05:16
(077) 610-22-33

“Zadəgan ənənələrinə uyğun, duel ab-havasında”

  • >
1 052 1 Dekabr 2012 05:05 | Siyasət

“Hansı bir fundamental məsələyə toxunmaq istəyirsən, dərhal adamın fikirlərinə deyil, şəxsiyyətinə hücum etməyə başlayırlar. ” Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın AzNews.az-a müsahibəsi



- Böyük Quruluş Partiyası da 2013-cü il prezident seçkilərinə hazırlıqlara başlayıb, yoxsa seçkiyə start verildikdən sonra başlayacaqsınız?


- Siyasi Kurulda bu məsələ müzakirə olunaraq bütün rayon təşkilatlarına müvafiq tapşırıqlar verildi. Rayon təşkilatları da bu istiqamətdə təkliflərini partiyanın rəhbərliyinə göndəriblər. Onlar artıq kampaniyaların aparılmasıyla bağlı texniki işləri yekunlaşdırıblar. Burada imza kampaniyası keçirilməsindən tutmuş, təbliğata qədər görüləcək işlər nəzərdə tutulur. Bu mənada bizdə artıq üç aydır seçkiyə start verilib. Bu prosesin daha da sürətlənməsi üçün siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsini gözləyirdik. Artıq yanvar ayından maliyyələşmə prosesi həyata keçiriləcək. Ona görə də bu müddət ərzində daha dəqiq hansı işləri görəcəyimizi və imkanlarımıza görə daha geniş fəaliyyət barədə təkliflərimizi ortaya qoyacağıq.

- Seçkidə hansı formada iştirak müəyyənləşib, yoxsa bu məsələ də hələ müzakirə olunacaq?

- Hər halda seçkiyə təkbaşına gedəcəyik. BQP-nin gəlişməsi baxımından bunu məqsədəuyğun hesab edirik.
- Artıq bir dəfə namizəd olaraq bu prosesdə iştirak etmisiniz və müəyyən qədər təcrübə var. Qənaətinizi bilmək maraqlı olardı...
- Əgər seçkilər normal demokratik şəraitdə keçirilmiş olsa, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrindən çox yüksək dəstək almaq imkanına sahibik. Bu beş il ərzində də biz televiziya, mətbuat imkanlarından istifadə edərək bu dəstəyi daha da möhkəmlətdik. Hesab edirəm ki, ötən seçki kampaniyasından fərqli olaraq bu dəfə daha maraqlı seçki təbliğat kampaniyası aparıb əhalinin daha geniş təbəqələrinin diqqətini çəkib dəstək alacağıq.

- Demokratik, yaxud da anti-demokratik keçirilməsindən asılı olmayaraq əsas məsələ seçicilərin səsvermə günü qutunun başına gətirilməsidir...

- Hər şeydən əvvəl insanlarda seçkiyə inam yaratmaq lazımdır. Bu təkcə namizədlərdən asılı deyil. Mərkəzi Seçki Komissiyasından başlamış bütün seçki komissiyalarına qədər hamı vətəndaşda seçkinin nəticəsinə inam yarada bilsə, onlar mütləq seçki günü səsvermədə iştirak edəcək. Çünki vətəndaşın həm də ölkədə hansı kursun qalib gəlməsinin onun xeyrinə olmasında marağı var. Bu baxımdan mənə elə gəlir ki, inam yaranarsa, qalan məsələlər həllini tapacaq.

- Axı seçicilərin özlərinin də biganəlikdən xilas olmama problemi var...

