15:32
(077) 610-22-33

Səhiyyə Nazirliyinin ölü “doğuzdurduqları”

  • >
1 952 3 Dekabr 2012 13:49 | Siyasət

Elxan SALAHOV



İndi Azərbaycanda səhiyyə sistemi qədər geridə qalmış, çoxsaylı problemləri ilə hər gün milyonlarla insanın həyatına zəhər qata biləcək ikinci bir sahə bəlkə də yoxdur. Baxmayaraq ki, müstəqilliyin Azərbaycana qazandırdığı ən böyük uğurların bir çoxu məhz bu sahənin payına düşür: sovet dövründən qalmış bütün xəstəxanalar əsaslı şəkildə yenidən qurulub, yeni-yeni xəstəxanalar, neft pulları hesabına 15-ə yaxın bölgədə regional Müalicə-Diaqnostika mərkəzləri tikilib, dərman təchizatı üçün hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılır. Yağışdan sonra çıxan göbələk kimi gündən-günə çoxalan özəl klinikalar da öz yerində. Az qala hər gün televiziya ekranlarında yeni klinikaların fəaliyyətə başladığı, təmirdən yenicə çıxmış və ya sıfırdan qurulmuş dövlət xəstəxanalarındakı yeni və növbənöv tibbi xidmətlər barədə cəlbedici elanlar ilk baxışdan bu sahənin sürətlə inkişaf etdiyi təəssüratı yaradır. Bu tibb müəssisələrində xidmətlərin səviyyəsindən isə danışmağa dəyməz. Elə qiymətlər də xidmətlərə, necə deyərlər, tən gəlmir.

Düz 5 ildir Azərbaycanda hamı pulsuz tibbi xidmətə keçidin məziyyətlərindən danışır. Daha doğrusu, səhiyyə sistemində ödənişsiz xidmətə keçməyin yaratdığı problemlərdən. 2008-ci ilin 1 fevralından, yəni Səhiyyə Nazirliyinin dövlət xəstəxanalarında pullu tibbi xidmətin ləğvi barədə qərarı qüvvəyə minəndən bəri hamı yapışıb yazıq həkimlərin yaxasından ki, xəstələrdən pul alınmamalıdır. Səbəb də odur ki, dövlətin qərarı ilə Azərbaycanda səhiyyə xidmətləri pulsuzdur. Binəva həkimlər isə reallığı açıb söyləməkdən təngə gəlib. Axı, cibində xəstəliyinin müalicə olunmasına kifayət edə biləcək pulu olmayan adamı necə inandıra biləsən ki, pullu xidmətin ləğvi qərarı 5 ildir işləmir. Necə deyərlər, Səhiyyə Nazirliyinin anadangəlmə şikəst "doğuzdurduğu" bu qərarın yaşamaq, işləyə bilmək mexanizmi yoxdur. Çünki dövlətin verdiyi əməkhaqqı ilə həkimlər heç 10 gün də yaşaya bilməz. Və ən mühüm məsələ: indiki dövrdə və şəraitdə kimi inandırmaq olar ki, dövlət xəstəxanalarında xəstələrdən tələb olunan qeyri-rəsmi ödənişlərin hamısı həkimlərin özünə qalır?

Dövlət xəstəxanalarında pullu tibbi xidmətin guya, ləğv olunduğu 5 illik təcrübə göstərir ki, hazırkı şəraitdə Azərbaycanda pulsuz tibbi xidmət nəinki mümkün deyil, əksinə, adi vətəndaşların da, bu həkimlərin də ziyanına işləyir. Səbəb isə odur ki, hər şeyin pulla ölçülüb-biçildiyi Azərbaycanda tibbi xidmət kimi insanlar üçün həyati əhəmiyyət daşıyan vacib bir sahə necə ödənişsiz ola bilər?! Bir ölkədə ki, dünyaya gələn insana verilən "Doğum haqqında şəhadətnamə"nin "şirinliyi" 50 manatdır, işə girmək, diplom almaq, mağaza açmaq – hər şey pulladır, onda xəstə canları sağaltmaq kimi həkimlərə necə pul verməyəsən? Bundansa, dövlətin inhisarında olan bütün səhiyyə müəssisələrinin özəlləşdirilməsi, əvəzində icbari tibbi sığortanın tətbiqi daha effektli olar. Onsuz da dövlət xəstəxanalarının maddi-texniki bazası aşağı səviyyədədir. Hətta o səviyyədəki dövlət xəstəxanalarının əksəriyyətində "NJU" deyilən kardioqramma aparatı yoxdur. "Lazernı polmb"lar da həmçinin. Ona görə də dövlət xəstəxanalarına müraciət edən xəstələri dəqiq müayinə etmək üçün özəl klinikalara göndərirlər. Elə peşəkar həkimlər də dövlət xəstəxanasından qaçıb özəl klinikalarda işləməyə daha çox üstünlük verməyə başlayıb. Yüksək maddi-texniki baza, maddi təminat, təmizlik…. Özəl klinikalarda bunlara ciddi fikir verilir. Dövlət xəstəxanalarında isə bunlar ya yoxdu, olanlar da zəifdir.

Bir məsələni də açıq danışmağın vaxtı çatıb: düzgün müayinə və müalicə olunmaq istəyən xəstənin əli cibində olmalıdır, indi Azərbaycanda səhiyyə sektoru o vəziyyətdədir ki, insanlar cibindəki pula həkimlərdən daha çox güvənir. Amma keyfiyyətli tibbi xidmət hamı üçün əlçatandırmı? Əsla! Keyfiyyətli xidmət üçün özəl klinikalara pul ödəməyə hamının imkanı çatmır. Pulsuz və pullu səhiyyə xidmətləri arasında fərqin olmaması nəticə etibarilə dövlətin də ziyanınadır. Axı, pulsuz tibbi xidmət adı altında dövriyyədə olan milyardlarla vəsait dövlətin büdcəsindən yayındırılır! Və ən pisi də odur ki, xəstələrlə həkimlər arasında oynayan bu vəsaitlər ölkədə tibbi xidmətlərin yaxşılaşmasına da gətirib çıxarmır.

Bəs, onda Səhiyyə Nazirliyinin dövlət xəstəxanalarında pullu tibbi xidməti ləğv etməkdə məqsədi nə idi? Bu islahatın 5-10 il sonrakı nəticəsi hesablanıbmı? Məlum olur ki, belə bir hesablama olmayıb. Olsaydı, pullu tibbi xidmətin bu şəkildə ləğvinin nə insanların sağlamlığında, nə də bütövlükdə səhiyyənin inkişafında heç bir rol oynamayacağı, əksinə vəziyyətin bir az da pisləşəcəyi proqnozlaşdırıla bilərdi.
Səhiyyə Nazirliyinin anadangəlmə şikəst "doğuzdurduğu" pulsuz tibbi xidmət qərarını diriltmək üçün bircə çıxış yolu var: icbari tibbi sığorta sistemini təcili şəkildə tətbiq etmək! Hansı ki "Tibbi sığorta haqqında" qanun düz 13 il əvvəl qəbul edilib. Üstəlik, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin fərmanı (30 dekabr 1999-cu il) da var. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı" isə Nazirlər Kabinetinin qərarı ilə 4 il əvvəl təsdiqlənib.

Bağla X