18:53
(077) 610-22-33

“Əli Həsənov gülənçilərə dedi ki, bu, əndazəni aşmaqdır” - Deputat

  • >
2 947 25 Avqust 2016 12:38 | Siyasət

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev APA-ya müsahibə verib.


AzNews.az həmin müsahibəni təqdim edir:

- Fətullah Gülənlə bağlı Azərbaycanda cinayət işi açılıb, artıq bir neçə nəfər həbs edilib. Sizin fikriniz maraqlıdır, Azərbaycanda Gülənin şəbəkəsi varmı?

- Bu, birmənalıdır, məncə, mübahisə və müzakirə predmeti də deyil. Ondan başlayım ki, mən dünyəvi dövlət tərəfdarı olan şəxsəm. Hər zaman o fikirdə olmuşam ki, xüsusən müsəlman ölkələrində din siyasətdən kənar tutulmalıdır. İslam ölkələrinin xoşbəxt gələcəyi dinin siyasətdən kənar tutulmasında və dünyəvi dövlətçilik modelindədir. Ola bilsin ki, bu və ya digər ölkədə demokratiyanın səviyyəsi bir az aşağı ola, tam demokratikləşmə, Qərb standartlarına uyğunlaşması zaman ala bilər. Amma ümumiyyətlə, dünyəvi dövlətçilik modeli olmalıdır ki, bu ölkələr demokratiyaya keçə bilsin. Həmişə bildirdim ki, Səid Nursinin ideologiyası əsasında gülənçilik, "Hizmət hərəkatı" formalaşıb, amma bunun kökündə sırf dini ideologiya dayanır. Bəziləri söyləyirdilər ki, onların heç bir siyasi iddiaları yoxdur, yalnız elm, təhsil, maarifçilik istiqamətində fəaliyyət göstərirlər, siyasi partiya kimi formalaşmırlar. Siyasi partiya kimi formalaşsa idilər, bəlkə də cəmiyyət üçün az təhlükəli olardılar. Bütün dövlət strukturlarına, müxtəlif siyasi partiyalara, QHT-lərə, jurnalist təşkilatlarına sirayət etmək, media qurumlarını ələ almaq, getdikləri ölkələrin siyasi elitasına qaynayıb-qarışmaq istiqamətində iş gedirdi və mən də bunları görürdüm. Görürdüm ki, beşinci sinifdən test üsulu ilə Azərbaycanın ən istedadlı uşaqlarını öz məktəblərinə cəlb edirlər. Çünki beşinci sinifdən hər hansı uşağın istedadlı olub-olmaması bəlli olurdu. Məktəblərində Azərbaycan üçün o dövrdə kifayət qədər yüksək təhsil haqqı qoymuşdular. Amma müəyyən insanlara 50 faiz məbləğində güzəşt edirdilər, başqa imkanlı ailələrdən yığdıqları vəsait hesabına tək-tük şagirdləri təhsil haqqından tamamilə azad edirdilər. Beləliklə, ölkənin ən istedadlı adamları bunların təsir dairəsinə düşürdü. İl ərzində uşağın təhsil haqqı üçün 7 min dollar verə bilən orta təbəqə, hətta daha yüksək təbəqə bu şəbəkə ilə bağlı olur, xüsusi istedadlı uşaqları da imkanlı təbəqələr hesabına güzəştlər etməklə öz tərəflərinə çəkirdilər. Orta təbəqə və siyasi elitanı bu formada özlərinə bağlayırdılar. Mənim səbrimi daşdıran və parlamentdə üsyankar çıxışımın kökündə isə bir hadisə dayandı.

2009-cu ildə Atatürk Mərkəzinin dəvəti ilə "Gülüstan" sarayına Heydər Əliyevlə bağlı tədbirə dəvət olunmuşdum. Orda 1000-ə yaxın adam vardı. Ölkənin bütün siyasi elitası, gənclər təşkilatları, aparıcı mətbuat orqanları, din xadimləri orada idi. Tədbirə gələn hər bir kəsə bir qovluq verirdilər. Qovluğun içərisində "Dialoq Avrasiya" jurnalı var idi. Mən auditoriyada öz yerimizdə əyləşəndən sonra jurnalı vərəqlədim. Gördüm ki, tədbir Heydər Əliyevə həsr olunduğu halda jurnalın üz qabığında Fətullah Gülənin şəkli var. Əgər jurnal Heydər Əliyevin ad günü ilə bağlı dərc olunubsa, ən azı jurnalın üz qabığında Heydər Əliyevin şəkli olmalıdır, məqalələrin çoxu Heydər Əliyevə həsr olunmalıdır. Baxdım ki, içəridəki məqalələrin cəmi ikisi Heydər Əliyevə həsr edilib, qalan bütün məqalələr nurçuluq ideyalarının və Fətullah Gülənin təbliğinə həsr edilib. Diskdə paylanan film də Fətullah Gülənə həsr edilmişdi. Fətullah Gülənin də şəkli Heydər Əliyevin şəkli ilə yan-yana idi. Halbuki biz bilirik ki, müasir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkdür, Türkiyə də dünyəvi dövlətdir. Belə olduğu halda Heydər Əliyevə həsr olunmuş tədbirdə Fətullah Gülənin təbliği nə deməkdir? Bu, bütün əndazə və çərçivələrin, etika və əxlaqi prinsiplərin pozulması idi. Ətrafımda millət vəkilləri vardı, mən söz alıb qəti etiraz etdim. Dedim ki, Fətullah Gülənlə bağlı tədbir keçirilirsə, dəvətnamədə də yazın ki, nurçuluğun, Fətullah Gülənin təbliği ilə bağlı tədbir keçiririk. Tədbirə də kim istəyər, gələr, kim istəyər, gəlməz. Başqasının adı ilə adam dəvət edib, orada başqasını təbliğ etmək heç bir etik çərçivəyə sığmır.