- Təbii ki, seçicilərin də qanında biganəlik var və Azərbaycan mentalitetində sanki hər şeyin başqa formada, möcüzə ilə həllini tapacağı düşüncəsi müşahidə olunur. Bunu təkcə seçkiyə yanaşmada görmürük. Dağlıq Qarabağ probleminə də təxminən eyni cür yanaşırıq. Kimsə bizim əvəzimizdən torpağı qaytaracaq, kimsə bizi xilas edəcək, kimsə bizim əvəzimizdən bizi idarə edəcək düşüncəsindən uzaqlaşa bilmirik. İdarə edənin kimliyi məsələsində Azərbaycan cəmiyyətində bir laqeydlik görürük. Sonradan hansısa xoşuna gəlməyən qərarlar çıxanda onda deyir ki, mən bu qərarla razı deyiləm. Bu mənada bu ümumi laqeydlikdir, bunu aşmaq lazımdır, cəmiyyət öz taleyinə biganə qalmamalıdır.

- Cəmiyyətin seçilən təbəqələri arasında bir çox hallarda dedi-qoduya meyllilik müşahidə olunur. Niyə?

- Azərbaycan cəmiyyəti düşünməyi, mühakimə aparmağı sevməyən bir cəmiyyətdir. Mühakimə təcrübəsi, mühakimə həvəsi olmayan cəmiyyətlərdə daha bayağı müzakirələr açılmasına meyl göstərirlər. Bu da qeybət, dedi-qodulardır ki, insanlar da ona meyl edirlər. Əslində bizim özümüz də siyasi mühitdə bunu müşahidə edirik. Hansı bir fundamental məsələyə toxunmaq istəyirsən, dərhal adamın fikirlərinə deyil, şəxsiyyətinə hücum etməyə başlayırlar. Ona cavab verməyə başlayanda artıq müəyyən dərəcədə enerjini daha fərqli bir şeylərə sərf edirsən. Bu da əsas məsələlərdən yayınmaya gətirib çıxarır. Bu həm də cəmiyyətin xarakterilə bağlı olan bir məsələdir. Bunu qısa müddətdə dəyişmək də yəqin ki, çox çətin olacaq.

- Cavab vermək məsələsində bir çox hallarda siz öndə gəlirsiniz və demək olar ki, təkbaşına maneələri dəf etməli olursunuz. Niyə səsinizə səs verən olmur?

- Çox vaxt insanların özlərinə inamı yetərli səviyyədə olmur, həm də qarşı tərəfi yaxşı tanımadıqlarına görə onların qabiliyyətindən çəkinərək üzərlərinə getmək istəmirlər. Məsələn, mən hansısa təmizlik etalonu, mömin, dürüst bir adamın mənə qarşı hər hansı iradına cavab vermərəm. Çünki adamın kimliyinə görə verdiyi qiyməti qəbul etmək lazımdır. Azərbaycan cəmiyyətində problem odur ki, dəyəri olmayan, şəxsiyyəti mürəkkəb, hətta ailədə öz ləyaqətini qəbul etdirməmiş biri çıxıb cəmiyyət arasında özünə hörmət edən, şəxsiyyətini hər şeydən uca tutanları təhqir etməyə başlayır. Bütün bunların qarşısından geri çəkilə bilərsən, əgər ölkədə normal məhkəmə, mədəni münasibətlər sistemi olsa, etik qaydalar kodeksi işləsə. Bunlar olmadığına görə, bir az rıçaq formasında, bir az zadəgan ənənələrinə uyğun, bəzən də duel ab-havasında susdurmalı olursan. Çünki hər kəsin öz şəxsiyyətini qorumağa haqqı var və müəyyən dərəcədə buna doğru addım atmalıdır. Kimsə bu addımı atmırsa, bu, onun öz problemidir. Nəyisə qəbul edir, nədənsə çəkinir, nədənsə qorxur, bunu artıq özü bilər. Bu gün biz tutduğumuz mövqedə öz şəxsiyyətimizə, sözümüzə güvəndiyimizə görə istənilən bir qüvvəyə qarşı mövqeyimizi qoyuruq. Haqlı olmayanda etiraf edə və hətta üzr də istəyə bilirik. Amma böyük əksəriyyət layiq olmadığı halda, sadəcə narazı əhalinin mövqeyini ifadə edən bir qəzetdə yazırsa, deməli, hamını söyə bilər? Adamı araşdırıb görürsən ki, qorxaq, səviyyəsizin biridir, lakin o, hamını təhqir edə bilir. Baxırsan ki, o, nə həbsdə, nə səngərdə otura bilir, amma qeyrətdən, qəhrəmanlıqdan danışır. Onda başlayırsan onu öz hininə qaytarmağa ki, bu hində toyuq səviyyəsində olduğu halda cəmiyyət içərisinə çıxıb banlamağa, yaxud da hay-küy salmağa əsası yoxdur. Bunu etməsən onda yerlər dəyişik düşəcək, dəyərlər itəcək, insanlar arasında böyük bir hörmətsizlik başlayacaq. Ona görə mən bu məsələdə kiminsə mənə dəstək verib -verməməsindən asılı olmayaraq onların təklif etdiyi üslubda sözümü deyirəm və əsaslandırıram da. Çünki əsaslandırılmamış hansısa sözü demək insanı hörmətdən sala bilər.

