İsrail tərəfi Yevda Abramova şikayət edib - EKSKLÜZİV

Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov Azərbaycanın bir sıra jurnalistlərini Fələstin-İsrail məsələsində diqqətli olmağa çağırıb.

Millət vəkili Y.Abramov AzNews.az-a açıqlamasında bildirib ki, Fələstin problemi çox qəliz məsələdir və Azərbaycanın da Dağlıq Qarabağ kimi problemi mövcuddur. Onun fikrincə, Dağlıq Qarabağ kimi problemi olan ölkənin media təmsilçiləri İsrail-Fələstin məsələsindən nəsə yazanda çox diqqətli olmalıdırlar: "Azərbaycan İsrail ilə strateji müttəfiq olan dövlətdir. Amma bəzən ölkə mətbuatında gedən anti-İsrail yazıları İsrail-Azərbaycan münasibətlərinə xələl gətirir. Bu məsələdə jurnalistlərin İsrail və Fələstini qalib və ya məğlub çıxarması düzgün deyil. Fələstin və İsrail ayrı-ayrı dövlətlərdir. İsrail özü də Fələstini dövlət olaraq yanında görmək istəyir. Amma bu Həmas və İslami cihad Fələstini olmamalıdır. Fələstin-İsrail məsələsinə digər dövlətlər qarışmamalıdır. Bu iki ölkəyə sərbəstlik verilməlidir ki, məsələlərini özləri həll edə bilsinlər. Fələstin xalqının və dövlətinin də azad yaşamaq haqqı var. Amma bu haqqı İsrail və Fələstinin öhdəsinə buraxmaq lazımdır. Bu baxımdan da Fələstinin BMT-də tanınmasının mənə hər hansı ziyanı və ya faydası yoxdur. Mən ondan təəssüflənirəm ki, Azərbaycanda dərc olunan bir sıra mətbu orqanlarda İsrail-Fələstin münasibətləri birtərəfli formada yayımlanır və bununla oxucular aldadılır".

Y.Abramov qeyd edib ki, bu məsələdə ilk növbədə İranın güclü təsirləri rol oynayır. Onun sözlərinə görə, İsrail-Fələstin müharibələrində İranın hər zaman əli olub: "İndi Fələstində də İsrailə qarşı günahsız insanları silahlandıran İran dövlətidir. Bunu İranın rəsmi şəxsləri də dəfələrlə bəyan edirlər. Hətta sonuncu müharibədə Fələstin tərəfindən atılan İran silahlarının mərmiləri paytaxt Təl-Əvivə qədər düşüb. İsrail tərəfi nə qədər yoxlasa belə, İrandan Fələstinə ən müasir silahlar ötürülür. Sonuncu İsrail-Fələstin müharibəsində İranın böyük rolunun olması artıq hər kəsə məlumdur. Hətta bu müharibənin əsas məqsədi Suriya məsələsini unutdurmaq və bu yolla Suriyada gedən proseslərin digər ərazilərə transfer etmək olub. Mən də dinc sakinlərin və uşaqların ölümünə təəssüflənirəm. Amma İsrail tərəfinin atdığı raketlər Fələstinin onlara qarşı atdıqları raketlərə cavab olub. Axı bunu bilmək lazımdır ki, İsrailin də müdafiə olunmaq hüququ var və bu ölkə atılmış raketlərə cavab verməlidir. Məncə, bunu hər bir ölkə də edər. Fələstin tərəfindən İsrailə atılan silahlar ən müasir silahlardır və İrana məxsudur. İran dövləti hər zaman İsrail-Fələstin münasibətlərini qızışdırır. İran dövləti açıq şəkildə Fələstinə maliyyə və silah yardımları edir. Bütün bunlara görə də Azərbaycan mediası diqqətli olmalıdır və əsl həqiqəti yazmalıdır. Çünki, Azərbaycanın İsrail dövləti ilə də yaxşı münasibətləri var. Azərbaycan bölgədə təklənə bilməz və bizim də dostlarımız var. Mən hər dəfə İsrailə səfər edəndə onlar mətbuatda gedən anti-İsrail yazıları barədə narahatçılıqlarını mənə bildirirlər. Mən dəfələrlə İsraildə oluram və onların həyat tərzləri ilə yaxından tanışam. İsraillilər özləri fəlsətinlilərlə birgə mehriban yaşamağa can atırlar. Amma bəzi dövlətlər açıq şəkildə İsrail-Fələstin münasibətlərinin qurulmasını istəmirlər. Kənar dövlətlərin bu məsələyə qarışmasına görə Fələstin-İsrail münaqişəsi 40 ildən çoxdur ki, davam edir. Mən çox təəssüflənirəm ki, bəzi jurnalistlər İsrail-Fələstin məsələsilə bağlı sifarişli yazılar yazırlar".

Vasif Həsənli
AzNews.az