- Bu tədbirə etirazını bildirən başqa şəxslər oldumu?

- Mən çox məmnun oldum ki, o zaman Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov o tədbirdə çox kəskin, cəsarətli bir çıxış etdi. Bu, siyasi baxımdan uzaqgörən, dövlət və ictimai maraqları qoruyan bir çıxışı idi. O dövrdə hər bir hökumət rəsmisinin belə çıxış etməsi doğrudan da cəsarət istəyirdi. Çünki 2013-cü ilə qədər bir çoxları ideoloji bağlılığa görə gülənçilərlə münasibət qurmamışdılar, çoxu konyuktura naminə münasibət qurmuşdu. Bir qrup isə səmimi olaraq Fətullah Güləni o vaxt Türkiyə hakimiyyətinin müttəfiqi kimi qəbul edirdi. Ona görə də Əli Həsənovun 2009-cu ildəki çıxışı o zaman Türkiyə hakimiyyətinin təbliğinə həsr olunmuş bir tədbirdə kəskin çıxış kimi qiymətləndirilirdi. Əli Həsənovun həmin çıxışdan sonra "gülənçilər" fəaliyyətlərində ciddi korrektələr etdilər, öz fəaliyyətlərini çərçivəyə saldılar. Əli Həsənov o tədbirdə onların sifətlərinə dedi ki, bu, artıq bütün əndazəni aşmaqdır. Mən sonra parlamentdə də bu məsələni qaldırdım. Dedim ki, "gülənçi"lər söyləyirlər ki, siyasətlə məşğul deyillər. Tədbirdəki jurnalın baş məqaləsindən bir abzas oxudum. Orada siyasi hakimiyyət uğrunda mübarizəyə açıq çağırış edilirdi. Yazılmışdı ki, nurçuluğun, "gülənçi"liyin mahiyyəti odur ki, beyinləri biliklə, qəlbləri nurçuluq ideologiyası ilə dolmuş insanlar siyasi hakimiyyətə gəldikdə ədalətli cəmiyyət qura bilərlər. Bu o deməkdir ki, yalnız nurçular hakimiyyətdə olarlarsa, ədalətli cəmiyyət ola bilər, başqaları ədalətli cəmiyyət qura bilməzlər. Mən parlamentdə dedim ki, biz dünyəvi dövlətik, niyə bunların qarşısı alınmır, Azərbaycanda istedadlı uşaqların bu şəbəkənin təsiri altında təhsil almasına, böyüməsinə şərait yaradılır?! Bəli, etiraf etmək lazımdır ki, "gülənçi"lərin məktəblərində həqiqətən də yaxşı təhsil verirdilər. Söhbət ondan gedirdi ki, seçmə üsulla yox, sıradan birinci sinifdən 20-25 uşaq götürsəydilər və onlara yaxşı təhsil versəydilər, onların da hamısı ali məktəbə qəbul olsaydı, bu, yüksək qiymətləndirilməli idi. Amma ən istedadlı uşaqları seçirdilər, o uşaqların 80 faizi başqa universitetlərdə oxusaydılar da, ali məktəblərə qəbul olacaqdılar. Mən dedim ki, dövlətçiliyimiz və dinin siyasətdən uzaq tutulması naminə bu şəbəkənin fəaliyyəti aradan qaldırılmalıdır.

- Bu çıxışınızdan sonra sizə münasibət necə oldu?