- Əgər parlamentə yönəlik ifadələrdən söhbət gedirsə, bunun sizin timsalınızda müəyyən şəxslərə ünvanlanmadığı qənaətini bölüşənlər çoxdur...

- Futbol komandasında tamaşaçılardan kimsə kimisə söyürsə və həmin komandanın içərisində olanlar bu təhqiri özünə, bu komandaya qəbul etmirsə, onda bu özünü sığortalamaqdan başqa bir şey deyil. Bu gün Milli Məclisdə hansısa neqativ hal, hansısa deputatın fəaliyyəti barədə ciddi nəsə varsa, ona qarşı hansı formada danışılsa da mən ona reaksiya vermərəm. Söhbət ondan gedir ki, ümumi bir yeri, ümumi bir institutu "heyvanxana" adlandırmaq reaksiyasız qarşılana bilməz. Deməli, bu adamın evində heyvanxana var ki, o, heyvanxana ilə bağlı kompleks içərisindədir və hər yanı belə görür. Kimsə deyəndə ki, biz bunun yolunu məhkəmədə görürük, məhkəmədə həll edəcəyik və bundan sonra dayanırlarsa, deməli, belələrinə qarşı durmaqda haqlılıq ortaya çıxır. Məhkəmə qaydası ilə deyil, bundan sonra da fərdi qaydada mübarizə aparacağam. İlqar Məmmədov, yaxud da başqa birisi olsun, kiməsə, 5, 10 deputata, hansısa partiyanın təmsilçisinə iradları varsa, bu məsələyə öz münasibətini bildirə bilər. Seçki məsələsinə gəldikdə, insanlar iddia etdilər ki, seçki saxta keçirilib, kimlərsə bazarlığa gedib. Mən də məsələ qaldırıram ki, seçki prosesində bazarlığa getmə 1995, 2000-ci ildə başlayıb. Buyurun, buna münasibət bildirin. Biz sadəcə olaraq seçki prosesinə qoşulmuşuq. Kiminsə sübutu varmı ki, seçki saxtalaşdırılıb? Buyursun ortaya qoysun. İkinci bir tərəfdən də özün seçkidə 6-cı yeri tutmusan və cəmiyyətin mövqeyi də bəllidir. Əgər normal demokratik seçki keçirilsə, sən harda olarsan? Yenə də həmin yerdə olarsan da. Bu iradı elə adam deməlidir ki, seçkidə qalib gəlib, amma hüququ pozulub. Bu mənada haqqı çatmayan insanlara qarşı kəskin formanın tərəfdarıyam.

- Məsələnin məhkəmədə həllindən niyə geri çəkilmisiniz?

- Bu perspektivsiz yoldur. Məhkəmə qərar çıxaracaq və ondan sonra bütün qohum əqrəbası, yaxınları, QHT-lər, jurnalist təşkilatları, beynəlxalq qurumlar hamısı üstümüzə düşəcək. Əgər bu adamın pulu yoxdursa, onda dilini puluna görə tarazlasın, başqa yolu yoxdur.

Ardı var

Gültəkin Qəhrəmanlı
AzNews.az
Bağla X