələrə şamil edilməsi məqsədi ilə Konstitusiyaya aşağıdakı redaksiyada 1461 maddənin əlavə edilməsi təklif olunur:

"Maddə 1461. Bələdiyyələrin məsuliyyəti

Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar".

Bununla əlaqədar nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

Göründüyü kimi, dövlət qulluqçularının qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş ziyana görə dövlətin mülki məsuliyyət daşıması qanunvericilikdə təsbit olunub.

Eyni zamanda Mülki Məcəllənin 1101-ci maddəsində göstərilir ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir, vurulmuş zərər qeyd olunan nəticələrə səbəb olmadıqda isə onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

Qeyd olunanlarla əlaqədar vurulmuş ziyanın ödənilməsi qaydaları "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə ətraflı şəkildə tənzimlənir.

Beləliklə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana və onların təminatının pozulmasına görə dövlətin qanunvericilikdə nəzərdə tutulmuş mülki məsuliyyəti ölkəmizdə ən yüksək hüquqi qüvvəyə malik akt olan Konstitusiya ilə daha da möhkəmləndirilir və bu dövlət qulluqçularının qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) görə məsuliyyətini, o cümlədən cinayət məsuliyyətini istisna etmir.

Konstitusiyanın 25-ci maddəsinə "Fiziki və əqli qüsurları olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar" məzmunda IV hissə əlavə edilməklə sağlamlıq imkanları məhdud şəxslərin hüquqi statusunun xüsusiyyətlərinin Konstitusiya səviyyəsində təsbit olunması təklif olunur.

İlk dəfə olaraq Konstitusiyada mülkiyyət hüququnun sosial funksiyasının vurğulanması təklif olunur və bu məqsədlə 29-cu maddəyə (Mülkiyyət hüququ) aşağıdakı məzmunda V və VI hissələr əlavə edilir:

"V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər".

Şəxsi həyata müdaxilənin yolverilməzliyi hüququnun qorunmasının gücləndirilməsi nəzərdə tutulur və bu məqsədlə Konstitusiyanın 32-ci maddəsinə (Şəxsi toxunulmazlıq hüququ) aşağıdakı məzmunda VI, VII və VIII hissələrin əlavə edilməsi təklifi irəli sürülür:

"VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.

VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.

VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir".

Qeyd olunmalıdır ki, şəxsi toxunulmazlıq hüququnun təmin edilməsi sahəsində ən aktual və mühüm məsələlərdən biri insanların şəxsi və ailə həyatı haqqında toplanan, emal olunan və ötürülən fərdi məlumatların mühafizə olunması ilə bağlıdır.

Bu baxımdan, fərdi məlumatların mühafizəsi ilə bağlı münasibətləri tənzimləmək məqsədi ilə 2010-cu il 11 may tarixində "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Bu qanunda fərdi məlumatlar toplandığı andan mühafizə olunması, sözü gedən məlumatların qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə həm mülkiyyətçi və operatorlar, həm də bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunması ilə bağlı öhdəliklər müəyyən edilib.

Konstitusiyanın 47-ci maddəsinin (Fikir və söz azadlığı) III hissəsində irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata qadağa hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata qadağa ilə genişləndirilməsi təklif olunur.

Fərdi məlumatların mühafizəsi sahəsində müvafiq qanunvericiliyin tələblərini pozmuş şəxslərin müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilmələri də qanunvericiliklə tənzimlənir.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kibercinayətlərə görə məsuliyyəti müəyyən edən 30-cu fəslində kompyuter sisteminə qanunsuz daxil olma, habelə kompyuter məlumatlarını qanunsuz ələ keçirməyə görə məsuliyyət nəzərdə tutulur. Həmçinin, həmin Məcəllənin 156-cı maddəsində şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi və qanunsuz toplanılması ilə bağlı əməllər cinayət tərkibi kimi müəyyən edilib.

Göründüyü kimi, şəxsi toxunulmazlıq hüququnun təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə istər elektron formada, istərsə kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaqla bağlı qadağa konstitusion müstəvidə təsbit olunur və təklif edilən dəyişikliklər bu sahədə qanunvericiliyin müddəalarının inkişafına xidmət edəcək.



Konstitusiyanın 36-cı maddəsində (Tətil hüququ) edilən dəyişikliklə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokautun (işçilərə təsir göstərmək məqsədi ilə əmək haqlarının ödənilməsini dayandırmaqla işəgötürən tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması (yaxud istehsal həcminin əhəmiyyətli azaldılması), tətilin analoqu, lakin işçilər tərəfindən deyil, işəgötürən tərəfindən) qadağan edilməsi təklif olunur.

Qeyd etmək lazımdır ki, hazırda Əmək Məcəlləsinin 284-cü maddəsinə əsasən, işəgötürən tərəfindən lokaut elan edilməsinin kifayət qədər məhdud yol verilən halları müəyyən olunub. Həmin Məcəlləsinin 285-ci maddəsi işəgötürən tərəfindən lokautun elan edilməsi hallarında işçilərin hüquqlarının müdafiəsini özündə əks etdirir və işçilərin müraciəti əsasında lokautun qanunauyğun elan edilməsi və əsaslandırılması məsələsinə məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur.

Bu hüquq 1996-cı il 3 may tarixli Avropa Sosial Xartiyasında da təsbit edilib. Belə ki, həmin Xartiyanın 6-cı maddəsinin 4-cü bəndinə müvafiq olaraq maraqların toqquşması hallarında işçilərin və işəgötürənlərin əvvəlcədən bağlanmış kollektiv müqavilələrdən irəli gələ biləcək öhdəliklərə riayət etmək şərti ilə kollektiv fəaliyyət hüququ, o cümlədən tətil etmək hüququ tanınır.