- Dərhal mənə qarşı anti-təbliğat başlanılması taktikası seçilmədi. Düzdür, onların bir-iki tərəfdarı tərəfindən ayrı-ayrı mətbuat orqanlarında müxtəlif məsələlər bəhanə olunmaqla mənim ünvanıma kəskin yazılar getsə də, hətta deputat həmkarlarım vasitəsi ilə xahiş edib, mənimlə görüşdülər. Məni Pesilvaniyaya dəvət edilər. Mən isə mədəni formada bu dəvəti rədd etdim. Öz iradlarımı, fikirlərimi də çatdırdım ki, bu formada fəaliyyətləri haqlı olaraq cəmiyyətimizdə qıcıq doğurur.

Amma bir daha deyirəm ki, o dövrdə bu şəbəkə ilə əlaqədə olan insanların hamısını Vətənə xəyanətdə, milli maraqları satmaqda ittiham etmək çox ədalətsiz yanaşma olar. Ona görə ki, Azərbaycanda o dövrdə bu şəbəkə ilə əlaqə quranlar Türkiyə iqtidarı ilə əlaqə qurmuş kimi davranırdılar. Bu tarixi həqiqətdir ki, həmin vaxt "gülənçi" lər Türkiyənin hazırkı iqtidarına dəstək verirdilər. O zaman onlarla münasibət quranların, əməkdaşlıq edənlərin çoxu da məhz bu fakta söykənirdilər. Türkiyədə hərbi çevriliş, qiyam cəhdindən sonra bu şəbəkə ilə əlaqəsi olan adamların hamısını işdən çıxarmaq, təqib etmək, təzyiq göstərmək, istintaqa cəlb etmək doğru yanaşma deyil. Qiyamla əlaqəsi olan insanlar əlbəttə, məsuliyyət daşımalıdırlar. Azərbaycanda o ideologiyanı gənc nəslə aşılamaq, gələcəkdə onları dövlət strukturlarına yerləşdirməklə Türkiyədə olduğu kimi dövlət hakimiyyətini ələ keçirmək istəyənlər, yəni o şəbəkənin bu işlə məşğul olan adamları müəyyən olunmalıdır. O insanlar Azərbaycandan çıxarılmalı, qiyamda iştirakı olanlar isə birbaşa məsuliyyət daşımalıdır.

Eyni zamanda Azərbaycanın siyasi elitasında bu şəbəkəyə ciddi bağlı olan adamlar olmasını az ehtimal edirəm. Azərbaycanda vaxtilə onlarla əməkdaşlıq edən, birgə tədbirlər keçirənlər, tədbirlərə sponsorluq edənlər olub. Bu, faktlardır, həmin tədbirlərlə bağlı çəkilişlər, verilişlər var. Amma bu o vaxtlar idi ki, həmin şəxslər Türkiyə hakimiyyətinin müttəfiqləri idilər. Türkiyənin özündə də dövlət səviyyəsində onların tədbirləri keçirilir, dəstəklənilirdi. İndi bu gün o adamlara "niyə birgə tədbirlər keçirmisiniz" demək, düzgün olmaz. Onlar bir iqtidar olub, bunu necə danmaq olar?! İndi eyni iqtidarın daxilində bir tərəf digər tərəfi hakimiyyətdən devirmək istəyib. Kimlərinsə təhriki ilə ediblər, yaxud özləri bunu edib, mən bilmirəm. Amma o zaman da söyləmişdim, indi də söyləyirəm ki, 15 iyul hadisəsində əsas məqsəd Türkiyədə xalqın arasında düşmənçilik yaratmaq, Türkiyəni xaosa soxmaq və Türkiyənin Suriyanın gününə salmaq idi, nəinki hakimiyyət çevrilişinə nail olmaq. Hakimiyyət çevrilişi bu dediklərimin yanında bir ölkə üçün o qədər də böyük təhlükə deyil. Türkiyə üçün daha təhlükəli bir layihə hazırlanmışdı.

- Bəs 2013-cü ildən sonra, yəni Türkiyə hakimiyyətinin Gülənə münasibəti müəyyənləşəndən sonra əlaqələri davam etdirənlərə münasibət necə olmalıdır?

- Hesab edirəm ki, 2013-cü ildə Türkiyədə "gülənçi"lərlə yollar ayrılandan sonra Azərbaycanda da bir çox addımlar atıldı. Azərbaycanda "gülənçi"lərə məxsus bir çox məktəblərin təsisçisi dəyişdirildi, bəzi məmurlar işdən çıxarıldı. Yəni Azərbaycan iqtidarı Türkiyə ilə münasibətlərdə səmimi olmasını o dövrdə də ortaya qoydu.

Ola bilər ki, altdan kimlərinsə "gülənçi"lərlə daha dərinə gedən əlaqələri olub. Amma inanıram ki, bu, hökumət üzvləri səviyyəsində olsun. Hansısa bir şirkət, müəssisə, kiçik ranqlı məmur səviyyəsində belə əlaqələrin saxlanılması ola bilər. Amma mənim özümdə konkret belə faktlar yoxdur ki, kimisə ittiham edim.
Bağla X