5 oktyabr məhbuslarının həbs müddəti uzadıldı

Dekabrın 3-də 5 oktyabr aksiyasına görə həbs olunan dindar Dadaş Vəliyevin həbs müddətinin uzadılmasından apellyasiya şikayəti verilib. Dindarın hüquqlarını müdafiə edən vəkil Fariz Namazov "Media forum" saytına bildirib ki, 3 uşaq atası olan Dadaş Vəliyevin ev dustaqlığına buraxılması tələbini qoyub.

Dekabrın 1-də Səbail Rayon Məhkəməsi 5 oktyabr aksiyasına görə saxlanılan 32 dindarın həbs müddətinin 2013-cü il fevralın 5-dək uzadılması haqqında qərar çıxarıb. Vəkilin sözlərinə görə, 32 dindarın məhkəmə prosesi bir gün davam edib, işə iki hakim baxıb: "Bir gün ərzində iki hakimin 30-dan çox adamın işinə baxması düzgün deyil. Orta hesabla bir işə baxılmasına üç-dörd dəqiqə düşür. Həmin müddətdə hakim tərəfləri dinləməli, müşavirə otağına getməli, qərar qəbul etməlidir. Məhkəməyə gətirilən bütün dindarların həbs müddətinin artırılması onu göstərir ki, bu iş obyektiv araşdırılmır, dindarlar qanunsuz həbs edilib".

Fariz Namazov onu da qeyd edib ki, ötən iki ay müddətində hüquqlarını müdafiə etdiyi şəxslə bağlı cəmi bir istintaq hərəkəti aparılıb: "Dadaş Vəliyevi mənim iştirakımla dindiriblər və o, özünü təsqirli bilməyib".

5 oktyabr aksiyası Bakıda, Təhsil Nazirliyinin binası qarşısında, orta məktəblərdə hicab yasağı əleyhinə keçirilib. Bakı Şəhər Prokurorluğu 5 oktyabr aksiyasında baş verənləri Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə araşdırır. Rəsmi məlumata görə, aksiya iştirakçıları 20 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

AzNews.az