Beynəlxalq təcrübədə lokautla əlaqədar işçilərin müəyyən hüquqlardan yararlana bilmələri ilə bağlı müddəalar mövcuddur. Məsələn, ABŞ-ın əmək qanunvericiliyinə əsasən lokaut zamanı işçilərin müavinət almaq hüququ var. Lakin işçilərin tətilləri zamanı bu müavinətdən yararlanmaq hüququ məhdudlaşdırılır.

Konstitusiyanın 47-ci maddəsinin (Fikir və söz azadlığı) III hissəsində irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata qadağa hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata qadağa ilə genişləndirilməsi təklif olunur.

Qeyd etmək lazımdır ki, ədavət və düşmənçilik oyadan təşviqat və təbliğatla bağlı hərəkətlər Konstitusiyanın 47-ci maddəsinin III hissəsində göstərilən meyarlardan başqa digər meyarlar, məsələn, dil, cinsi, mənşəyi və siyasi mənsubiyyəti əsasında da həyata keçirilə bilər. Bu baxımdan Konstitusiyaya təklif olunan bu dəyişiklik qeyd olunan hərəkətləri törətməkdə təqsirli bilinən şəxslərin məsuliyyətdən yayınmasının qarşısını almağa və bu sahədə mövcud qanunvericiliyi təkmilləşdirməyə imkan verəcək.

Konstitusiyanın 49-cu maddəsinin II hissəsində sərbəst toplaşmaq hüququnun həyata keçirilməsinin ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaqla şərtləndirilməsi təklif olunur.

Sərbəst toplaşma hüququna qoyulan məhdudiyyətlər "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasından irəli gəlir.

53-cü maddədə geniş yayılmış və beynəlxalq hüquqda, o cümlədən "Vətəndaşlıq haqqında" 1997-ci il Avropa Konvensiyasında nəzərdə tutulmuş, vətəndaşlığın itirilməsi hallarının müəyyən edilməsi olunur.

Təklif edilən istisna bir çox ölkələrdə mövcuddur və beynəlxalq hüquq buna imkan verir (misal üçün, "Vətəndaşlıq haqqında" Avropa Konvensiyasının 7-ci maddəsi).

Konstitusiyanın 57-ci maddənin I hissəsində hərbçilərin kollektiv şikayət hüququnun məhdudlaşdırılması təklif olunur. Belə ki, hərbi hissənin şəxsi heyətinin komandirə kollektiv şikayəti qiyam kimi qiymətləndirilməyə bilməz. Bu da hərbi nizam-intizamı pozmaq deməkdir. Belə məhdudiyyət bir çox ölkədə var (Misal üçün, Almaniya və İspaniyada).



Konstitusiyanın 58-ci maddəsi (birləşmək hüququ) yalnız Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birlikləri qadağan edir. Bu maddənin IV hissəsinə edilən dəyişikliklə cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklərin qadağan edilməsi də təklif olunur. Bu cür qadağa Almaniya və digər ölkələrin Konstitusiyalarında da nəzərdə tutulur.

Konstitusiyanın 59-cu maddəsində dövlətin sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləmənin həyata keçirdiyinin müəyyənləşdirilməsi ilə dövlətin azad sahibkarlığa müdaxiləsinin məhdudlaşdırılması təklif olunur.

Hazırda Konstitusiyanın 60-cı maddəsi insan hüquqlarının yalnız məhkəmə qaydasında müdafiəsi prinsiplərini nəzərdə tutur və bu hüquqların inzibati qaydada müdafiəsindən susmaqla yan keçir.

2005-ci ildə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib və inzibati qaydada insan hüquqlarının müdafiəsi daim inkişaf etməkdədir. Cari ildə ölkə Prezidentinin Fərmanı ilə vətəndaşların şikayətlərinə baxılmasının effektivliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası da daxil olmaqla, bütün icra hakimiyyəti orqanlarında Apelyasiya Şuraları yaradılmışdır.

Bu baxımdan 60-cı maddənin (Hüquq və azadlıqların məhkəmə təminatı) adı və mətni dəyişdirilərək aşağıdakı redaksiyada verilməsi təklif olunur:



"Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı


I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.

IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.".

Konstitusiyanın 71-ci maddəsində hüquq və azadlıqlarının həddindən artıq məhdudlaşdırılmasına qadağa məqsədi ilə maddənin II hissəsinə aşağıdakı məzmunda müddəanın əlavə edilməsi təklif olunur:

"Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır".

Azərbaycanın hər 5 ildə 3 ilin seçkilərlə bağlı olması reallığından irəli gələrək Konstitusiyanın 101-ci maddəsinə edilən dəyişikliklə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilədək uzadılması təklif olunur. Bu cür praktika digər ölkələrdə də mövcuddur (İtaliya Konstitusiyasında - 7 il, 2000-ci ilədək - Fransa Konstitusiyasında - 7 il, Avstriya Konstitusiyasına, Finlandiya Konstitusiyasına görə - 6 il).

Həmin maddəyə edilən digər dəyişiklik Prezidentin səlahiyyət müddətinin uzadıldığına görə Azərbaycan Respublikası Prezidentinin seçicilərə etimad votumu üçün müraciət imkanı (növbədənkənar prezident seçkiləri elan etmək) nəzərdə tutulur.

APA.az